Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2110/2024 01.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialın icraata qəbul edilməsi məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. İş materiallarına əlavə edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 08 iyul 2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ hissəsində Şəxs MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının yerləşdiyi 2.0 ha torpaq sahəsində binövrə qazıntısı zamanı atmosfer havasında tozun miqdarı ölçmə-analiz işləri zamanı ətraf mühit üçün yol verilə bilən hədd normasından artıq olası faktı aşkar edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan yenidən araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Belə ki, iş materiallarına yuxarıda qeyd olunan inzibati araşdırma ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxsnə hər hansı bir bildirişin göndərilməsi və bildirişin şirkət tərəfindən alınıb-alınmamasına dair heç bir sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs MTK-nın ərazi üzrə sahə rəisi Ramil Abdullayevin iştirak etməsi və izahat verməkdən imtina etməsi, protokola imza etməkdən və nüsxəsini götürməkdən imtina etməsi qeyd olunsa da lakin həmin protokolun surətinin Şəxsnə göndərilməsinə dair heç bir sübut aşkar edilməmişdir. Bundan başqa iş materialları araşdırılarkən yuxarıda qeyd olunan inzibati araşdırma ilə əlaqədar Şəxs ümumiyyətlə hər hansı formada məlumatlandırılmasına dair iş materiallarında heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.3-cü maddəsində göstəilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.5. Protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bundan başqa qeyd olunan inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitədən istifadə olunması qeyd edilsə də həmin xüsusi texniki vasitənin İXM-nin 100.1.8-ci maddəsində göstərilən əlamətlərini özündə əks etdirən sənəd əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında protokolda inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 233.1-ci maddəsinə əsasən təqsirləndirilməsinə dair inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılsın. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2110/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2110/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver