Məhkəmə qərarları › İş №3(002)-2028/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2028/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2028/2023 27.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə Lənkəran rayon Məhkəməsinə inzibati material daxil olmuşdur. Lənkəran rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 3(049)-1505/2023 saylı qərardadı ilə inzibati xəta haqqında materialın baxılması üçün aidiyyəti üzrə Qaradağ rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin Qərardad onunla əsaslandırılmışdır ki, "xxxx" MMC törətdiyi inzibati xəta hadisəsi hərəkətsizliklə törədildiyinə görə Konstitsuiya Məhkəməsinin hüquqi mövqeyi baxımından inzibati xəta haqqında iş üzrə icraat materialları gömrük prosedurunun rəsmiləşdirildiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli, 00100-02264/23 saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, ünvan 1 ünvanında qediyyatda olan "xxxx" MMC tərəfindən **********3955 sorğu nömrəli, 07 iyul 2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallar müvəqqəti ixrac gömrük prosedurunda yerləşdirilərək Gürcüstana göndərilmiş yüklərin öhdəlik müddətinin 06 iyul 2023-cü il tarixdə bitməsinə baxmayaraq şirkət tərəfindən həmin yüklərin geri qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə əlaqədar heç bir tədbir görülməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin tələbindən aydın olur ki, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Göründüyü kimi "xxxx" MMC öz üzərinə düşən öhdəliyini qanunla müəyyən edilmiş qaydada icra etməmiş, yəni, yüklərin geri qaytarılması və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar heç bir tədbir görülməmişdir. Qeyd olunan müraciət hüquqi şəxsin öz ünvanında həyata keçirilməli olan zəruri öhdəlikdir. Buna görə də məhkəmə hesab edir ki, qeyd olunan inzibati xəta hadisəsi hüquqi şəxsin ünvanının yerləşdiyi yerdə baş verdiyindən həmin inzibati material aidiyyəti üzrə Lənkəran rayon məhkəməsində baxılmalı olduğundan aidiyyət məsələsinin həll edilməsi məqsədilə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material aidiyyət məsələsinin həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar