Məhkəmə qərarları › İş №3(002)-2113/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2113/2023

05.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2113/2023 05.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin sahə rəisi polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis bölməsindən daxil olmuş 05 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə vətəndaş V.Məmmədovun və icra və probasiya şöbəsinin sənədini icra edən zaman Şəxs müdaxilə edərək, polisin qanuni tələbini kobud surətdə pozmuş və tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin sahə rəisi polis mayoru X6 tərəfindən tərtib edilmiş protokolu müdafiə etdiyini bildirərək, Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, ictimai qaydanı pozmamış və polis əməkdaşlarına tabesizlik göstərməmişdir. O, hasarın sökülməsində ümumiyyətlə iştirak etməmiş, nalayiq ifadələr işlətməmiş və söyüş söyməmişdir. Hasarı onun qardaşı Nurlan Şahverdiyev sökmüşdür. Hasarı sökdükdən sonra sahə rəisi onların hər ikisini bölməyə dəvət etmiş, o da heç bir etiraz etmədən polisin xidməti avtomaşınına əyləşərək getmişdir. Həmçinin bildirmişdir ki, onu bölməyə aparmalarına səbəb tikintiyə məhz onun müdaxilə etməsi olmuşdur. Onu da qeyd edir ki, məhkəməyə təqdim olunacaq video görüntülərdə də onun polis əməkdaşlarına tabesizlik göstərməsi və ictimai qaydanı pozmasına dair heç bir sübut yoxdur. Göstərdiklərini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 05 oktyabr 2023-cü il tarixdə təqribən saat 11:00 radələrində bölməyə gətirilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmamış, imzalamaqdan imtina etmiş, bölmədə olarkən polis əməkdaşları tərəfindən döyülmüşdür. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının “Fərdi yaşayış evlərinin tikintisi məqsədi ilə həyətyanı torpaq sahələrinin ayrılması haqqında” 633 saylı, xx.xx.1996-cı il tarixli sərəncamı ilə Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində ayrılmış 600 m2 torpaq sahəsindən iddiaçı X7 istifadəsinə, həmin torpaq sahəsində hasarın və digər tikililərin tikilməsinə maneələrin yaradılması cavabdehlər X5 və X1 qadağan edilməlidir. Qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə R.Vahidova və S.Həsənovadan iltizam alınmış, onlar isə heç bir maneəçilik törətməyəcəklərini bildirmişlər. Təxminən yarım saat sonra həmin əraziyə 11-ci Polis Bölməsinin əməkdaşları da gəlmişlər. Bundan sonra tikinti başlamış, tikintiyə heç bir maneə olmamışdır. Daha sonra Nurlan adlı şəxs həmin əraziyə yaxınlaşaraq bildirmişdir ki, o, qazidir və həmin ərazidə tikinti aparmaq olmaz. Nurlan adlı şəxsə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və onun icrasının məcburi olduğu bildirilmişdir. Təxminən on beş dəqiqə sonra Eldar adlı şəxs həmin əraziyə yaxınlaşmış və məlum olmuşdur ki, o Nurlan adlı şəxsin qardaşıdır. Ona da eyni qaydada məhkəmə qərarının icrasının məcburi olduğu bildirilmişdir. Bir qədər sonra Nurlan adlı şəxs hərbi formada əraziyə yaxınlaşaraq tikintiyə mane olmağa başlamışlar. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X9 digər şahidlə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş videogörüntülərə məhkəmə iclasında baxış keçirərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq təqdim olunmuş protokoldakı hallarla bağlı belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmamış, həmçinin polis əməkdaşlarına qarşı hər hansı tabesizlik nümayiş etdirməmişdir. Əksinə, heç bir inzibati xəta hadisəsi törətmədiyi halda polis əməkdaşları ilə bərabər polis bölməsinə getmiş və izahat vermişdir. Belə ki, məhkəmə iclasında izahat vermiş şahidlər tərəfindən və təqdim edilmiş videogörüntüdə Şəxs protokolda qeyd olunmuş xətaları törətməsinə dair heç bir əsaslı sübut təqdim olunmamışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Həmçinin, Şəxs əməlində ictimai qaydanı pozan hər hansı hərəkətlər etməsi, söyüşlər söyməsi və hər hansı xuliqanlıq hərəkətləri etməsi, polis əməkdaşlarına tabe olmaması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, sonuncu barəsində həmin maddələr ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin rəisi Yasər İbadova ünvanlanmış 05 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə Qaradağ rayon İcra şöbəsinin xx/xx-120064/11 saylı xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Qaradağ rayonu Səngəçal qəsəbəsində ayrılmış 600m2 torpaq sahəsinin iddiaçı X7 həmin sahəni hasar və digər tikilililərin tikilməsinə maneələr yaradan Rəhimə Vahidə və Soltanxanım Həsənovaya qadağa edilməsi ilə bağlı ictimai və təhlükəsizliyin təmin edilməsi barədə məktub daxil olmuşdur. İcra zamanı göstərilən tarixdə həmin ərazidə Qaradağ Rayon İcra Şöbəsinin əməkdaşları ilə birlikdə, hasarın çəkilməsinə köməklik etmək istəyərkən qəsəbə sakini Nurlan adlı şəxs və qardaşı Eldar həmin hasarın tikilməsinə maneçilik törətmiş, Eldar adlı şəxs hasarı sökərək ünvansız küçə söyüşləri ilə təhqir edərək, icraya maneçilik törədərək işin gedişatına maneçilik yaratmışdır. Dəfələrlə nizam intizama dəvət edilsə də polisin qanuni tələblərinə tabe olmayaraq öz hərəkətlərini davam etdirmişdir. Buna görədə Şəxs Qaradağ RPİ-nin PPXB-nin əməkdaşlarının köməkliyi ilə 11-ci PB-nə gətirilmişdir. Bununla bağlı icra əməkdaşları akt tərtib etmişlər. İş materiallarında olan 05 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 05 oktyabr 2023-cü il tarixdə vətəndaş V.Məmmədovun və icra və probasiya şöbəsinin sənədini icra edən zaman Şəxs müdaxilə edərək, polisin qanuni tələbini kobud surətdə pozmuş və tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisə polis bölməsinə təqdim olunmuş raportda qeyd olunanlarla ümumiyyətlə eynilik təşkil etmir. Belə ki, raportda Şəxs xırda xuliqanlıq etməsi və polis əməkdaşlarına qarşı tabesizlik göstərməsi qeyd olunmasına baxmayaraq, qeyd olunan halları təsdiq edəcək heç bir dəlil məhkəmə iclasında təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar