Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2107/2022 28.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materiala əsasən, Şəxs 27 dekabr 2022-ci il tarixdə, saat 17:20 radələrində Ələt qəsəbəsi, Şıxlar kəndi yaxınlığında uca səslə küçə söyüşləri söymüş və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PBnin sahə inspektoru, polis baş leytenantı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17:20 radələrində Ələt qəsəbəsi Şıxlar kəndi yaxınlığında İXM-nin 510-cu və 535.1-ci maddələrinin tələbini pozmuş Şəxs barəsində Qaradağ rayonu Məhkəməsinə göndərilməsi üçün toplanmış materialda əlavə olunmuş inzibati xəta haqqında protokola, inzibati qaydada tutma haqqında protokola imza etməkdən və izahat verməkdən imtina etmişdir. Göstərilənlər nəzərə alınaraq Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X3 məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs 26 dekabr 2022-ci il tarixdə, saat 17:55 radələrində saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, "xxxx" MMC-də qaynaqçı işləyir. Bir neçə dəfə dövlət yol patrul xidməti əməkdaşları tərəfindən sürücülər saxlanılarkən onlara yaxınlaşaraq onların bu hərəkətlərinə etiraz əlaməti olaraq onları telefonun kamerası ilə çəkmiş və həmin videogörüntüləri sosial şəbəkələrdə paylaşaraq, narazı ifadələrini əks etdirmişdir. Polis əməkdaşları tərəfindən onun da olduğu, şirkətə aid avtobus saxlanılıb orada olan işçilərin sənədləri tələb olunarkən, yenidən öz etirazını bildirmiş, müdaxilə edərək polis əməkdaşlarının buna hüquqlarının olmadığını, vətəndaşların isə onlardan sənədlərini tələb edən polis əməkdaşlarına sənəd təqdim etmələri onların vəzifəsi olmadığını bildirmişdir. Şənbə-bazar günləri dövlət yol polislərinin xidməti fəaliyyəti zamanı onları telefonu vasitəsilə çəkərək, həmin videogörüntüləri “Tik-Tok” sosial şəbəkəsində yerləşdirməklə məşğul olur. Hesab edir ki, bu məşğuliyyəti ilə vətəndaşların təhlükəsizliyini təmin edir. Həmçinin bildirmişdir ki, 27 dekabr 2022-ci il tarixdə, saat 17:55-də polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmaqdan imtina etmiş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlilliyi yoxdur. Həmçinin Şəxs ailə vəziyyətini, himayəsində üç azyaşlı övladının olmasını nəzərə alaraq, ona ədalətli inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 izahatında bildirmişdir ki, 27 dekabr 2022-ci il tarixdə mülki öhdəliklərdən yayınan şəxslərin yoxlanılması ilə bağlı Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində, Bakı-Ələt marşrutu üzrə işləyən bütün sərnişin avtobuslarda, həmçinin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs olduğu, şirkətə məxsus avtobusda olan sərnişinlərin sənədləri yoxlanılarkən sonuncu tərəfindən polisin fəaliyyətinə müdaxilə edilmişdir. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də buna məhəl qoymamışdır. Onlar axtarışda olan şəxsin şəxsiyyətini müəyyən etmək istəyərkən Şəxs onlara mane olmuş, 3-4 nəfərin şəxsiyyətini müəyyən etdikdən sonra digər sərnişinləri yoxlamağa imkan verməmişdir. Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılaraq 11-ci polis bölməsinə dəvət edilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X8 izahatında bildirmişdir ki, 27 dekabr 2022-ci il tarixdə məlumat əsasında 11-ci polis bölməsinə aid olan mülki öhdəliklərdən yayınan şəxslərin yoxlanılması zamanı Şəxs polisin fəaliyyətinə müdaxilə etmişdir. Onu nizamintizama dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra Şəxs barəsində tədbir görülməsi üçün saxlanılaraq polis bölməsinə aparılmışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin polis nəfəri X2 digər şahid X4 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru Ü.Ə.İsmayılov tərəfindən tərtib edilmiş 27 dekabr 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci tarixdə saat 17:30 radələrində 11-ci PB-nin polis sahə inspektoru polis mayoru Cavid Babayev, əməliyyat müvəkkili polis kapitanı Səfa Novruzov, əməliyyat müvəkkili polis baş leytenantı Fuad Musayev, mülki öhdəliklərdən yayınan şəxslərin yoxlanması ilə bağlı Qaradağ rayonu, Ələt qəsəbəsi, Şıxlar kəndi ərazisində, Bakı-Ələt marşrutu üzrə işləyən sərnişin mikroavtobus dayanacaqda saxladığı zaman, həmin marşrutda olan X5 olması barədə məlumat daxil olmuşdur. Avtobusdan düşən şəxslər yoxlanılan zaman, avtobusda olan bir nəfər sərnişinin yüksək səslə ünvansız nalayiq ifadələr işlətdiyini görüb, dərhal həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək onu sakit olmağa və nizam-intizama dəvət etsələr də, həmin şəxs "vətəndaşları niyə incidirsiz, niyə onları rahat yaşamağa imkan vermirsiz" sözləri ilə yüksək səslə nalayiq ifadələr işlədib, polisin qanuni tələbinə mane olmuş, dövlətin və dövlət nümayəndələrin ünvanına nalayiq söyüşlər söyərək digər vətəndaşların diqqətini öz üzərinə cəlb etmək istəmişdir. Təkrarən onu dəfələrlə nizam-intizama dəvət etsələrdə o, buna məhəl qoymayaraq öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün həmin şəxs polis əməkdaşları tərəfindən 11-ci PB-yə dəvət olunmuşdur. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Göstərilənləri nəzərə alaraq, Şəxs polisin qanuni tələblərinə tabe olmadığı üçün aidiyyəti üzrə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan tutma haqqında 27 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 27 dekabr 2022-ci il tarixdə saat 17:55 radələrində şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 27 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 27 dekabr 2022-ci il tarixdə, saat 17:20 radələrində Ələt qəsəbəsi, Şıxlar kəndi yaxınlığında uca səslə küçə söyüşləri söymüş, polisin qanuni tələbinə tabe olmamış və bununla da, Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 27 dekabr 2022-ci il tarixdə Ələt qəsəbəsi, Şıxlar kəndi yaxınlığında polis əməkdaşı tərəfindən polis bölməsinə dəvət olunarkən ünvansız nalayiq ifadələr işlətmiş, polis əməkdaşı ona inzibati xətaya yol verməməsini bildirmiş, lakin o, polisin tələbinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Həmin şəxsi dəfələrlə nizam-intizama dəvət etsə də sonuncu buna məhəl qoymayaraq polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Beləliklə, törətdiyi inzibati xəta əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrlə və digər iş materialları ilə onun nalayiq söyüşlər söyməklə ictimai qaydanı pozması və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin, polis əməkdaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq öz qanunsuz hərəkətlərini davam etdirməsi və bununla da, həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tövsif edilməlidir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs himayəsində 3 övladının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən səlahiyyətli şəxsin hüquqazidd hərəkəti dayandırmağı tələb etməsinə baxmayaraq, Şəxs tərəfindən həmin hərəkətləri davam etdirməsini məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli şəxsin hüquqlarının faktiki məhdudlaşdırıldığı andan, yəni 27 dekabr 2022-ci il tarixdən saat 17:55-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510 və və 535.1ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 27 dekabr 2022-ci il tarixdən saat 17:55dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2107/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2107/2022
28.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver