Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2030/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X7 iştirakı ilə, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı inzibati tənbeh vermə haqqında qərardan X9 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X9 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarasinin rəisi, gömrük xidməti polkovniki X6 İnzibati tanbeh vermə haqqında 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı qərarı ilə vəzifəli şəxs kimi X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və ona inzibati xətanın bilavasitə obyekti olmuş xarici valyutanın Azerbaycan Respublikasının milli valyutasına olan nisbətdə dəyərinin 50 (əlli) % həddində, yəni 2671,21 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd olunan qərar onunla əsaslandırılmışdır ki, elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin malların bəyan olunduğu gündən 180 gün ərzində ixracatların müvəkkil banklarda olan hesablarına köçürülməməsi pul vəsaitlərinə dair tərtib edilmiş statistik cədvələ əsasən məlum olmuşdur ki, X9 tərəfindən xx.xx.2018-ci il tarixli **********1130 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 3142,60 ABŞ dolları (5342,42 manat) məbləğində qalıq vəsait müvəkkil bankdaki hesabina köçürülməmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi 34/012/018147 nömrəli, xx.xx.2023-cü il tarixli raport, xəbərdarlıq-bildiriş məktubu, çıxarış hesabatlar, Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilən xx.xx.2018-ci il tarixli, **********1130 sorğu nömrəli gömrük bəyannaməsi, müqavilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Həmin qərarda həmçinin göstərilir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, belə fəaliyyəti həyata keçirməklə guya X2 fəaliyyəti ilə əlaqədar X5 Dubay şəhərinə, "BOURJOİS" nişanlı dəriyə qulluq vasitəsi olan krem yüklərini konsiqnasiya yolu ilə 3142,60 ABŞ dolları qiymətinə sataraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirməklə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydalarının 12.1-ci yarım bəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda xx.xx.2018-ci il tarixli, **********1130 sorğu nömrəli gömrük bəyannaməsi üzrə malların dəyərini tamamilə qaytarmayaraq, həmin bəyannamənin 45-ci qrafasına əsasən milli valyutaya nisbətdə dəyəri 5342,42 manat təşkil edən 3142,60 ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X6 İnzibati tənbeh vermə haqqında 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv olunmalı və inzibati xəta üzrə icraata xitam verilməlidir. 1.Belə ki, o, 2018-ci ildə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və belə fəaliyyəti həyata keçirməmişdir. Onun 2010-cu ilə kimi "VÖEN"-ni olmuşdur. O 2010-cu ildən "VÖEN"-in fəaliyyətini dondurmuşdur. Belə olan bir halda o 2018-ci ildə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə necə məşğul ola bilər və belə fəaliyyəti həyata keçirə bilərdi?
2. O 2012-ci ildən "xxxx" MMC-də adi bir işçi kimi fəaliyyət göstərir, orada da heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur.
3. O, X5 Dubay şəhərində yaşayan qeyd olunan Abdullah adlı şəxslə 2017-ci ildə Bakı şəhərində tanış olmuşdur. Sonra tanışlıqları dostluğa çevrilmişdir. Abdullah 2018-ci ildə ondan xahiş etmişdir ki, ona köçürmə yolu ilə pul göndərəcək, Bakıdan həmin pula ona kosmetik vasitə alıb göndərsin. O da Abdullahın xahişi ilə onun bank vasitəsi ilə göndərdiyi 5000 ABŞ dolları müqabilində ona kosmetik vasitə alıb göndərmişdir. Həmin 5000 ABŞ dollarının içərisində 3142 ABŞ dolları məhsulun dəyəri, qalanı isə daşınma və "karqo" xərcləridir. Həmin 5000 ABŞ dolları puldan ona heç nə qalmamışdır. O Abdullahın xahişi ilə bir dost kimi həmin malı alıb göndərmişdir. Bu zaman heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və qazanc əldə etməmişdir. Bu hal da cəmi bir dəfə olmuşdur.
4. Onu da qeyd etmişdir ki, həmin əməliyyata görə ona X8 banka hər hansı məbləğdə pul ödəməsi barədə heç bir, istər yazılı, istərsə də şifahi xəbərdarlıq və məlumat verilməmişdir.
5. Qeyd olunan qərarın surəti ona 23 sentyabr 2023-cü ildə “email” vasitəsi ilə "Elektron ünvan " -a göndərilmişdir.
6. Eyni zamanda bildirmişdir ki, həmin inzibati xəta (əgər xəta demək mümkünsə) 2018-ci ildə baş vermişdir. Həmin vaxtdan 5 il müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri- hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Odur ki, inzibati xətanın törədildiyi vaxtdan 5 ildən artıq bir müddət keçdiyinə görə onun barəsində inzibati tənbeh tətbiq oluna bilməz.
7. Bildirmişdir ki, qeyd olunan Qərarda o, vəzifəli şəxs kimi göstərilmişdir. Əslində isə o 2018-ci ildə heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamış və vəzifəli şəxs statusuna malik olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində Vəzifəli şəxslərin İnzibati Məsuliyyətinin əsasları göstərilir. Belə ki, həmin maddəyə görə vəzifəli şəxs öz vəzifələrini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində vəzifəli şəxslərin kimlər hesab olunması göstərilir. Belə ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasınin qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və mūəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilat sərəncamverici və inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər.
8. Bildirmişdir ki, 31 iyul 2018-ci il tarixdə X1 yolu ilə göndərilmiş pul vəsaiti ilə bağlı tərtib olunmuş 31 iyul 2018-ci il tarixli XALGO718450 saylı sənəddə göstərilir ki, "Təsdiq edirəm ki, bu köçürmə mənim sahibkarlıq fəaliyyəti ilə məşğul olmağımla bağli deyildir". Mətn rus dilində yazılmışdır. Həmin sənəd şikayət ərizəsinə əlavə olunur. Bildirmişdir ki, qeyd olunan inzibati iş üzrə onun inzibati xəta haqqında protokol tərtib edilməsindən xəbəri olmamış və baş vermiş hadisə ilə bağlı ondan izahat alınmamışdır. O, Bakı şəhəri, Qaradağ rayonu ərazisində qeydiyyatda olmaqla yaşadığı üçün barəmdə olan inzibati xəta haqqında işə yaşadığı Bakı şəhəri, Qaradağ rayon Məhkəməsində baxılmasını istəyir. Odur ki, göstərilənlərə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X6 barəsində olan inzibati tənbeh vermə haqqında 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı qərarı qanunsuz və əsassız olduğundan məhkəmə tərəfindən ləğv olunması və inzibati xəta üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməlidir. Yuxarıda şərh olunanlara və Azərbaycan Respublikası İXM-nin 110, 128 və 135-ci maddələrinə əsasən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X6 barəsində olan İnzibati tənbeh vermə haqqında 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv olunması və inzibati xəta üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında işitrak edən şikayət vermiş şəxs X9 şikayəti müdafiə edərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X6 barəsində olan İnzibati tənbeh vermə haqqında 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv olunması və inzibati xəta üzrə icraata xitam verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzər materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib, həmçinin X9 barəsində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı qərarı və iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə X9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan X9 tərəfindən 03 avqust 2018-ci il tarixli **********1130 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac edilən malların müqabilində 3142,60 ABŞ dolları (5342,42 manat) məbləğində qalıq vəsait müvəkkil bankdakı hesabına köçürülməmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan inzibati xəta hadisəsi üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair" xx.xx.2021-ci il tarixli Qərarına əsasən "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları"na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin edilməlidir. Qeyd olunan inzibati tənbeh vermə haqqında qərarda, baş vermiş inzibati xəta hadisəsi faktının Gömrük Prosedurları və Ödənişləri Şöbəsinin 34/012/018147 nömrəli raportu əsasında 14 iyun 2023-cü il tarixdə aşkar edilməsi qeyd edilsə də məhkəmə bu arqumenti tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, şəxsə istinad olunan əməl gömrük xidmətinin müvafiq qaydada vahid avtomatlaşdırılmış idarəetmə sistemi (VAİS) vasitəsilə elektron qaydada rəsmiləşdirilməli olduğundan həmin inzibati xətanın aşkara çıxarılması avtomatik olaraq müvafiq malın göndərildiyi 03 avqust 2018-ci il tarixdən 180 gün, yəni 06 ay keçdikdən sonra yaranır. Göründüyü kimi törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi 03 fevral 2019-cu il tarixdə baş vermiş və həmin müddətdən dörd il səkkiz aydan artıq vaxt keçmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, sözügedən inzibati xəta hadisəsinin uzanan inzibati xətalara aid edilməsi də qanunauyğun deyildir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:
Şikayət təmin edilsin. X7 Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinməsinə dair Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi tərəfindən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli, 00800/00967 saylı inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Rufan Mürsəlov