Məhkəmə qərarları › İş №3(002)-2014/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2014/2023

02.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2014/2023 02.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Ukrayna Respublikasının vətəndaşı Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin 20 sentyabr 2023-cü il tarixli 10000-00089/23 nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin istintaq şöbəsində Ukrayna Respublikası vətəndaşı Şəxs barəsində araşdırması aparılmış 3-33/1- 029767/2023 nömrəli material üzrə xx.xx.2023-cü il tarixdə qəbul edilmiş "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar ilə sonuncunun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsinin tərkib əlamətləri olduğundan materiallar ayrılaraq baxılması üçün aidiyyəti üzrə Təhqiqat şöbəsinə verilmişdir. 3-33/1-029767/2023 nömrəli materialdan ayrılmış sənədlərdən görünür ki, Ukrayna Respublikasının vətəndaşı Şəxs əldə etdiyi az miqdarda, yəni ümumilikdə 725 manat dəyərində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 10 qutu "X11 Blue", 10 qutu "X10", 10 qutu "parker&simpson SSL-Line Green", 10 qutu "west red", 10 qutu "West Silver", 40 qutu "X12", 30 qutu "Marlboro", 20 qutu "X10", 30 qutu "X9" və 10 qutu "L&M X7 Cut" markalı siqaretləri, həmçinin 5 ədəd 0,5 litrlik "Kasakctan" markalı konyakı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi "Volvo" markalı AO2060HC/AO3107XP dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinin kabinanın yuxarı hissəsində olan əşyaları qoymaq üçün nəzərdə tutulmuş boşluqda, yataq yerində və kabinada yataq hissəsində olan çantanın içərisində qırmızı parçaya bükülü şəkildə 14 avqust 2023-cü il tarixdə saat 12:00 radələrində Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gizlədərək keçirmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2023-cü il tarixli, 3-16-16/2-6/4415-7/1177-9/6380 saylı rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 10 qutu "X11 Blue", 10 qutu "X10", 10 qutu "parker&simpson SSL-Line Green", 10 qutu "west red", 10 qutu "West Silver", 40 qutu "X12", 30 qutu "Marlboro", 20 qutu "X10", 30 qutu "X9", 10 qutu "L&M X7 Cut" markalı siqaretlərin və 5 ədəd hər biri 0,5 litrlik "Kasakctan" markalı konyak markalı spirtli içkilərin ümumilikdə xx.xx.2023-cü il tarixinə olan orta bazar qiyməti 725 manat müəyyən edilir. Həmçinin rəydə qeyd olunur ki, 1 qutu "X11 Blue", 3 qutu "X10", 1 qutu "parker&simpson SSL-Line Green", 1 qutu "west red", 1 qutu "West Silver", 4 qutu "X12", 3 qutu "Marlboro", 3 qutu "X9", 1 qutu "L&M X7 Cut" markalı siqaret və 1 ədəd "Kasakctan" markalı konyak ekspertiza tədqiqatına sərf edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyinin "malların anbara qəbul edilməsi haqqında" xx.xx.2023-cü il tarixli 147S/2023 nömrəli aktından görünür ki, 9 qutu "X11 Blue", 17 qutu "X10", 9 qutu "parker&simpson SSL-Line Green", 9 qutu "west red", 9 qutu "West Silver", 36 qutu "X12", 27 qutu "Marlboro", 27 qutu "X9", 9 qutu "L&M X7 Cut" markalı siqaret və 4 ədəd hər biri 0.5 İt olan "Kasakctan" markalı konyak Birliyin anbarında saxlanca qəbul edilmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə bu az miqdarda olduqda Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 479-cu maddəsinin "Qeyd" hissəsində qeyd olunur ki, bu Məcəllənin 479- 481, 482.1, 482.2 və 482-1-ci maddələrində "az miqdarda olduqda" dedikdə, əlli min manatadək olan məbləğ başa düşülür. Nəticədə Ukrayna Respublikasının vətəndaşı Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin 480-ci nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, törədiyi əməldən peşmandır, məhkəmə tərəfindən malların müsadirə olunması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin səlahiyyətli nümayəndənin iştirakı təmin edilməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64-cü maddəsinə əsasən işə Əməliyyat-İstintaq Baş Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 480-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan aşkar edilərək götürülmüş əşyalara baxış keçirilməsi haqqında 15 avqust 2023-cü il tarixli protokoldan görünür ki, 14 avqust 2023-cü il tarixində "Azərbaycan" gəmi-bərəsi ilə Qazaxıstan Respublikasından Azərbaycana gələn Ukrayna Respublikası vətəndaşı Şəxs Mixayloviçə məxsus olan və "Volvo" markalı "AO-2060- HC/AO-3107-XP" dövlət nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş əşyalara "Azərterminalkompleks" X4 və Enerji Resursları Baş Gömrük İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postuna təhkim edilmiş mühafizəçi, gömrük xidməti kiçik-leytenantı X2 iştirakları ilə baxış keçirilmişdir. Baxış zamanı, Ukrayna Respublikası vətəndaşı Şəxs Mixayloviçdən götürülmüş əşyaların 1 blok (10 qutu) "X11 Blue", 3 blok (30 qutu) “X10", 1 blok (10 qutu) "Parker&Simpson SSL-Line Green", 1 blok (10 qutu) "West Red", 1 blok (10 qutu) "West Silver", 4 blok (40 qutu) "X12", 3 blok (30 qutu) "Marlboro", 3 blok (30 qutu) "X9", 1 blok (10 qutu) "L&M X8 Cut" markalı siqaret, 5 ədəd hər biri 0,5 litrlik "Kasakctan" markalı konyakdan ibarət olduğu müəyyən olunmuşdur. İş materiallarında olan məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2023-cü il tarixli 3-16-16/2-6/4415-7/1177-9/6380 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilmiş "X11 Blue" markalı 10 qutu siqaretin ümumi qiyməti 25 manat, “X10" markalı 30 qutu siqaretin ümumi qiyməti 75 manat, "Marlboro" markalı 10 qutu siqaretin ümumi qiyməti 70 manat, "West Red" markalı 10 qutu siqaretin ümumi qiyməti 30 manat, "West Silver" markalı 10 qutu siqaretin ümumi qiyməti 30 manat, "X12" markalı 40 qutu siqaretin ümumi qiyməti 100 manat, "Marlboro" markalı 30 qutu siqaretin ümumi qiyməti 210 manat, "X9" markalı 30 qutu siqaretin ümumi qiyməti 75 manat, "L&M X8 Cut" markalı 10 qutu siqaretin ümumi qiyməti 50 manat, "Kasakctan" markalı 5 ədəd konyakın ümumi qiyməti 60 manat olmaqla, 14 avqust 2023-cü il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 725 manat müəyyən edilmişdir. İş materiallarında olan malların anbara qəbul edilməsi haqqında 11 sentyabr 2023-cü il tarixli, 147 S nömrəli aktdan görünür ki, 9 qutu "X11 Blue", 27 qutu “X10", 9 qutu "Parker&Simpson SSL-Line Green", 9 qutu "West Red", 9 qutu "West Silver", 36 qutu "X12", 27 qutu "Marlboro", 27 qutu "X9", 9 qutu "L&M X8 Cut" markalı siqaret, 4 ədəd hər biri 0,5 litrlik "Kasakctan" markalı konyak Birliyin anbarına saxlanca qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən ədalətlilik inzibati xatalar qanunvericiliyinin əsas prinsiplərindən biridir. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən İnzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. Həmin Məcəllənin 480-ci maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə, yəni gizli saxlanc yerlərindən və ya malların aşkar edilməsini çətinləşdirən digər üsullardan istifadə edilməklə, yaxud bir qəbildən olan malların digər şəklə salınmaqla keçirilməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati xətanın bilavasitə predmeti olan məhsulların (malların) müsadirə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 3 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 480-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisənin törədilməsində təqsirli bilinsin. İnzibati xətanın bilavasitə obyekti olan, tədqiqatdan sonra qalmış 9 qutu "X11 Blue", 27 qutu “X10", 9 qutu "Parker&Simpson SSL-Line Green", 9 qutu "West Red", 9 qutu "West Silver", 36 qutu "X12", 27 qutu "Marlboro", 27 qutu "X9", 9 qutu "L&M X8 Cut" markalı siqaret, 4 ədəd hər biri 0,5 litrlik "Kasakctan" markalı konyak məcburi qaydada və ödənişsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə həvalə edilsin. İş üzrə 03 ədəd disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar