Məhkəmə qərarları › İş №3(002)-2121/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2121/2025

08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2121/2025 08.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Dadaşova Şəfa Əliövsət qızı, Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Şəxs Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ 10-cu Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Bakı şəhəri Qaradağ RPİ 10-cu Polis Şöbəsinə geri qaytarılmalıdır. Belə ki, iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tatar əsilli olub, orta məktəbi rus bölməsində oxumasına baxmayaraq məhkəməyədək icraat zamanı tərçüməçi ilə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs inzibati araşdırma zamanı tərçüməçinin xidmətlərindən istifadə etməsinə şərait yaradılmamaqla onun müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 49.2-ci maddəsinə əsasən işdə iştirak edən, inzibati xətalar haqqında işlər üzrə icraatın aparıldığı dili bilməyən şəxslər ana dilində və ya bildiyi hər hansı başqa dildə məlumat, izahatlar, şikayət və ya vəsatət vermək hüququ ilə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada tərcüməçinin xidmətlərindən istifadə etmək hüququ ilə təmin olunurlar. Həmin Məcəllənin 61.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüququ vardır. Həmçinin inzibati protokol da natamam qaydada zərərçəkmiş şəxsin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı qeyd edilməmiş, inzibati protokolun surəti ona təqdim ediməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 101,102.5 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Qaradağ RPİ 10-cu Polis Şöbəsinə qaytarılsın. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar