Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-219/2022 28.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “OKAY" MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 10 fevral 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallarından aydın olur ki, Şəxs MMC, AQTA-nın Bakı Regional Bölməsinin 22 dekabr 2021-ci il tarixli İB ********** nömrəli qərarında qeyd olunan müraciətlər əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizliyi sertifikatı olmadan 26 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Salyan-Lökbatan yolu 22 ünvanında satmışdır. İş materiallarına əlavə edilmiş İD ********** nömrəli 22 dekabr 2021-ci il tarixli “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina haqqında” Qərarda qeyd edilmişdir ki, Şəxs MMC tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı 03 yanvar 2021-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək 07 müraciət edilmiş, həmin müraciətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qayadalarına”na və “Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa” müvafiq qaydada icraya götürülmüşdür. Müraciətlərin icra olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 302 nömrəli qərarının 20.9-cu və 2.10-cu maddələrinə əsasən yeyinti məhsulları sertifikatlaşdırılarkən təhlükəsizlik göatəricilərinin müəyyən edilməsi məqsədilə Agentlik tərəfindən ekspertizası aparılır və ekspertiza ərizəçinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Qida Təhülükəsizliyi İnstitutu tərəfindən məhsulların ekspertizası həyata keçirildikdən sonra ekspertizaya dair ödəniş bildirişi hökümət ödəniş portalı vasitəsilə ərizəçiyə göndərilir və ərizəçi tərəfindən ödənişi təsdiq edən sənəd lisenziya və icazə verən orqana təqdim edilməlidir. Lakin ərizəçi tərəfindən ekspertiza üçün ödənişin ödənilməsinə dair müvafiq qəbz Agentliyin Bakı regional bölməsinə təqdim edilmədiyinə görə Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 302 nömrəli qərarının 2.9-cu və 2.10-cu maddələrinin tələbləri və “Lisenziya və icazələr” haqqında Qanunun 20.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Qeyd olunanlar nəzərə alınaraq Şəxs MMC trəfindən 03 yanvar 2021-ci il tarixdən 15 yanvar 2021-ci il tarixədək edilmiş müraciətlər əsasında idxal olunan yeyinti məhsullarına qida təhülkəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə “OKAY" MMC-yə və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinə rəsmi qaydada məlumat verilsə də, qeyd olunan təşkilatlardan nümayəndələr məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə, işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, “OKAY" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən toplanmış inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən Şəxs MMC-yə ünvanlanmış 22 dekabr 2021-ci il tarixli məktubdan görünür ki, MMC tərəfindən ekspertiza üçün ödənişin ödənilməsinə dair müvafiq qəbz Agentliyin Bakı Regional Bölməsinə və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna təqdim edilməmiş və Şəxs MMC tərəfindən ödəniş həyata keçirilməmişdir. Nəticədə Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli, 302 nömrəli qərarının 2.9-cu və 2.10-cu maddələrinin tələbləri və “Lisenziya və icazələr” haqqında Qanunun 20.1.2-ci maddəsinin tələbləri pozulmuşdur. Odur ki, yuxarıda qeyd olunan məlumatların 26 yanvar 2022-ci il tarixədək Agentliyin Bakı Regional Bölməsinə təqdim edilməsi xahiş edilmiş, məlumat verilməyəcəyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndirilməsi və inzibati icraata başlanılması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. Beləliklə, məhkəmə “OKAY " MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, “OKAY " MMC hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(002)-219/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-219/2022
28.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver