Məhkəmə qərarları › İş №3(002)-2115/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2115/2025

07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2115/2025 07.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyat olmaqla, deməsinə görə ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X3 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nın təhqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 07 oktyabr 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı əsasında tərtib etmişdir. Həmin qərardan aydın olmuşdur ki, Şəxs narkotik vasitələrin istehlakı ilə məşğul olmuş və onda Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) yaranmışdır. Bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 07 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuş, 07 oktyabr 2025-ci il tarixdə saat 14:30 da azad edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında törətdiyi əməli etiraf edərək bildirmişdir ki, valideyni təzə vəfat etdiyi üçün əsəb sarsıntısı keçirmiş və narkotik vasitə olan “kokosdan” istifadə etmişdir. O, öz izahatında törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən övladlarına görə bağışlanılmasını xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş İnzibati xəta haqqında 07 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan aydın olur ki, Şəxs 06 oktyabr 2025-ci il tarixdə Sahil qəsəbəsi, E.Quliyev küçəsi 57 nömrəli yataqxananın yaxınlığında günorta saatlarında narkotik vasitə qəbul etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 07 oktyabr 2025-ci il tarixli, 6193 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Şəxs 11 may 2024-cü il tarixdən Bakı şəhəri NM-də (9F19x2) diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materiallarında olan Qaradağ RPİ-nin 38-ci PB-nın tədqiqatçısı, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 07 oktyabr 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının nəticə hissəsinə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ Rayon Prokuroruna və işdə maraqlı olan tərəfə göndərilməsi, çıxarılmış qərarın surəti Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilməsi və material saxlanması üçün Qaradağ RPİ-nin 38-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli AZA № 011423 saylı “İnzibati qaydada tutma haqqında protokoldan” aydın olur ki, Şəxs 07 oktyabr 2025-ci il tarixdə saat 00:30-da inzibati qaydada tutulmuş, 07 oktyabr 2025-ci il tarixdə saat 14:30 da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində aşağı həddə inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin.

2. Şəxs 07 oktyabr 2025-ci il saat 00:30-dan-07 oktyabr 2025-ci il saat 14:30-dək hüquqlarının məhdudlaşdırılması nəzərə alınmaqla üzərində qəti olaraq 14 (on dörd) gün müddətə inzibati həbs saxlanılsın.

3. Həbs müddətinin əvvəli 07 oktyabr 2025-ci il tarixdən, saat 18:10-dan hesablansın.

4. Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.

5. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilsin. 6 . Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar