Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2117/2025 23.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə Türkiyə Respublikasında Osman Gazi quran kursunu bitirmiş, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, X11 küçəsi, ev 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci və 515.0.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-sı tərəfindən vətəndaş Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci və 515.0.3-cü maddələri ilə 08 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq ona əlavə edilmiş materiallar ilə birlikdə aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 08 oktyabr 2025-ci il tarixli, MN ******* saylı protokoldan aydın olur ki, 16 iyun 2025-ci il tarixdə, ünvan 2 ünvanında keçirilən tədbir zamanı həmin evin “Hilal Təhsil Mərkəzi” kimi fəaliyyət göstərməsi, həmçinin mərkəzin rəhbəri Şəxs qadağan olunmuş dini dərslərin keçiriləsinə şərait yarataması və İXM-nin 515.0.2 və 515.0.3-cü maddələrinin tələblərinin pozulması müəyyən olunmuşdur. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Hilal Təhsil mərkəzi təxminən beş ildir ki, fəaliyyət göstərir. İlk vaxtlarda o, həmin təhsil mərkəzində nəzarətçi kimi çalışmışdır. Nəzarətçi kimi çalışdığı müddət ərzində təhsil mərkəzində təhsil alan uşaqlara dini mövzularda dərslər keçirilmişdir. 2022-ci ildə DTX əməkdaşları tərəfindən kursun fəaliyyəti yoxlanılmış və kursda dini dərslər keçirildiyi üçün və həmin dərsləri də o və Elmar tədris etdiyi üçün ona və Elmara cərimə tətbiq edilmişdir. Bundan sonra 2024-cü ilin sentyabr ayının əvvəllərindən dərs dediyi Hilal Təhsil Mərkəzinə rəhbər kimi təyin edilmişdir. Kursun işçilərinə dini dərslərin keçirilməsi ilə bağlı cərimə tətbiq edildikdən sonra kursda tələbələrə dini dərslərin keçirilməsi nisbətən daha az formada keçirilməyə başlanılmışdır. Kursda təhsil alan şagirdlərdən hansı dini mövzuda dərslər öyrənmək istəsə yalnız o şagirdlərə dini mövzuda dərslər keçirilmişdir. Onu rəhbər kimi Cavid Allahverdiyev təyin etmişdir. Təhsil mərkəzlərinin də üstündə yuxarı rəhbər şəxs kimi Cavid Allahverdiyev nəzarət edir. Onun əsas işi umrə rəhbəri olduğuna görə kursda zaman-zaman olur. Uşaqlara heç bir mövzuda təzyiqlər olunmamışdır. Onların müəllimlərinin Türkiyədə oxuduğu dini kurslar Süleymaniyyə mədrəsələridir. Həmin mədrəsələrin qurucusu da X7 və Süleyman Hilmi 1959-cu ildə vəfat etmişdir. İxvan ləqəbli spesifik şəxslər yoxdur, ixvan sözünün mənası ərəbcədə qardaş deməkdir. Onların kursda hocalıq dərsləri tədris olunmur, sadəcə istəyənə quran öyrədilir. Süleymaniyyə mədrəsələrinin adı təkamül kursu adlanır. Təkamül kursu ilə bağlı uşaqlara təkliflər olunmamışdır. Ola bilsin ki, müəllimlər təhsil aldıqları mədrəsələr barədə danışdıqlarından uşaqların yaddaşında qalmışdır. Təhsil mərkəzində olan dini kitabların qanunsuz olub- olmaması barədə məlumatı yoxdur. Sadəcə olaaraq həmin kitablarda qrammatika qaydaları ǝks olunmuşdur. Dini təbliğat aparmaq üçün icazə almamışlar. Bir neçə dəfə bununla bağlı müraciət etsələr də onlara bu barədə rəsmi icazə verilməmişdir. Təhsil Mərkəzində heç bir zorakılıq olmamışdır. Onların təhsil mərkəzində dinlə məşğul olmayan tələbələr də vardır. O, 2018-ci ildə X1 şəhərində Osmanqazı quran kursunu bitirmişdir. Lakin dini tədris aparmır. Dini tədrislə bağlı öncədən icazə verilmədiyini bilmişdir. İcazə almağa cəhd etsələr də bununla bağlı onlara müvafiq icazə verilməmişdir. Həmçinin dini dərsləri də könüllülük prinsipi əsasında tətbiq etmişlər. Xaricdə təhsil alıb respublika daxilində tədris etməyin qadağan edilməsi ilə bağlı məlumatları olmamışdır. Bütün proseslər Cavidin nəzarəti altında həyata keçirilmişdir. Cavid də hansısa qanun pozuntusu olduğunu bilsəydi bunu onlara qadağan edərdi. O öz izahatında daha sonra ailəli olduğunu bildirərək məhkəədən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-nə rəsmi məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Şəxs izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun dini yığıncaqlar keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulması və ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkili tərkibi olduğundan o, İXM-nin 515.0.2-ci və 515.0.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin İŞ-nin mütəntiqi, polis kapitanı X2 “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 27 iyul 2025-ci il tarixli qərarının nəticə hissəsindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, X4, Şəxs, X3, X9 və X5 barələrində Azərbaycan Respublikası İXM-nin 515.0.2 və 515.0.3-cü maddələri ilə inzibati qaydada tadbir görülməsindən ötrü Qaradağ RPİ-nin 10-cu PŞ-nə göndərilməsi, qərarın surətinin məlumat üçün Qardağ rayon prokuroruna göndərilməsi və toplanmış material saxlanılması üçün RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 515.0-cı maddəsində göstərilir:dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına, yəni: 515.0.1. dini qurumların müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına; 515.0.2. dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına; 515.0.3. ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə; 515.0.4. dini qurumun (dini mərkəz (idarə) istisna olmaqla) qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə; 515.0.5. dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər yeddi min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq hesab edir ki, onun barəsində İXM 515.0.2-ci və 515.0.3-cü maddələrində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci və 515.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2117/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2117/2025
23.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver