Məhkəmə qərarları › İş №3(002)-2/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində (bundan sonra-Şəxs ASC) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə MN ******* nömrəli, 17 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Qaradağ rayon məhkəməsinin 3(002)-974/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi xx.xx.2022-ci il tarixdə apelyasiya şikayəti verdiyindən inzibati material baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-2834/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Qaradağ rayon məhkəməsinin 3(002)-974/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün məhkəməyə qaytarılmışdır. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 protokola etiraz edərək çıxışında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi Şəxs Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci, 266.2-ci, 264.0.1-ci maddələrinin tələblərinin pozulması nəticəsində törədilmiş İnzibati xəta ilə əlaqədar təqsirli bilərək xx.xx.2022-ci tarixli MN ******* nömrəli protokol tərtib etmişdir. Hesab edir ki, protokol əsassız sayılaraq ləğv edilməli və icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.4.3-cü maddəsinə əsasən nümayəndənin etiraz vermək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, protokolda qeyd edilənlər həqiqətdən kənardır və Şəxs Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər hansı inzibati xətaya yol verilməmişdir. Protokol tərtib olunan zaman Şəxs ASC-yə məlumat verilməmiş, qeyd olunan ünvanda Şəxs ASC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş və bu hal protokolda öz əksini tapmışdır. Halbuki, protokol tərtib edilərkən nümayəndənin iştirakı təmin edilməli idi. Həmçinin protokolda nümayəndənin iştirak etmədiyi qeyd olunsa da, digər tərəfdən prtokolda tərtib edilmiş protokolun nüsxəsini götürülməkdən imtina edilməsi qeyd edilmişdir. Bu da protokolun prosessual normalarının pozulması ilə tərtib edildiyini sübut edir. Bundan əlavə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 1.1.2-ci maddəsinə əsasən sahibkar dedikdə - əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən mənfəət götürülməsi olan hüquqi və fiziki şəxslər başa düşülür. Şəxs ASC-nin Nizamnaməsinin 3.1ci bəndinə əsasən Cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikasının yaşayış məntəqələrində aidiyyəti üzrə sosial-iqtisadi sifarişlərin yerinə yetirilməsi və ictimai tələbatın ödənilməsi üçün məhsul istehsal etmək, iş yerinə yetirmək, xidmət göstərmək və mənfəət əldə etməkdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi yoxlamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin yoxlamaların vahid məlumat reyestrində qeydiyyatını apararaq çıxarış almalı və sonra yoxlamanı aparmalı idi. İşə əlavə edilmiş materiallardan da göründüyü kimi iş materiallarında belə bir çıxarış mövcud deyildir. Buna görə də aparılmış yoxlamanın və bunun nəticəsində tərtib edilmiş protokolun hüquqi nəticəsi yoxdur. Yuxarıda qeyd olunanlara əsasən təmsil etdiyi hüquqi şəxs Şəxs ASC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci tarixli MN ******* nömrəli protokolun ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, protokol tam əsaslıdır. Belə ki, monitorinq nəticəsində Şəxs ASC-nin Xəzər dənizinə çirkab su axıtdığı müəyyən edilmişdir. Çirkab suyun axıdılması X7 Monitorinq İdarəsinin bülleteninə əsasən müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 68099 nömrəli, 17 may 2022-ci il tarixli aktdan görünür ki, 10-17 may 2022-ci il tarixində Bakı şəhəri Qaradağ rayonu Sahil, Ümid, Səngəçal və Qobustan qəsəbələrində yoxlama aparılmışdır. X7 Monitorinq İdarəsi tərəfində "Xəzər dənizinin ekoloji vəziyyəti barədə" (Qaradağ rayonu Sahil zolağının ekoloji vəziyyəti) daxil olmuş xx.xx.2022-ci il tarixli bülletendə qeyd olunanlar tərəflərindən İdarənin xx.xx.2022-ci il tarixli BD seriyalı 053 saylı sərəncamına əsasən yerində araşdırılmışdır. Araşdırma zamanı "xxxx" ASC-nin balansında olan qurğunun istifadə edilməməsi, Lökbatan qəsəbəsi ərazisində olması planlaşdırılan təmizləyici qurğunun istismara verilməməsi tərəflərindən müəyyən olunmuşdur. Həmçinin araşdırma zamanı Qobustan, Səngəçal, Ümid, Sahil qəsəbələrində yaşayan vətəndaşlara kanalizasiya xidmətlərinin göstərilməsi məqsədilə rüsum yığılmasına baxmayaraq hər hansı bir təmizlənmə aparılmadan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılması müəyyən olunmuşdur. Qeyd olunanlar ilə əlaqədar olaraq araşdırmada səlahiyyətli nümayəndələrinin iştirak etməsi məqsədi ilə "xxxx" ASCyə göndərilmiş dəvət məktubu və telefonaqramadan sonra nümayəndə qismində iştirak edən "xxxx" ASC-nin tullantı su şəbəkələrinin istismarı şöbəsinin nümayəndələri, mühəndis X5 və Xaliq adlı şəxsə bülletendə qeyd olunan qanun pozuntularının aşkar olunduğu ərazilərə birgə baxış keçirilməsi təklif olunsa da, onlar şifahi şəkildə səlahiyyətlərinin olmadığını bildirərək, yazılı izahat verməkdən, araşdırmada iştirak etməkdən və tərtib olunacaq sənədlərə imza etməkdən imtina etmişlər. Tərəflərindən nümayəndələrə mövcud faktlarla əlaqədar çirkab suların təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılmasına görə "xxxx" ASC barəsində akt və protokol tərtib ediləcəyi bildirilmişdir. Araşdırma müddətində əldə olunan sənədlər və ərazidən çəkilən fotoşəkillər akta əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.1-ci maddəsinə əsasən Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə- fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 266.2-ci maddəsinə əsasən Tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə - vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəfin izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş Şəxs ASC barəsində MN ******* nömrəli 17 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki,Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib etmiş orqan inzibati xəta hadisələrinin Şəxs ASC tərəfindən törədilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli, 68099 saylı akt əsasında təsdiq edilməsini qeyd etmişdir. Lakin məhkəməyə təqdim edilmiş akta əsasən "xxxx" ASC-nin balansında olan qurğunun istifadə edilməməsi, Lökbatan qəsəbəsi ərazisində olması planlaşdırılan təmizləyici qurğunun istismara verilməməsi qeyd olunsa da məhz hansı qurğunun istifadəyə verilməli olduğu, həmin quğunun xüsusilə harda quraşdırılmasının nəzərdə tutulması barədə məlumat qeyd olunmamışdır. Bundan əlavə həmin suların tullantı su olmasını təsdiq edən laboratoriya nəticəsi də iş materialına əlavə olunmamış, məhkəməyə təqdim olunmuş fotoşəkillər üzrə isə Xəzər dənizinə axıdıldığı qeyd olunan suyun tullantı suları olmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.1, 266.1 və 266.2-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar