Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2003/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 oğlunun, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X4 iştirakları ilə, «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində tərtib edilmiş 06 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 04-xx.xx.2023-cü il tarixdə «X5» Məhdud Məsuliyyətli Cəmiyyətində ətraf mühitə atılan tullantıların qarşısının alınması üçün təmizləyici qurğuların olmadığı və atmosfer havasına atılan tullantıların miqdarının yol verilə bilən normativlərdən artıq olduğu müəyyən edilmişdir. Nəticədə «X5» MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmənin 09 oktyabr 2023-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və X10 Monitorinq İdarəsinin əməkdaşları "xxxx" MMC barəsində protokol tərtib etməklə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası 20 oktyabr 2015-ci il tarixli 1410-İVQ nömrəli Qanununun tələblərini pozmuşdurlar. Belə ki, adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2024-cü il yanvarın 1dək dayandırılır. Qanunun 2.1-ci maddəsində isə Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən maddənin məğzindən görünür ki, yoxlamaların aparılması mümkün olan sahələrin siyahısında ekologiya sahəsində yoxlamaların aparılması nəzərdə tutulmamışdır. Həmin Qanunun 3.1-ci maddəsində adı çəkilən Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsinin olmaması qeyd edilmişdir. Həmçinin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 82345 saylı aktı 06 sentyabr 2023-cü il tarixdə tərtib olunmasına baxmayaraq inzibati xəta haqqında ******* saylı protokol iki gün sonra 08 sentyabr 2023-cü il tarixdə tərtib olunmuşdur. Belə ki, AR Ínzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsində isə işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməsi qeyd edilmişdir. Halbuki aktda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində bütün məlumatlar (hüquqi şəxsin adı,təşkilati-hüquqi forması, VÖEN) öz əksini tapmış, hətta işin hallarına dair zəruri bütün sənədlər tərəfimizdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təqdim edilmiş və bu faktlar aktda öz əksini tapmışdır. Bu səbəbdən hesab edirik ki, əlavə araşdırmaya heç bir əsaslı zəruriyyət olmadığı halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xətanın törədilməsi faktını aşkar etdikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib etməməklə qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Digər bir tərəfdən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İnzibati xəta haqqında" MN ******* nomrəli 08 sentyabr 2023-cü il tarixli X7 Məcəlləsinin 100.1.8-ci maddəsinin (inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) va növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar) tələblərini pozmaqlar tərtib olunmuşdur. Belə ki, protokolda yuxarıda qeyd edilən məlumatlardan heç biri öz əksini tapmamışdır. Həmçinin, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 3(002)-1445/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə "X5" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10500 (on min beş yüz) manat məbləğində cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsində qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hesab edir ki, "X5" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh edilməsi barədə hakimin qərarı olduğu halda təkrarən məhz eyni fakt üzrə inzibati xətalar haqqında iş üzrə icraat başladıla bilməz və qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X9 Agentliyi tərəfindən "xxxx" MMC-yə verilmiş və 26 noyabr 2023-cü il tarixədək qüvvədə olan "Atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə icazə" sənədində Karbon oksidi (CO) çirkləndirici maddəsinin illik tulantı miqdarı 1658.250 ton olaraq təyin olunmuş və 2023-cü ilin 1-ci yarımilliyi ərzində bu tullantının hesablanmış miqdarı 442.108 ton olmuşdur ki, bu da ümumi icazə verilən miqdarın 26.7%ni təşkil edir. İlk yarımillikdə tullantı miqdarının az olması ölkə ərazisində il boyu suyun bol olması və ölkə ərazisində elektrik enerjisinə olan tələbatının çox hisssəsinin su elektrik stansiyaları tərəfindən ödənilməsi və bu səbəbdən də "xxxx" MMC-nin fəaliyyətinin bu ilin fevral ayının sonundan iyul ayının sonunadək stnasiyanın tam olaraq ehtiyatda olması ilə izah edilir. Bundan əlavə bildirmişdir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta aşkar olunarkən xüsusi texniki vasitədən istifadə olunmasına baxmayaraq tərtib edilmiş inzibati xəta haqqında protokolda həmin texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi və tarixi qeyd edilməmişdir. Həmçinin 06 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol şirkətin ünvanına göndərilməmişdir. Göstərilənlərə əsasən, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya natamamlıqla bağlı geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 16 oktyabr 2023-cü il tarixli iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, Səngəçal ərazisində fəaliyyət göstərən zavodun havaya qara tüstü buraxması ilə bağlı Qızıldaş qəsəbə sakini tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 çağrı mərkəzinə müraciət daxil olmuşdur. Bununla əlaqədar idarənin əməkdaşları tərəfindən Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin çıxarışı əsasında araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı iki fakt üzrə qanun pozuntusu aşkar olunmuşdur. Bunlardan biri müəssisədə atmosferə atılan zərərli maddələrin qarşısını almaq üçün qaztəmizləyici qurğunun olmaması, digər hadisə ölçmə işləri aparılıb atmosfer havasına atılan tullantıların, zərərli qaz qarışıqlarının miqdarının ayırd edilməsi məqsədilə X10 Monitorinq İdarəsi tərəfindən ölçmə işləri aparılmış və atılan tullantıları, zərərli maddələrin normadan artıq olduğu müəyyən edilmişdir. Bununla da, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci və 237.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, atmosfer havasında olan zərərli qaz qarışıqlarının miqdarının normadan artıq olmasını vizual baxışla müəyyən etmək mümkün olmadığından xüsusi texniki vasitələrdən istifadə edilir. Bu sahədə səlahiyyətli orqan X10 Monitorinq İdarəsidir. Onların mütəxəsisləri tərəfindən səyyar labarotoriya vasitəsilə ölçmə işləri aparılmış, nəticələrə əsasən CO (dəm qazı)- 6935 mkq/m3 (norma – 5000 mkq/m3), NO(azot-2oksid)-528 mkq/m3 (norma-400mkq/m3) təşkil edərək ətraf mühit üçün yol verilən hədd daxilindən artıq olduğu müəyyən edilmişdir. Ölçmə işləri zamanı Avropa üçün ətraf havanın keyfiyyəti və daha təmiz hava üzrə Avropa Parlamenti və Şurasının Direktivi (21 may 2008-ci il tarixli 2008/201 EC) standartları əsas götürülmüşdür. Məhkəmənin 19 oktyabr 2023-cü il tarixli iclasında mütəxəssis qismində məhkəməyə çağırılmış Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X2 və XMOTƏİ Departamentinin laboratoriya müdiri X1 cavab olaraq bildirmişdir ki, 05 sentyabr 2023-cü il tarixdə Mobil laboratoriya vasitəsilə monitorinq aparılmışdır. Yoxlamalar zamanı bir gün ərzində təxminən 3-4 saat ərzində atmosfer qatında olan zərərli qazlar ölçülür. 05- 06 sentyabr tarixlərdə akt tərtib edilərkən orada şəxsən özü iştirak etməmişdir. Bundan başqa bildirir ki, ölçmə hasar tərəfdən 15-20 metr məsafədə aparılır. Məhkəmə proses iştirakçılarının izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən inzibati xəta aşkar olunarkən xüsusi texniki vasitədən istifadə olunmasına baxmayaraq tərtib edilmiş inzibati xəta haqqında protokolda həmin texniki vasitənin göstəricisi, tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi və tarixi qeyd edilməmişdir. Həmçinin 06 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göndərilməsini təsdiq edən sənədlər (poçt göndərişinin verilməsi haqqında xəbərnamə) iş materiallarına əlavə edilməmişdir. Protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Lakin protokolda xüsusi əhəmiyyət kəsb etməyən səhvlər olduqda və işə baxılarkən onları tamamlamaq mümkün olduqda məhkəmə protokolu geri qaytarmamalıdır. Bu zaman məhkəmə protokolu və ya digər sənədləri tərtib etmiş orqandan, vəzifəli şəxsdən bunu düzəltməsini tələb edə bilər. Bu, İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərindən də irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qanunvericinin məsələyə belə yanaşması məhz “prosessual qənaət” prinsipinin qorunmasına, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılması prinsipinin və son nəticədə ədalətli məhkəmə araşdırılmasının təmin edilməsinə xidmət edir. Bu, öz növbəsində, inzibati xətalar qanunvericiliyinin prinsiplərinə də uyğundur. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir.( Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 may 2019-cu il tarixli qərarı). Odur ki, qeyd olunanları məhkəmə inzibati xəta haqqında materialın natamamlığı kimi qiymətləndirməklə işə baxılarkən bu natamamlığın aradan qaldırılmasını qeyrimümkün hesab edir və belə olduğu təqdirdə məhkəmənin gəldiyi qənaətə görə «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X5» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2003/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2003/2023
19.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver