Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2002/2023 20.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə MN ******* nömrəli, 13 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "xxxx" Ticarət Mərkəzi ünvanında 13 sentyabr 2023cü il tarixdə, saat 12:35-də “Artel Shivaki” adlı obyektin üzərində olan reklamların müvafiq icazəsi olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası X4 Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası X4nin Bakı Şəhəri Reklam İdarəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, "xxxx" ticarət mərkəzi ünvanında yerləşən “Artel Shivaki” adlı obyekin üzərində "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinin pozularaq müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirildiyi aşkar edilmiş və bu barədə 24 may 2023-cü il tarixli akt tərtib edilmişdir. Daha sonra 02 iyun 2023-cü il tarixdə Şəxs MMC-yə rəsmi qaydada sürətli poçt vasitəsilə “müvafiq qanun pozuntularının aradan qaldırılması barədə icrası məcburi olan göstəriş ünvanlanmış və həmin göstəriş 03 iyun 2023-cü il tarixdə “Ramazanova Xatirə” adlı şəxs tərəfindən qəbul edilmişdir. Lakin buna baxmayaraq qanunla müəyyən edilmiş qaydada və müddətdə göstərişin icrası təmin edilməmişdir. Göstərişdə "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununun 26cı maddəsini və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3-cü bəndini rəhbər tutaraq 24 may 2023-cü il tarixli Aktda qeyd olunan qanun pozuntularının 5 gün ərzində aradan qaldırılması şirkətdən tələb edilmiş, icrası məcburi olan göstərişin alındığı vaxtdan 5 gün ərzində açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün Bakı Şəhəri Reklam İdarəsinə müraciət etmələri və ya icazəsiz reklam yayımını dayandırmaları tələb olunmuşdur. Lakin MMC tərəfindən müvafiq göstəriş alındıqdan sonra nəzərdə tutulan müddətdə pozuntu aradan qaldırılmamışdır. Nəticədə 13 sentyabr 2023-cü il tarixdə, MN ******* nömrəli protokol tərtib edilmişdir. Odur ki, Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs MMC-yə təkrarən məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbələri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədə müvafiq hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və Şəxs MMC tərəfindən təqdim edilmiş 19 oktyabr 2023-cü il tarixli etirazda qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 428.7.1 maddəsi ilə inzibati xəta törədilməsi ilə bağlı protokola tam etiraz edirlər və bildirirlər ki, inzibati xəta hadisəsi yoxdur və eyni zamanda onlara heç bir aidiyyatı yoxdur. 1. Belə ki, həmin yazı onlar tərəfindən asılmamışdır və həmin yazı üç ildən çoxdur ki, orada vardır 2.Onların mağazası Sədərək Firmasına məxsus olan ticarət mərkəzinin daxilində yerləşir və küçəyə ünvanlanmamışdır. Heç bir avtomagistraldan görünmür. 3. Ticarət mərkəzi qapalı ərazidə yerləşir. 4.Ərazidə daxili qaydalar tətbiq olunmaqla iş vaxti saat 09-00-da başlamaqla 17- 00-da başa çatır. 5.İnzibati protokol və ona qədər olan məktub onlar tərəfindən alınmamışdır. 6.İnzibati xətanın onlara aidiyyatı yoxdur və bu barədə "xxxx" Firmasından soruşulmalıdır. Deyilənləri nəzərə alaraq etiraz bildirməklə inzibati xəta haqqında protokolu ləğv edərək icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə, tərəfin izahatını və işdə olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, “Reklam haqqında” Qanunun 2.0.1-ci maddəsində göstərilir ki, reklam – reklam istehlakçısının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumatdır. Həmin Qanunun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsində göstərilir ki, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyrikommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi”nə dair Qaydaların 1.3-cü bəndində göstərilmişdir ki, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. 1.4. Açıq məkanda reklam daşıyıcısı dedikdə, reklamın istehlakçıya çatdırılması üçün istifadə olunan daşınmaz və daşınar (o cümlədən ixtisaslaşdırılmış stasionar və səyyar reklam qurğuları) əmlak nəzərdə tutulur. 1.5.Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin fəaliyyət göstərdiyi mağaza açıq məkan sayılmayan "xxxx" firmasının daxilində yerləşməklə mübahisələndirilən «Artel Shivaki» yazısı qapalı məkan sayılan "xxxx" firmasının həyətinə ünvanlanmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı Reklam Agentliyi tərəfindən göndərilən bildirişin Şəxs MMC tərəfindən almasına dair hər hansı bir sübut aşkar edilməmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati araşdırma aparılan şəxsin inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun hüquqları təmin edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş 13 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətməsi ehtimal olunan Şəxs MMC-nin pozuntunun aşkar edildiyi vaxt, (o cümlədən protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Qeyd olunan protokolda faktın 13 sentyabr 2023-cü il tarixdə aşkar edildiyi qeyd edilsə də iş materiallarında olan aktdan məlum olur ki, qeyd olunan fakt 24 may 2023-cü il tarixdə aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; Həmin Məcəllənin 8.3-cü maddəsində göstrilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Bakı şəhəri Reklam İdarəsindən daxil olmuş Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2002/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2002/2023
20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver