Məhkəmə qərarları › İş №3(002)-217/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-217/2021

31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-217/2021 31.05.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 3(103)-710/2021 nömrəli qərarına əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 fevral 2021-ci il və 18 yanvar 2021-ci il tarixli qərardadları ləğv edilmiş, inzibati iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə 05 yanvar 2021-ci il tarixli, 00100-- 2654/20 nömrəli protokoldan görünür ki, İran İslam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 29021714 nömrəli vaqonda, 658 nömrəli 02.12.2020-ci il tarixli invoys sənədi ilə idxal edilmiş və **********4429 sorğu nömrəli 06.12.2020-ci il tarixli gömrük bəvannəməsi ilə bəyan edilmiş 3853,00 m2 “keramikadan döşəmə üçün plitələr (kafel-metlax)” yüklərinə 12.12.2020-ci il tarixində “Abşeron” gömrük terminalında baxış zamanı sözügedən yüklərin 4036,00 m2 olduğu, yəni qablaşdırma qutusunun üzərində Ərdəbil Ceram” sözləri yazılmış ümumilikdə 183,00 m2 30x60sm ölçüdə “keramikadan döşəmə üçün plitələr (kafel-metlax)” yükünün artıq olduğu aşkar edilmişdir, Araşdırma zamanı izibati xətanın bilavasitə obyekti olan qablaşdırma qutusunun üzərində Ardəbil Ceram” sözləri yazılmış ümumilikdə 183,00 m2 30x60sm ölçüdə “keramikadan döşəmə İrün plitələr (kafel-metlax)” yükünün hər birinin ayrı-ayrılıqda və ümumilikdə 06.12.2020-ci il arixə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400-013/003-22/009606 saylı 16.12.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/5752 nömrəli 29.12.2020-ci il tarixli ekspert rəyinə əsasən İran İslam Respublikasında istehsal olunmuş, qablaşdırma qutusunun üzərində “Ərdəbil Ceram” sözləri yazılmış 30x60sm ölçülü kafelin 06.12.2020-ci il tarixə 1m2-nin orta bazar qiymətinin təxminən 12,00 manat, ümumilikdə 183,00 m2-nin qiymətinin isə 2196,00 manat olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 tərtib edilmiş protokola etiraz etmədiyini qeyd edib, çıxışında bildirmişdir ki, Şəxs MMC-nin adına İran İslam Respublikasından vaqonda, 658 nömrəli 02.12.2020-ci il tarixli invovs sənədi ilə idxal edilmiş keramikadan plitələr yüklərinin **********4429 sorğu nömrəli 06.12.2020-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edillmişdir. Həmin mallar mal göndərən şirkətin təqdim etdiyi müşayiət sənədləri olan invovs, CMR əsasında gömrük orqanına bəyan edilmişdir. İdxal etdikləri malların içərisində gömrük orqanına düzgün bəyan edilməyən malların olduğunu, yəni 183,00 m2 30x60sm ölçüdə “keramikadan döşəmə üçün plitələr (kafel-metlax)” yükünün artıq olduğunu əvvəlcədən bilməmişlər, bu səbəbdən həmin mallar şirkət tərəfindən gömrük orqanına düzgün bəyan edilməmişdir. Göstərilənləri alınaraq məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 12 dekabr 2020-ci il tarixli yoxlama haqqında protokoldan görünür ki, İran İslam Respublikasından ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 29021714 nömrəli vaqonla daxil olmuş və Bakı Baş Gömrük İdarəsinə təqdim olunmuş **********4429 sorğu nömrəli 06.12.2020-ci il tarixli gömrük bəyannaməsində 41 yerdən ibarət “keramikadan döşəmə üçün plitələr (kafel-metlax)” yükünə “Abşeron” gömrük postunda gömrük baxışı keçirildi. Gömrük baxışı zamanı ölçüləri 30*60 sm “keramikadan döşəmə üçün plitələr (kafel-metlax)” yükünün 3853.00 m2 bəyan edildiyi halda 183 m2 artıq olması, yəni 4036 m2 olması aşkar edildi. Aşkar edilmiş yüklər “Abşeron” gömrük postunun anbarında gömrük nəzarəti altında saxlanılır. **********4429 sorğu nömrəli 06.12.2020-ci il tarixli Gömrük bəyannaməsindən görünür ki, bəyannamənin 31-ci qrafasına əsasən Şəxs MMC tərəfindən idxal edilmiş yükləri 3852.00 m2 olmaqla bəyan edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 29.12.2021-ci il tarixli 9/5752 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş İran İslam Respublikasında istehsal olunmuş, qablaşdırma qutusunun üzərində “Ərdəbil Ceram” sözləri yazılmış 30 x 60 sm ölçülü kafelin 06.12.2020-ci il tarixə 1 m2-nin orta bazar qiyməti təxminən 12.00 manat, 183 m2-nin qiyməti isə 2196.00 manat müəyyən edilir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Şəxs MMC-nin nümayəndəsi X2 05.01.2021-ci il tarixli 00100-2654/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə hüquqi şəxsin nümayəndəsini dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 40 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 40 faizi miqdarında, yəni 878 (səkkiz yüz yetmiş səkkiz) manat 04 (dörd) qəpik məbləğində cərimə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci «Şəxs » MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar