Məhkəmə qərarları › İş №3(002)-2071/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2071/2025

06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2071/2025 06.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin icra məmuru X7, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində üç azyaşlı uşağı olan), orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 32, mənzil 22 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X15, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli, 2(002)-358/2020 saylı icra vərəqəsini qərəzli olaraq icra etməkdən imtina etdiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X15 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(002)-358/2020 saylı, icra vərəqəsinə əsasən iddiaçı X4 öz övladları- 29 iyun 2013-cü il təvəllüdlü X5, 17 sentyabr 2014-cü il təvəlüdlü X6 və 04 dekabr 2017-ci il təvəllüdlü X8 ilə hər həftənin bazar günü saat 11:00-dan, saat 15:00-dək görüş vaxtı müəyyən edilmişdir. Qeyd olunan qətnamənin icrası ilə bağlı əvvəllər heç bir problem yaranmamış və bununla bağlı İcra Şöbəsinə hər hansı bir şikayət daxil olmamışdır. Lakin 03 oktyabr 2025-ci il tarixdə X9 uşaqlarının onunla sərbəst şəkildə ünsiyyət yaratması üçün Şəxs tərəfindən lazımi şərait yaradılmaması ilə bağlı İcra Şöbəsinə şikayət etmişdir. Ona görə də 06 oktyabr 2025-ci il tarixdə Qaradağ Rayon İcra Şöbəsində qətnamənin icrası ilə bağlı görüş təşkil olunmuşdur. Görüş vaxtı uşaqlar X9 ilə sərbəst şəkildə görüşməkdən imtina etmişlər. X9 yazılı ərizə ilə müraciət edərək uşaqların anaları tərəfindən görüşə şərait yaradılmadığını və uşaqların anaları tərəfindən qəsdən öyrədildiyini qeyd etmişdir. Buna görə də borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. O izahatında daha sonra borclunun icra məmurunun çağırışlarından qəsdən yayınmadığını qeyd etmişdir. Borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında üç uşağa görə 350 manat aliment ödənilməsi qərara alındığını, iyun ayında min manatdan çox pul ödədiyini, əvvəllər uşaqları ilə mütəmadi olaraq görüşsə də, son üç ayda uşaqları ilə görüşə bilmədiyini, buna səbəb kimi anaları Şəxs uşaqlarının onunla görüşməsinə imkan yaratmadığını bildirmişdir. Buna görə də borclu Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, icra vərəqəsindən məlumatı vardır, onun tərəfindən icra sənədinin icrasına hər hansı bir maneə və etirazı yoxdur. İndiyədək də o bütün görüşlərə şərait yaratmışdır. Həftədə bir gün görüş verilməsinə baxmayaraq, hər gün görüşməyə şərait yaratmışdır. Lakin 2025-ci ilin iyun ayında X2 içkili vəziyyətdə onların qarşısına çıxaraq uşaqları qorxutmuş, evə zəng edərək nalayiq ifadələr işlətmişdir. Bu hadisədən sonra uşaqlar ataları ilə görüşdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən 29 iyun 2013-cü il təvəllüdlü X5 qanuni nümayəndələrinin iştirakı ilə verdiyi izahatda qeyd etmişdir ki, atası X9 içkili vəziyyətdə həyətdə qarşılarına çıxaraq onları qorxutmuş, evə zəng edərək nalayiq ifadələr işlətmiş, onlar öz istəkləri ilə ataları ilə görüşdən imtina etmiş, heç kim onları məcbur etməmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zaman, borclunun icra sənədi üzrə icra məmurunun qanuni tələbini icra etməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2025-ci il tarixli, MN 23232587 saylı inzibati xəta haqqında protokoldan aydın olur ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-358/2020 saylı 11 mart 2020-ci il tarixli icra sənədinə əsasən X3 övladları ilə hər həftənin bazar günü görüşünə Şəxs tərəfindən maneçilik yaradılması nəticəsində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş 06 oktyabr 2025-ci il tarixli aktdan aydın olur ki, Qaradağ rayon İcra Şöbəsinin icra məmurları X15, X11, X2, borclu Şəxs, hal şahidləri X12 və X13 bu aktı tərtib etmişlər ondan ötrü ki, Qaradağ rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(002)-358/2020 saylı icra sənədinə əsasən X9 və öz övladları X5, X6, X8 ilə hər həftənin bazar günü saat 11:00-dan saat 15:00-dək görüş vaxtı müəyyən edilmişdir. İcra sənədinin icrası ilə bağlı təşkil edilən görüş zamanı X9 ilə övladları onunla sərbəst şəkildə ünsiyyətdən və görüşdən imtina etdilər. X2 bundan əvvəl övladları ilə sərbəst şəkildə görüşdüyünü, lakin indi uşaqların borclu Şəxs tərəfindən öyrədildiyini bildirdi. X2 buna görə Şəxs inzibati məsuliyyətə cəlb edilməsini tələb etdi. Borclu Şəxs isə uşaqları öyrətmədiyini, uşaqların özlərinin görüşmək istəmədiyini bildirdi. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar