Məhkəmə qərarları › İş №3(002)-205/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-205/2025

10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-205/2025 10.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Sabirabad rayonu, Bulaqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25747474 saylı qərardan şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25747474 saylı qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25747474 saylı inzibati xəta haqqında qərarı əsasında İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir və barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 353.1-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla (eni üzrə 0.15 metr və daha artıq, uzunluğu üzrə 0.20 metr və daha artıq, hündürlüyü üzrə 0.20 metr və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər 600 manat məbləğində cərimə edilir. O, Ford markalı, ** DU *** dövlət qeydiyyat nömrəli bordlu avtokran avtomobilin etibarnamə əsasında idarə edir. Vaxtaşırı Qarabağ-Bakı-Qarabağ istiqamətində avtokran fəaliyyəti ilə məşğul olur. Avtomobilin texniki sənədində öz çəkisi 27600 kq qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli və EQ 25747474 saylı qərarda isə limit 26000 kq olduğu halda nəqliyyat vasitəsini ümumi çəkisinin 28450 kq olduğu qeyd edilmişdir. Elektron informasiya sisteminə əlavə edilmiş videogörüntü və foto şəkillərdə avtomobilin bortunun boş olduğu və avtomobilin texniki sənədində isə nəqliyyat vasitəsinin ümumi çəkisinin 28450 kq olduğu qeyd edildiyi halda elektron sistemdə avtomobilin çəkisinin 28450 kq olduğu qeyd edilmişdir. Göründüyü kimi kamera vasitəsi ilə tərtib edilmiş protokol əsasında qəbul edilmiş qərarın həqiqiliyi avtomobilin texniki sənədinə və video-foto görüntülərdə avtomobilin bortunun boş olduğuna əsasən şübhə altındadır və inzibati xətanın törədilməsinə israr edilməsinə əsas ola bilməz. Bundan əlavə qeyd edilən maddənin dispozisiyasında iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla inzibati xətanın törədildiyi qeyd edilmişdir. Lakin avtomobilin texniki sənədindən də görünür ki, avtomobilin ümumi çəkisi 28450 kq-dır. Ona görə də o, həmin qərarı qanunsuz və əsassız hesab edir, onun ləğv edilməsini tələb edir. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25747474 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli, EQ 25747474 saylı qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında qərarı tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndənin iştirakını təmin edilməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında qərarı tərtib edən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 25747474 saylı qərarın surətindən aydın olur ki, vətəndaş X2 xx.xx.2025-ci il tarixli, EQ 25747474 saylı qərara əsasən M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində 26 yanvar 2025-ci il tarixdə, saat 20:28-də “Ford Yük” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, “Ford Yük” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomobil 26 yanvar 2025-ci il tarixdə, saat 20:28-də M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 26000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 28450 kq olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25747474 saylı qərar əsassız olduğundan ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 yuxarıda qeyd olunan vaxtda idarə etdiyi avtomobilin maksimum kütləsi 40 tonu keçməmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 25747474 saylı qərar ləğv edilsin və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar