Məhkəmə qərarları › İş №3(002)-2008/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2008/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2008/2023 20.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1982-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Beyləqan rayonu, Tatalılar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş 20 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 19 sentyabr 2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında Qaradağ RPİ-nin DYPŞ-nin YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, Xocahəsən yolu ilə hərəkət edərkən yol patrul xidməti əməkdaşları ona saxla işarəsi vermələrinə baxmayaraq, o, saxla işarəsini görməmiş, fikirli olduğu üçün nəqliyyat vasitəsini saxlamadan hərəkətinə davam etmişdir. Yalnız təxminən 500 metr getdikdən sonra yol patrul xidməti avtomobili onun idarə etdiyi yük maşınının qarşısına keçdikdən sonra saxlamışdır. Bundan sonra yük avtomobili tərəziyə aparılmış və daşıdığı yükün çəkisinin icazə verilən normadan artıq olduğu məlum olmuşdur. Buna görə onun barəsində 600 manat miqdarında cərimə tətbiq edilmişdir. Törətdiyi əməldən peşmandır. Qeyd etdiklərini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 19:30 radələrində polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmış, ona qarşı fiziki təzyiq və zorakılıq göstərilmişdir. Məhkəmə iclasında müdafiəçinin hüquqi yardımından istifadəsindən imtinaya səbəb onun maddi vəziyyəti ilə bağlı olmadığını, əlilliyi olmayan şəxs olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin DYPŞ yol patrul xidməti inspektoru, polis baş serjantı X2 izahatında bildirmişdir ki, Qaradağ rayonu, Xocahəsən yolu istiqamətində hərəkətdə olan “Kamaz” markalı yük avtomobilinin sürücüsünə yük daşıma qaydalarını pozduğuna görə saxla əmri verilmiş, lakin sürücü saxla əmrinə məhəl qoymayaraq hərəkətini davam etdirmişdir. Bir qədər irəlilədikdən sonra təkrar saxla əmri verilmiş o, yenidən saxla əmrinə məhəl qoymamışdır. Bundan sonra yolda yaranmış tıxac nəticəsində yük avtomobilini saxlamaq mümkün olmuşdur. Həmin yük avtomobilinin sürücüsünə yaxınlaşaraq özünü təqdim etmiş, törətdiyi qayda pozuntusu ona izah edilmişdir. Lakin, yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsindən düşməyərək tabesizlik göstərmiş, ona yük avtomobilinin tərəziyə aparılacağı, ordan isə duracağa təmin olunacağı bildirilmişdir. Buna baxmayaraq sürücü avtomobildən düşməmiş və duracağa getməyəciyini bildirmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Ramil Salayevə ünvanlanmış 19 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, 19 sentyabr 2023-cü il tarixdə 258 saylı avtopatrulda xidmət apararkən Qaradağ rayonu, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında hərəkətdə olan Kamaz markalı, 37BA428 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsünə yük daşıma qaydasını pozduğu üçün saxla əmri verilmiş, lakin sürücü buna məhəl qoymayaraq sürücü hərəkətini davam etdirmişdir. Biraz irəlilədikdən sonra tıxac nəticəsində avtomobili dayandırmaq mümkün olmuşdur. Polis əməkdaşı sürücüyə yaxınlaşaraq özünü təqdim etmiş və qayda pozuntusunu izah etmişdir. Sürücüyə avtomobilin yolun hərəkət hissəsindən çəkməsini, tabesizlik etməməsi bildirilmişdir. Sürücü avtomobili yolun hərəkət hissəsində saxlayaraq tabesizlik göstərməyə davam etmişdir. Həmin ünvana yaxınlıqda olan digər YPX naryadları dəvət edilmişdir. Sürücü avtomobildən düşdükdən sonra tabesizliyini davam etdirmişdir. Daha sonra yük avtomobili tərəziyə aparılmış və daşıdığı yükün çəkisinin icazə verilən normadan artıq olduğu məlum olmuşdur. Şəxs Polis Şöbəsinə dəvət edilərək barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. İş materiallarında olan tutma haqqında 19 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:30 radələrində tutulmuş, 20 sentyabr 2023-cü il tarixdə saat 09:00-da azad edilmişdir. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 sentyabr 2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında Qaradağ RPİ-nin DYPŞ-nin YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materialında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Qaradağ rayonu, Meyvəli Ticarət Mərkəzinin yaxınlığında hərəkətdə olan Kamaz markalı, 37BA428 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsünə yük daşıma qaydasını pozduğu üçün saxla əmri verilmiş, lakin sürücü buna məhəl qoymayaraq nəqliyyat vasitəsini idarə etməyə davam etrmişdir. X7 xidmətinin əməkdaşları tərəfindən xüsusi müdaxilə nəticəsində nəqliyyat vasitəsini dayandırmaq mümkün olmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 19 sentyabr 2023cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidin izahatları, videogörüntünün qeydə alındığı CD disk, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 19 sentyabr 2023-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli Ticarət Mərkəzində Kamaz markalı, 37BA428 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkət edən zaman polis əməkdaşları tərəfindən saxlanılarkən onların qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin iş üzrə 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar