Məhkəmə qərarları › İş №3(002)-2066/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2066/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2066/2023 18.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs X3, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X1 iştirakları ilə, X3 Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 11 sentyabr 2023-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 11 sentyabr 2023-cü il tarixli, TP ******* saylı qərara xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 3(008)- 5407/2023 nömrəli qərardadına əsasən X3 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-ci ildə səhər saat 11:00 radələrində idarə etdiyi “Toyota Prius” (Hibrid) markalı **-FN-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhəri "Sədərək" Ticarət mərkəzində (Mərkəzdə olan məscid istiqamətində) baş yolda hərəkətdə olan zaman “Sədərək” Ticarət Mərkəzi yazılan arkanın yanındakı dayanacaqdan qəfil “Hyundai Santafe” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfil qarşısına çıxıb sağ tərəfdən avtomobilini vurmuşdur. O, əsas yolda hərəkətdə olmuş, qəzanı törədən nəqliyyat vasitəsi qapalı ərazidən (parklanma yerindən) gözləmədən yola çıxaraq qəza törətmişdir. Digər avtomobilin sol qabaq tərəfi onun avtomobilinin sağ qabaq tərəfinə çırpılmış, nəticədə nəqliyyat vasitəsinin sağ qanadı, təkər, çəkici hissəsi, amortizator, sağ qabaq qapı və digər hissələr sıradan çıxmışdır. Hadisədən sonra “Hyundai Santafe” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qəza törətməsini etiraf etmiş, əməlindən peşman olduğunu, hadisənin ehtiyyatsızlıqdan baş verdiyini və vurulan ziyanı ödəyəcəyini bildirmişdir. Daha sonra hadisə yerinə sığorta şirkətinin nümayəndəsi çağırılmış, avtomobillərin şəkilləri çəkilmişdir. Qaradağ DYPŞ-nin inzibati binasının 6-cı otağında ona günahkar olduğu deyilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXP ******* saylı protokol əsasında xx.xx.2023-cü il tarixdə TP ******* saylı qərar qəbul olunmuşdur. Qərara əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Göstərilənlərə əsasən 10 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və protokola əsasən qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli TP ******* saylı qərara xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirmişdir ki, onun barəsində tərtib edilmiş protokol əsassızdır. "Yol hərəkəti haqqında" Qanunun 42.4-cü maddəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Qanunun izahından da aydın olur ki, qapalı ərazidən (məs: parklanma yerindən) yola çıxan yerlə yolun kəsişdiyi ərazi yolayrıcı sayılmır. Ona görə özünü təqsirli bilmir. Protokolda göstərilmişdir ki, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozmuşdur, lakin o, heç bir manevr etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X2 bildirmişdir ki, "Yol hərəkəti haqqında" Qanunun 42.4-cü maddəsinə əsasən sürücü yola bitişik ərazidən (yolun hər iki tərəfinə bitişik olan və nəqliyyat vasitələrinin birbaşa hərəkəti üçün nəzərdə tutulmayan torpaq sahələri və orada yerləşən həyətlər, yaşayış massivləri, avtomobil duracaqları, yanacaqdoldurma məntəqələri, müəssisələr və başqa obyektlər) yola çıxarkən, yolda gedən nəqliyyat vasitələrinə və piyadalara, yoldan kənara çıxdıqda isə, hərəkət yolunu kəsən piyadalara və velosipedçilərə yol verməlidir. Hadisə baş verən ərazi nəqliyyat vasitələrinin parklaması üçün nəzərdə tutulduğundan və orada biri digərinə münasibətdə üstünlük təşkil edən yol olmadığından hərəkətdə olan nəqliyyat vasitəsi ondan sağ tərəfdə hərəkətdə olan nəqliyyat vasitəsini gözləməlidir. Bu səbəbdən İ.İ.Ağayevin əməlinin "Yol hərəkəti haqqında" Qanunun 42.4-cü maddəsinə tövsif edilməsi mümkün olmamışdır. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, işə əlavə edilmiş 11 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X5 11 sentyabr 2023-cü il tarixdə, saat 11:15-də Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzində idarə etdiyi “Toyota Prius (Hibrid) markalı **- FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 40 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, İ.İ.Ağayevin şikayətinin dəlillərini işdə olan sübutlar və hadisə yerinin qeydə alınmış videogörüntüsünə, əlavə olunmuş fotoşəkillərə əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi İ.İ.Ağayev 11 sentyabr 2023-cü il tarixdə, saat 11:15-də Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzində idarə etdiyi “Toyota Prius” (Hibrid) markalı **- FN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sədərək Ticarət Mərkəzində sağ tərəfdən nəqliyyat vasitəsinin hərəkət edib-etməməsinə kifayət qədər əmin olmadan yolayrıcına daxil olaraq “Hyundai Santafe” markalı **-ZR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə inzibati xəta hadisəsini törətmişdir. Məhkəmə hesab edir ki, hər iki nəqliyyat vasitələrinin məhz parklanma ərazisində hərəkətdə olduqları zaman hadisənin baş verdiyini nəzərə alaraq, hesab edir ki, "Yol hərəkəti haqqında" Qanunun mövcud tələblərinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsi ondan sağ tərəfdə hərəkətdə olan nəqliyyat vasitəsini gözləməlidir. Ona görə də onun əməli haqlı olaraq inzibati xəta kimi qiymətləndirilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilməsinə dair qanuni qərar qəbul edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 10cu bəndinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Həmin Qanunun 77-ci maddəsinin 3-cü bəndinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Tramvay sürücüləri də öz aralarında bu qaydanı əsas tutmalıdırlar. Belə yolayrıclarında tramvay, onun hərəkət istiqamətindən asılı olmayaraq, relssiz nəqliyyat vasitələri qarşısında üstünlüyə malikdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 11 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin iş üzrə 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin 11 sentyabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. İş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar