Məhkəmə qərarları › İş №3(002)-2026/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2026/2025

02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2026/2025 02.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Qobustan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Yol evlərində faktiki yaşayan. Şəxs Azərbaycan Respublikasının İXM-in 388-1.1.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-dən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 388-1.1.1 və 510-cu maddələri ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X4 inzibati xəta haqqında protokolu müdafiə edərək, bildirmişdir ki, instagram sosial şəbəkəsində “orxan.507” adı ilə qeydiyyatdan keçmiş istifadəçi tərəfindən təhqir xarakterli məlumatların yerləşdirilməsi ilə bağlı aparılan araşdırma zamanı, həmin hesabın Şəxs məxsus olması müəyyən edilmişdir. Bundan sonra onun olduğu yer müəyyən edilərək bölməyə gətirilmişdir. Şəxs bölmədə izahatı alınan zaman sosial şəbəkədə təhqir xarakteri daşıyan həmin yazıların məhz özü tərəfindən yazıldığını etiraf etmişdir. Əlavə olaraq göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən bölməyə gətirilən zaman səs-küy salaraq polisə qarşı nalayiq ifadə işlətmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 388-1.1.1 və 510-cu maddələri ilə xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. Göstərilənləri nəzərə alaraq, protokol üzrə qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, vətəndaş Şəxs ictimai qaydanı pozması barədə hər hansı şahid və ya görüntü təqdim edə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, yaşadığı Səngəçal qəsəbəsi, Yol evləri deyilən ərazidə yerləşən yaşayış evinə mülki geyimdə olan polis əməkdaşı yaxınlaşaraq onu bölməyə dəvət etmişdir. O, həmin vaxt növbədə olmasını buna görə də mütləq işə getməli olduğunu bildirərək növbətə gün özünün bölməyə gələcəyini əməkdaşa bildirmişdir. Növbəti gün bölməyə getdikdə ona sosial şəbəkədə qeydiyyatdan keçdiyi hesabdan təhqir məzmunlu məlumatların yerləşdirildiyi, bununla bağlı aparılan araşdırma ilə əlaqədar dəvət olunduğu bildirilərək izahatı alınmışdır. O, həmin vaxt əlində heç bir sübutu olmadığını, həmin yazıların onun tərəfindəm yazılmadığını təsdiq edə bilməyəcəyini düşünərək onun tərəfindən yazılması ilə bağlı etirafedici izahat vermişdir. Lakin onun özünə məxsus olan həmin hesabdan sözügedən məlumatların sosial şəbəkəyə yerləşdirilməsinin onunla heç bir aidiyyəti olmamışdır. Sosial şəbəkə hesabından təhqiredici sözlərin kim tərəfindən hansı qaydada paylaşılmasını özü də bilmir. Məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını, xəstə ata və anasının himayəsində olmasını, evə yeganə qazanc gətirən şəxs olmasını bildirərək ona güzəşt olunmasını xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, müdafiəçi ilə təmin olunmaq istəməməsi onun maddi vəziyyəti ilə bağlı deyildir. İnzibati protokol və materialda olan digər sənədlərlə tanış olmuşdur. O, polisə qarşı heç bir müqavimət göstərməmiş, nalayiq ifadə işlətməmiş, əksinə dəvət olunduqdan sonra özü könüllü bölməyə getmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Mehman Qurbanova ünvanlanmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, instagram sosial şəbəkəsində “orxan.507” adlı istifadəçi tərəfindən sancaq.production adlı hesabda yerləşdirilmiş polis əməkdaşları ilə bağlı videgörüntülərə təhqiredici şərhlər yazdığı üçün vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə bölməyə dəvət edilmiş, tərtib olunmuş raport əsasında həmin şəxs barəsində qanuni tədbirlər görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs sosial şəbəkədə yayılması qadağan edilmiş məlumatlar yaymış və ictimai yerdə polisin ünvanına nalayiq ifadə işlətmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan Şəxs yazılı izahatından görünür ki, o, instagram sosial şəbəkəsində şərh bölməsində nalayiq sözlər yazmış, təhqir etmiş, törətdiyi əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. İş materiallarında olan diskdə olan əks olunan görüntülər və fotoşəkillərə əsasən müəyyən edilir ki, instagram sosial şəbəkəsində polis əməkdaşları ilə bağlı videgörüntülərin şərh bölməsinə “orxan.507” adı ilə qeydiyyatdan keçmiş istifadəçi tərəfindən polisin ünvanına təhqir xarakterli yazılar yazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən nzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər hesab olunur. Lakin hazırki iş üzrə Şəxs əməlində hər hansı ictimai qaydanı pozan, zor tətbiq olunması ilə müşayiət olunan eləcə də digər vətəndaşların hadisə yerinə toplaşmasına səbəb olan hər hansı əməli müəyyən olunmur. İş materiallarında bu faktı təsdiq edə biləcək hər hansı bir sübut mövcud olmamaqla yanaşı, belə sübutlar məhkəmə iclasında da təqdim olunmamışdır. Eyni zamanda məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru X1 Orxan Mehman oğlunun polis əməkdaşları tərəfindən bölməyə gətirilən zaman səs-küy salaraq polisə qarşı nalayiq ifadə işlətdiyini qeyd etsə də məhkəmə araşdırması nəticəsində sonuncunun özünün bölməyə gəlməsi müəyyən edilmiş, onun əməlində ictimai qaydanı pozan, digər vətəndaşları narahat edə biləcək hərəkətlərə yol verməsi sübut olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən, onun həmin əməlləri törətməsinə dair hər hansı əsaslı sübutlar təqdim edilmədiyini nəzərə alaraq, barəsində həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Lakin bununla yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2025-ci il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati araşdırma zamanı verdiyi yazılı izahatı, videogörüntü və fotoşəkil, habelə inzibati materialda olan digər sənədlərlə tam olaraq sübuta yetirilmişdir ki, Şəxs “orxan.507” adı ilə qeydiyyatdan keçdiyi instagram sosial şəbəkəsində polis əməkdaşları ilə bağlı videgörüntülərin şərh bölməsinə təhqir xarakterli məlumatlar yazmışdır. Məhkəmə hesab edir ki, Şəxs informasiya ehtiyatında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol vermişdir ki, bu da onun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkib əlamətlərini formalaşdırmışdır. Bu səbəbdən onun əməlində İXM-nin 388-1.1.1-ci maddəsinin tərkib əlamətləri mövcud olduğundan o, həmin maddə ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3.9-cu maddəsinin tələbinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiya - təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yerləşdirilməsinə yol verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hazırki iş üzrə məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran halların olmadığını qeyd edir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 02 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar