Məhkəmə qərarları › İş №3(002)-1959/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1959/2025

30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1959/2025 30.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola və ona əlavə edilmiş materiallara əsasən, 02 sentyabr 2025-ci il tarixdə Binə Ticarət Mərkəzinin yaxınlığında tanışı Zərərçəkmiş şəxs alt dodağın selikli qişasının qansızması kimi sağlamlığa zərər vurmayan xəsarəti yetirməklə döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X3 bildirmişdir ki, təhqiqatçının cinayət işinin başlanmasını rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarı əsasında protokol tərtib etmişdir. Hadisə baş verən zaman Şəxs çevik polis alayının əməkdaşları tərəfindən saxlanılıb raportla şöbəyə təqdim olunmuş, lakin o, sonradan bölmədən qaçmışdır. Bundan sonra o, Abşeron Ticarət Mərkəzinin yaxınlığında saxlanılaraq şöbəyə gətirilib izahatı alınmışdır. Barəsində inzibati protokol tərtib ediləcəyi bildirilən zaman da sonuncu yenidən qaçdığı üçün mühafizə polisinin köməkliyi ilə xx.xx.2025-ci il tarixdə inzibati qaydada tutulmuş, məhkəməyə gətirilənədək də şöbədə saxlanılmışdır. Sonuncu dəfələrlə hüquqazidd hərəkətləri ilə Ticarət mərkəzində narahatlığa səbəb olmuş, digər vətəndaşların da dincliyini pozmuşdur. Tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində ən sərt inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirdi ki, Binə Ticarət Mərkəzində makler fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs kəndlisi olmaqla onunla tanışlıq münasibətləri vardır. xx.xx.2025-ci il tarixdə Binə TM-nin yaxınlığında yerləşən kafenin qarşısında olan zaman Elşən ilə rastlaşmış, söhbət zamanı aralarında sözlü mübahisə yaranmışdır. Onlar qarşılıqlı bir-birlərini itələmiş, o, yerə yıxılmışdır. Ayağa qalxdıqdan sonra əsəbləşdiyindən özündən asılı olmadan əli ilə itələmək istədikdə Elşən üzündən zərbə almışdır. Barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Suallara cavab olaraq bildirmişdir ki, inzibati xəta haqqında protokolla tanış olmuş, saxlanılan zaman hər hansı fiziki təzyiq və zorakılığa məruz qalmamışdır. Heç bir əlillik dərəcəsi yoxdur. Aralarında olan məsələyə aydınlıq gətirmək məqsədilə Elşənə o özü yaxınlaşmışdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, o, kafenin qarşısında olan zaman Tohid yaxınlaşıb qolundan tutub dartaraq ona “səninlə işim var” demişdir. Bu zaman Tohiddən ondan uzaqlaşmasını tələb etdikdə sonuncu onun üzünə yumruq atmışdır. Bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək onları bölməyə aparmışlar. Tohidlə barışmamış, onun barəsində sərt tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil işin hallarını nəzərə alaraq hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN 17955780 saylı inzbati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində Binə Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Nəvələrim” adlı kafenin yanında tanışı Zərərçəkmiş şəxs döymüşdür. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti sahə inspektoruna göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X4 canlı şəxsin ekspertizası 663 saylı, 12 sentyabr 2025-ci il tarixli ekspertin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarət – alt dodağın selikli qişasının qansızması bərk küt əşya təsirindən müayinədən bir günə qədər əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 29 sentyabr 2025-ci il tarixdə, saat 15:00-dən inzibati qaydada tutulmuşdur. Azemisdən əldə olunmuş məlumatlardan görünür ki, Şəxs əvvəllər də dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb olunmuşdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərar, ekspertiza rəyi və digər iş materialları ilə Şəxs zərərçəkmiş şəxsi döyərək qəsdən ona fiziki ağrı və dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən isə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati qaydada tutulduğu 29 sentyabr 2025-ci il tarixdən, saat 15:50-dən hesablanmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 29 sentyabr 2025-ci il tarixdən, saat 15:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar