Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-212/2025 18.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, X1, Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin 10 yanvar 2025-ci il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 80 manat məbləğində cərimə olunmuşdur. 10 yanvar 2025-ci il tarixdə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında elektron qaydada İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozduğuna görə xx.xx.2025-ci tarixli, EQ 25471148 nömrəli elektron protokol tərtib olunmuşdur. Sözügedən qərar ləğv edilməlidir. İnzibati xəta haqqında protokol tərtib olunan ərazidə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında avtomobil nəqliyyatının hərəkət istiqamətini tənzimləyən, hərəkət axınını əks etdirən və yaxud istiqamətləndirən yol nişanları-xətləri, eləcə də dayanma-durmanı qadağan edəcək hər hansı bir məlumatverici və yaxud qadağanedici yol nişanları quraşdırılmamışdır. Tərəfindən idarə etdiyi ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin yol kənarında səliqəli şəkildə, digər sürücülərə və hərəkət iştirakçılarına heç bir maneə və yaxud çətinlik yaratmadığı təqdirdə, eləcə də avtomobili saxladığı yerin sağ tərəfində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin işçiləri üçün nəzərdə tutulmuş bağlıxidməti avtodayanacağın olduğunu nəzərə alaraq, tərtib olunmuş protokolda qeyd edilmiş 346.4-cü maddəsinə əsasən 2-ci sırada dayanma-durma qaydalarının pozulması müşahidə edilməmişdir. xx.xx.2025-ci il tarixində tərəfindən sözü gedən protokol elektron qaydada şikayət olunmuşdur, lakin hələ də heç bir cavab-nəticə alınmamışdır. Həmçinin sözügedən protokol üzrə araşdırmanın daha operativ və qərəzsizliyin təmin olunması məqsədi ilə avtomobilində quraşdırılmış videoqeydiyyat cihazından, eləcə də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin qarşısında yol nişanlarının, eləcə də xətlərinin olmaması ilə bağlı tərəfindən qeydə alınmış görüntülər də şikayət məktubuna əlavə olunmuşdur. Qeyd etdiklərinə əsasən Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta barədə qərarı ilə AR İXM-nin 346.4-cü maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinərək 80 manat cərimə nəzərdə tutulmuş inzibati xəta işi üzrə inzibati məsuliyyətdən azad edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin X2 tərəfindən tərtib edilmiş 10 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş 10 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 10 yanvar 2025-ci il tarixdə, saat 14:28-də Meyvəli gömrük komitəsinin qarşısında "X5” markalı, ** XA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə İXM-nin 346.4-cü maddəsinə əsasən səksən manat məbləğində cərimə edilmişdir. Belə ki, barəsində şikayət verilən orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və qeyd olunan inzibati pozuntu ilə əlaqədar şəxsin təqsirli bilinməsinə dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa şikayətə əlavə edilmiş fotoşəkildən də aydın olur ki, həmin görüntülər əsasında şəxsin təqsirli olmasını müəyyən etmək mümkün deyildir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X3 barəsində olan inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə barəsində qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və İXM-nin 128-ci, 129-cu, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-nin 346.4-cü maddəsi ilə təsirli bilinməsinə dair DİN-in BDYPİ-nin X2 tərəfindən qəbul edilmiş 10 yanvar 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-212/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-212/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver