Məhkəmə qərarları › İş №3(002)-2022/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2022/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2022/2023 25.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Kürdəmir rayonu, Qarasu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş 25 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 sentyabr 2023-cü il tarixdə, saat 22:50 radələrində Qobu Park yaşayış kompleksində DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, toy məclisində içdikdən sonra qəsəbəyə qayıtmaq məqsədilə dostuna zəng vurmuş, dostu ayıq sürücü kimi gəlmişdir. Qəsəbəyə qayıdarkən yolda YPX-nin əməkdaşları tərəfindən müşahidə keçirildiyini görmüş, maşında olan konstruksiya dəyişikliyini və nəqliyyat vasitəsinə quraşdırılmış led işıqlarını görməmələri üçün ara məhəlləyə dönmüşlər lakin, yol patrul xidməti əməkdaşları onları saxlamaq üçün ara məhəlləyə daxil olmuşdur. YPX əməkdaşı sürücüdən içkili olubolmadığını soruşmuş, sürücü içkili olmadığını demiş, sonra avtomobildən düşərək xidməti avtomobilə əyləşmişdir. YPX əməkdaşı tərəfindən qadağan olunmuş işıqların sökülməsi üçün nəqliyyat vasitəsinin duracağa aparılmasına açarları götürməklə mane olmuş və açarları polis əməkdaşına təqdim etməmişdir. Səbəb olaraq ona məxsus nəqliyyat vasitənin ayıq sürücü kimi dəvət etdiyi dostu tərəfindən idarə olunmasını istəməsi olduğunu bildirmişdir. Buna görə polis əməkdaşı ilə aralarında mübahisə yaranmışdır. Törətdiyi əməldən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəyinə söz verir. Qeyd etdiklərini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 01:00 radələrində polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona qarşı fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında müdafiəçinin hüquqi yardımından istifadəsindən imtinaya səbəb onun maddi vəziyyəti ilə bağlı olmadığını, əlilliyi olmayan şəxs olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin DYPŞ baş inzibati təcrübə inspektoru, polis mayoru X3 izahatında bildirmişdir ki, xidmətdə olarkən sürücü tərəfindən xarici işıq siqnalından düzgün istifadə edilməməsinə görə saxla işarəsi verilən zaman o, saxlamayaraq ara küçəyə daxil olmuş, onun arxası ilə gedərək təkrar saxla işarəsi verildikdən sonra avtomobili saxlamışdır. Nəqliyyat vasitəsinin duracağa aparılması barədə məlumat verdikdə sürücü etiraz etmiş, nəqliyyat vasitəsinin açarını təqdim etməkdən imtina etmişdir. Sonra avtomobildə əyləşən sərnişinlər ona müdaxilə etmiş, bu səbəbdən aralarında mübahisə baş vermiş, bundan sonra kömək dəvət edilmiş, kömək nəticəsində hər üç şəxs polis şöbəsinə aparılmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Şəxs əl-qol hərəkəti etməsi ilə bağlı video görüntünü təqdim edilməsi üçün tabe olduğu rəisə müraciət etməli, bundan sonra DİN-in Siqnal İdarəsinə sorğu verməlidir. Hazırki məhkəmə iclasında isə şahid qeyd etmişdir ki, göstəriş və icazə olmadan hər hansı sorğu vermək səlahiyyəti yoxdur, odur ki, məhkəməyə videogörüntünü təqdim edə bilmir. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ RPİ-nin YPX inspektoru, polis baş serjantı X4 izahatında bildirmişdir ki, Qaradağ rayonu, Qobu Park yaşayış massivində hərəkətdə olan Vaz 21114 markalı 99SP881 dövlət qeydiyyat nişanlı avtomobilin xarici işıq cihazlarından düzgün istifadə etməməsinə görə tərəflərindən saxla əmri verilmişdir. Sürücüyə avtomobildə qanunvericilikdə icazə verilməyən led işıqdan istifadə edildiyi üçün avtomobilin duracağa təmin olunması, orada söküntü-bərpa aktı tərtib edilərək avtomobilin duracaqdan buraxılacağı izah olunmuşdur. Həmçinin avtomobilin içərisindən spirtli içki qoxusu gəldiyi üçün sürücünün spirtli içki qəbul etdiyini düşünərək onun müayinədən keçməsi barədə məlumat verilmişdir. Sürücü əvvəlcə etiraz etməmiş, müayinədən keçəcəyini bildirmişdir. Lakin sərnişin qismində əyləşən, nəqliyyat vasitəsinin mülkiyyətçisi Şəxs onlara aqressiv cavab verərək nə üçün maşının duracağa təmin olunacağını soruşmuş və avtomobilin açarını üzərindən götürərək açarı onlara təqdim etməmişdir. Bundan sonra sərnişin qismində olan şəxs yüksək səs tonu ilə danışmağa başlamışdır. Bu səbəbdən həmin şəxslərin polis şöbəsinə təqdim olunmaları üçün köməyə digər polis əməkdaşları dəvət olunmuş, onların köməkliyi nəticəsində tabesizlik göstərən şəxslər polis şöbəsinə təqdim edilmişlər. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Ramil Salayevə ünvanlanmış 24 sentyabr 2023-cü il tarixli raportdan görünür ki, 24 sentyabr 2023-cü il tarixdə inzibati ərazidə xidmət apararkən Qaradağ rayonu, Qobu Park yaşayış massivi istiqamətində hərəkətdə olarkən saat 22:50 radələrində Vaz 21114 markalı 99SP881 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xarici işıq cihazlarından düzgün istifadə etmədiyi üçün saxla əmri verilmişdir. Həmin vaxt sürücü hərəkət istiqamətini dəyişərək bir qədər irəlidə ara məhəlləyə dönmə əməliyyatı etmiş və dayanmışdır. Dərhal həmin sürücüyə yaxınlaşaraq özlərini təqdim etmiş, törətmiş olduğu qayda pozuntusunu ona izah edərkən həmin sürücü və nəqliyyat vasitəsində olan 2 nəfər şəxs səbəbsiz olaraq səs tonlarını yüksəldərək mübahisə etməyə başlamışlar. Polis əməkdaşları həmin vaxt nəqliyyat vasitəsinin içərisindən spirt qoxusu gəldiyini hiss etmişlər. Həmin qoxunun sürücüdən gəlib gəlmədiyini soruşduqda həmin sərnişinlər və sürücü daha da aqressivləşmiş heç bir sənəd təqdim etməyəcəklərini və əsassız olaraq saxlanıldıqlarını bildirərək nalayiq küçə ifadələri işlədərək özlərini təqdim etməkdən boyun qaçırmışlar. Həmin şəxslər nəqliyyat vasitəsindən düşüb ərazidən uzaqlaşmaq istəmişlər. Polis əməkdaşları həmin şəxsləri saxlamağa cəhd etmiş, lakin onlar əl qol hərəkətləri edərək tabesizlik etməyə və oradan uzaqlaşmağa çalışsalar da həmin ünvana gəlmiş əməkdaşların köməyi ilə hər üç şəxsi 10-cu Polis Şöbəsinə təhvil vermişlər. PŞ-də həmin şəxslərin X5, Şəxs və X1 olduğu məlum olmuşdur. PŞ-də aparılan araşdırma zamanı həkim müayinəsinə əsasən Murad Bəhrəmov və Şəxs spirtli içki təsiri altında olduqları məlum olmuşdur. İş materiallarında olan tutma haqqında 25 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 01:00 radələrində tutulmuşdur. İş materialında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 25 sentyabr 2023-cü il tarixli, 2/34975 nömrəli protokoldan görünür ki, hadisə zamanı Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan 25 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 sentyabr 2023-cü il tarixdə, saat 22:50 radələrində Qobu Park yaşayış kompleksində DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 24 sentyabr 2023cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin və şahidlərin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 24 sentyabr 2023-cü il tarixdə, saat 22:50 radələrində Qobu Park yaşayış kompleksində DYPŞ-nin əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar