Məhkəmə qərarları › İş №3(002)-216/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-216/2022

04.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-216/2022 04.03.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, İnzibati qərardan şikayət vermiş X1 iştirakı ilə, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi, polis polkovniki X3 tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X2 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X2 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi, polis polkovniki X5 tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati qərardan şikayət vermiş X2 öz izahatında verilmiş şikayəti müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu 11-ci Polis Bölməsinin rəisi polis polkovniki X3 tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli MN ******* saylı qərarla o, İXM-nin 454cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 80 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsində qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə cəza nəzərdə tutulur. O, heç bir küçə ticarəti ilə məşğul olmamışdır. Özü atasına məxsus “Kamaz” markalı **-NA-*** qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında idarə edir və qaimə əsasında qum karxanasından qum yükləyərək satışı ilə məşğul olur. 2021-ci ildə təxminən noyabr ayında o yenə də qum karxanasında qaimə əsasında qum götürmüş, lakin avtomaşın xarab olduğuna görə qumu evə yaxın yerə boşaltmışdır. Həmin vaxtı polis əməkdaşları gəlib həmin yerdən qumu yığmağını bildirmişlər. O da qardaşının köməkliyi ilə qumu yerə dağıtmışdır ki, maneə yaratmasın. Həmin yerdə heç bir satış olmamış və nə o, nə də qardaşı küçə ticarəti ilə məşğul olmamışdır. Hətta buna görə qardaşına da inzibati protokol tərtib edilərək eyni səbəbə görə qardaşımı da həmin maddə ilə cərimə edilmişdir. O və qardaşı barədə əsassız olaraq eyni maddə ilə inzibati xəta törətməyimizə görə əsassız qərar qəbul edilmişdir. Birincisi o, heç bir küçə ticarəti ilə məşğul olmamışdır. Barəsində tərtib edilmiş qərarda hansı saylı və hansı protokol əsasında cərimə edildiyi belə göstərilməmişdir. Barəsində tərtib edilmiş protokoldan xəbəri olmamış, bu barədə polis əməkdaşları ona heç bir məlumat verməmişdir. İcra məmuru qardaşıma zəng edəndə barəsində inzibati qərar qəbul edilməsindən xəbəri olmuşdur. İkincisi barəsində olan protokol yanvar 2022-ci il tarixdə tərtib edilmiş, qərar isə 2021 -ci ilin dekabr ayında qəbul edilmişdir. Necə olar ki, barəsində protokol olmadığı halda onun küçə ticarəti ilə məşğul olması barədə qərar qəbul edilir, bu özü onu göstərir ki, həmin qərar və protokol saxtadır. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu 11-ci Polis Bölməsinin rəisi polis polkovniki X3 tərəfindən tərtib edilmiş 13 dekabr 2021-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsi və əməlimdə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təkrarən məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, inzibati araşdırmaya dair material məhkəməyə təqdim edilməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını və təqdim etdiyi sənədləri nəzərdən keçirib hesab edir ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi, polis polkovniki X5 tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol İXM-nin 100-cü maddəsinin tələblərinə riayət edilmədən, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatlar (yəni inzibati xətanın törədildiyi vaxt və yer, şahidlərin və zərərçəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, inzibati xətanın konkret nədən ibarət olması, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, protokolun surətinin ona təqdim edilib-edilməməsi, şəxsin törətdiyi inzibati pozuntunu etiraf edib-etməməsi, bununla bağlı izahat və ya hər hansı bir qeydinin olub-olmaması və s.hallar) göstərilmədən tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X2 barəsində inzibati araşdırma aparılaraq inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Bundan başqa Qaradağ RPİ-nin 11-ci PB tərəfindən qeyd olunan inzibati iş üzrə materiallar məhkəməyə təqdim edilmədiyi üçün iş üzrə obyektiv araşdırma aparmaq mümkün olmamışdır. Belə ki, şikayətçinin ərizəsinə əlavə etdiyi inzibati xəta haqqında protokolun surətindən həmin protokolun hansı tarixdə yazılmasını da müəyyən etmək qeyri-mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı X6 tərəfindən qəbul edilmiş 25 may 2021-ci il tarixli EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəm QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsində Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi, polis polkovniki X3 tərəfindən qəbul edilmiş 13 dekabr 2021-ci il MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar