Məhkəmə qərarları › İş №3(002)-2068/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2068/2024

29.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2068/2024 29.07.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsi tərəfindən tərtib olunmuş İXP ******* saylı xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 17:16-da, idarə etdiyi “Ford Cargo” yük markalı **- LX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsi ilə, hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, “Ford Cargo” yük markalı **-LX- *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə xx.xx.2024-cü il tarixdə YPX əməkdaşı tərəfindən saxlanılmış və nəqliyyat vasitəsi yüklə birlikdə çəkildikdə oxa düşən kütlə parametrlərini aşmış, yəni nəqliyyat vasitəsində olan yükün həcminin artıq olması barədə ona məlumat verilmişdir. Lakin, onun idarə etmiş olduğu 3 oxlu Avropa istehsalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində maksimal daşıya biləcəyi kütlənin 33 ton 100 kq olduğu qeyd edilmişdir. Bu səbəbdən o, idarə etdiyi nəqliyyat vasitəsində 30 ton 430 kiloqram çəkidə yük daşımışdır. Göstərilənlərə əsasən tərtib olunmuş inzibati xəta haqqında inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, xx.xx.2024-cü il tarixdə “Ford Cargo” yük markalı **-LX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün, 25 ton olmalı olduğu halda, 30 ton 430 kiloqram çəkidə olduğu müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X1 xx.xx.2024-cü il tarixdə, saat 18:17-də “Ford Cargo” yük markalı **-LX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 600 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, nəqliyyat vasitəsinin maksimal daşıya biləcəyi kütlənin 33 ton 100 kq olduğu qeyd edilmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, **********0204 nömrəli qəbzdə olan qeydlərdə “Ford Cargo” yük markalı **- LX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün çəkisi 30 ton 430 kiloqram olması öz əksini tapsa da, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, nəqliyyat vasitəsinin maksimal daşıya biləcəyi kütlənin 33 ton 100 kq olduğu qeyd edilmişdir. Bununla da nəqliyyat vasitəsinə icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrləri aşılmamışdır. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibinin olması təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən, bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə - fiziki şəxslər min iki yüz manat məbləğində cərimə edilir Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.4, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 353.5-ci maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar