Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-203/2024 19.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 17 avqust 1986-cı ildə Laçın rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Laçın rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1758/2023 saylı, 29 avqust 2023-cü il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1758/2023 saylı, 29 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs podrat müqaviləsinə görə ödənilmiş 25.970 manat, vəkil xərcinin əvəzi kimi 500 manat, mütəxəssis rəyi üçün çəkilən 200 manat olmaqla, cəmi 26670 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçı X3 verilməsi, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 318 manat dövlət rüsumunun cavabdeh Şəxs iddiaçı X2 xeyrinə tutulması, cavabdeh Şəxs ekspertiza tədqiqatının dəyəri 100 manatın tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada 22 noyabr 2023cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu 13 dekabr 2023-cü il tarixdə Qaradağ rayon İcra Şöbəsinə yaxınlaşmış və izahatı alınmışdır. Borclu izahatında icra vərəqəsindən icra şöbəsinə gəldikdən sonra xəbərdar olduğunu bildirmişdir. Borclu Apellyasiya Məhkəməsinin qətnaməsini mübahisələndirəcəyini qeyd edərək indiyədək borcundan hər hansı bir ödəniş etməmişdir. Borclu icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlib getmişdir. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 19 yanvar 2024-cü il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verdiyini, tələbkarın məhkəmə iclasında iştirak etmək istəmədiyini, lakin borcunu tələb etdiyini ona bildirdiyini də qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında icra vərəqəsindən 13 dekabr 2023-cü il tarixdə Qaradağ rayon İcra Şöbəsinə çağırıldıqdan sonra məlumatlı olduğunu, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə 27 dekabr 2023-cü il tarixdə ərizə verərək 2(103)-1758/2023 saylı, 29 avqust 2023-cü il tarixli qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etdiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsindən ona ünvanlanmış 29 dekabr 2023-cü il tarixli məktubla həmin qətnamə rəsmi qaydada ona göndərilmiş və həmin qətnaməni 2024-cü ilin yanvar ayında almışdır. Hal-hazırda həmin qətnamədən Ali Məhkəməyə müraciət etmə prossesindədir. Buna görə də qətnamənin icrasını hal-hazıradək yerinə yetirməmişdir. Belə ki, onun iddiaçıya borcu Ali Məhkəmənin yekun qərarı ilə təsdiq edilərsə həmin borcdan yayınmayacağını bildirmişdir. Lakin hal-hazırda həmin borc məbləğini əsaslı hesab etmir. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Əkisnə borclunun məhkəmə baxışı zamanı təqdim etdiyi Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı və həmin məhkəmədən ona rəsmi şəkildə göndərilmiş məktublarından aydın olmuşdur ki, borclu Bakı Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qətnaməsinin ona təqdim edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinə 27 dekabr 2023-cü il tarixdə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli məktubu ilə həmin qətnamənin borcluya göndərildiyi müəyyən edilmişdir. Bundan başqa borclunun və icra məmurunun izahatlarından da aydın olur ki, borclu icra məmurunun çağırışlarına da vaxtlı-vaxtında gəlir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-203/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-203/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver