Məhkəmə qərarları › İş №3(002)-198/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-198/2025

07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-198/2025 07.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material baxılması üçün Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs qanunsuz olaraq narkotik maddənin istehlakı ilə məşğul olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis kapitanı X2 öz izahatında protokolu müdafiə edərək, təmin edilməsini və həmin protokolun 23 yanvar 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar əsasında tərtib edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, 2024-cü ilin dekabr ayının 31-də bayramla əlaqədar valideynlərinin və yaxın qohumlarının yaşadığı Kürdəmir rayonu, Qaraqocallı kəndinə getmiş və orada tanımadığı şəxsdən 10 manata marixuana alıb istifadə etmişdir. Bundan sonra narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, həmin material mahiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Kürdəmir rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından və işdə olan sənədlərdən aydın olur ki, Şəxs narkotik vasitədən Kürdəmir rayonu ərazisində istifadə etmişdir. Eləcə də nəzərə alınmalıdır ki, İXM-in 206-cı maddəsində qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi uzanan inzibati xəta kimi qiymətləndirilsə də, onların istehlakı uzanan inzibati xəta kimi qiymətləndirilə bilməz. Odur ki, hazırkı materiala xətanın aşkar edildiyi yer üzrə deyil, məhz inzibati xətanın törədildiyi yer üzrə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinin tələbindən aydın olur ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 110 və 129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material ərazi aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar