Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-196/2025 06.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 11-ci PB-dan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, Şəxs qanunsuz hərəkətləri ilə bağlı keçmiş arvadı X4 ərizəsi əsasında polis bölməsinə dəvət edilərkən polis bölməsinə gəlməkdən imtina etdiyi və nalayiq söyüşlər söyərək əl-qol hərəkətləri ilə tabesizlik göstərərək polis işçilərinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən 11-ci PB-nin sahə inspektoru, polis mayoru X6 protokolu müdafiə edərək bildirmişdir ki, X7 ərizə ilə Qaradağ RPİ-nin 11-ci PB-ya müraciət edərək keçmiş həyat yoldaşı Şəxs onun yaşadığı ünvana gələrək mütəmadi olaraq onu narahat etdiyini və buna görə də onun barəsində tədbir görülməsini xahiş etmişdir. Ərizə ilə əlaqədar vətəndaş Şəxs polis bölməsinə dəfələrlə dəvət edilməsinə baxmayaraq o polis bölməsinə gəlməkdən imtina etmişdir. Buna görə də 11-ci PB-nın əməliyyat qrupu tərəfindən 06 fevral 2025-ci il tarixdə gecə radələrində Şəxs sərxoş vəziyyətdə küçədə münaqişə edərək nalayiq söyüşlər söydüyünü aşkar edib onu polis bölməsinə dəvət etmişlər. Şəxs polis bölməsinə gəlməkdən imtina etmiş və bölməyə gətirilərkən növbətçi hissənni qarşısında sərxoş halda polisin ünvanına nalayiq ifadələr işlədərək özünə xəsarətlər yetirməyə başlamış və polisin qanuni tələblərinə qəsdən tabe olmayaraq növbətçi hissənin iş rejimini pozmuşdur. Odur ki, Şəxs barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X7 öz izahatında göstərmişdir ki, Şəxs onun keçmiş həyat yoldaşı olmuş və onlar ayrılmaqla bir yerdə yaşamırlar. Lakin buna baxmayaraq İqbal mütəmadi olaraq sərxoş vəziyyətdə onun yaşadığı mənzilə qanunsuz daxil olaraq ona narahatçılıq yaradır. Sonuncu dəfə 05 fevral 2025-ci il tarixdə İqbal yenə də onun yaşadığı mənzilə qanunsuz daxil olmuş və qapını da sındırmışdır. Ona görə də məcbur olub polisə ərizə ilə müraciət etmişdir. Şəxs polislərin gəlməyindən xəbər tutaraq qaçıb gizlənmiş və sonradan polislər tərəfindən yaxalanmışdır. Odur ki, bu barədə ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında törətdiyi əməli qismən etiraf edərək göstərmişdir ki, keçmiş həyat yoldaşı X7 ilə barışmaq üçün onun yaşadığı mənzilə getmiş, lakin Yeganəyə qarşı heç bir qanunsuzluq etməmiş və heç bir əşyanı sındırmamışdır. Polis əməkdaşları onu saxlayarkən sərxoş olduğu üçün necə rəftar etməsini xatırlamır. Bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyəyn edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq polisin iş rejimini pozmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair” 06 fevral 2025-ci il tarixli, 2/6878 nömrəli protokoldan aydın olur ki, Şəxs həmin gün gecə saat 02:50-də müayinədən keçirilərkən onda “orta dərəcə” alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarında olan 06 fevral 2025-ci il tarixli polis əməkdaşlarının raportundan və aktdan aydın olur ki, Şəxs 06 fevral 2025-ci il tarixdə saat 01:20 radələrində Qobustan qəsəbəsində sərxoş vəziyyətdə nalayiq küçə söyüşləri və əl-qol hərəkətləri atdığı zaman polis əməkdaşları tərəfindən nizam-intizama dəvət edilsə də onların qanuni tələblərinə qəsdən tabe olmamış və polis bölməsində olarkən polisin ünvanına nalayiq ifadələr işlədərək özü-özünə xəsarətlər yetirmişdir. İş materiallarına əlavə edilmiş X4 11-ci Polis bölməsinə ünvanladığı ərizəsində göstərilmişdir ki, onun keşmiş həyat yoldaşı 05 fevral 2025-ci il tarixdə onun yaşadığı ünvana gələrək mütəmadi olaraq onu narahat edir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş 06 fevral 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 06 fevral 2025-ci il tarixdə saat 01:30-da tutulmuşdur. Odur ki, bu hal İXM-nin 30.3-cü maddəsinə tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin.
2. Şəxs təyin edilmiş inzibati həbs müddətinin əvvəli inzibati qaydada faktiki saxlanıldığı vaxtdan yəni, 06 fevral 2025-ci il tarixdən saat 01:30-dan hesablansın. 3.X2 izah edilsin ki, Şəxs ona qarşı etdiyi hüquqazidd hərəkətləri və vurduğu maddi ziyanla bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququna malikdir. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 11-ci PB-na həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov