Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-22/2025 21.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X1 DİN-in BDYPİ-nin 22 dekabr 2024-cü il tarixli EQ 25180465 nömrəli qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 22 dekabr 2024-cü il tarixli, EQ 25180465 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, DİN-nin BDYPİ-nin xx.xx.2024-cü il tarixli, EQ 25180465 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, qanunsuz və əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə xx.xx.2024-cü il tarixli, EQ 25180465 saylı protokol və inzibati xəta haqqında işin digər materillari götürülmüşdür. Tərtib olunan protokola və inzibati xəta haqqında işin digər iş materiallarına görə, xx.xx.2024-cü il saat 21:23-də M-2 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində DAF FTXF 105 yük markalı, **-NK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərəkən iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXP-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Bildirmək istəyir ki, yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də göründüyü kimi avtomobili yüklədiyim ərazidən 39 ton 820 kq, çəki ilə xx.xx.2024-cü il tarixdə saat 12:01 radələrində ərazidən çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 39 ton, 580 kq, çəki ilə xx.xx.2024-cü il tarixdə saat 00:11 radələrində çatmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixində 22:41 radələrində Bakı şəhərində Çermet körpüsü adlanan ərazidə yüklü olaraq tərəzidə avtomobili çəkdirmişdir. Orada da avtomobilin yüklü çəkisi 39 ton 930 kq olmuşdur. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton, 370 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobillər üçün nəzərdə tutulmuş tərəziyə çıxardılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bu səbəbdən hesab edir ki, qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 9-cu maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yoni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Bir inzibati xǝtaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görǝ şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rasmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Bu Məcəllənin 126.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə görə, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsǝ) verilir: hakimin qərarından apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi, tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması, inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestǝ baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, ərizəyə əlavə etdiyi sənəddən də göründüyü kimi avtomobili qum yüklədiyi İmişli rayonundan 39 ton 820 kq, çəki ilə 22 dekabr 2024-cü il tarixdə, saat 12:01 radələrində ərazidən çıxmışdır. Yükü boşaltdığı əraziyə isə, yəni Bakı şəhəri, “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən "xxxx" MMC-yə 39 ton, 580 kq, çəki ilə 23 dekabr 2024-cü il tarixdə, saat 00:11 radələrində çatmışdır. Bundan başqa onun mobil telefonuna inzibati pozuntu ilə bağlı sms bildiriş gəldiyindən hər ehtimala qarşı apardığı yükün çəkisini bir də yoxlamaq üçün xx.xx.2024-cü il tarixində 22:41 radələrində Bakı şəhərində “Çermet” körpüsü adlanan ərazidə yüklü olaraq tərəzidə avtomobili çəkdirmişdir. Orada da avtomobilin yüklü çəkisi 39 ton 930 kq olmuşdur. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton, 370 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobilləri üçün nəzərdə tutulmuş tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Bütün bunların nəzərə alınaraq DİN-in BDYPİ-nin 22 dekabr 2024-ci il tarixli EQ 25180465 saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. O cümlədən bununla bağlı məhkəməyə hər hansı bir material və ya sübut təqdim edilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş DİN-in BDYPİ-nin 22 dekabr 2024-cü il tarixli, EQ 25180465 saylı qərarın surətindən aydın olur ki, vətəndaş X2 22 dekabr 2024-cü il tarixdə M-2, 47.9 km Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində 22 dekabr 2024-cü il tarixdə, saat 21:23-də DAF FTXF 105 yük markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində cərimə edilmişdir. Həmin cərimənin yazılmasına əsas olunmuş fotoşəkildən aydın olur ki, DAF FTXF 105 yük markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobil 22 dekabr 2024-cü il tarixdə, saat 21:23-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin ümumi çəkisi 42370 kq olmuşdur. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X2 barəsində DİN-in BDYPİ tərəfindən tərtib edilmiş 22 dekabr 2024-ci il tarixli EQ 25180465 nömrəli qərar əsassız olduğundan ləğv edilməli və yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, DİN-in BDYPİ qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün əhəmiyyət kəsb edən sənədləri, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Bundan başqa şikayətçinin məhkəməyə təqdim etdiyi tərəzi qəbzlərindən və "xxxx" MMC-dən ona verilmiş 22 dekabr 2024-cü il tarixli, yük-nəqliyyat qaiməsi sənəddən aydın olur ki, sürücünun darə etdiyi DAF FTXF 105 yük markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilin 22 dekabr 2024-cü il tarixdə, saat 12:01-də yüklə dolu çəkisi 39820 kq, 22 dekabr 2024-cü il tarixdə, saat 22:41-də yüklə dolu çəkisi 39930 kq və qeyd olunan yükü boşaldarkən 23 dekabr 2024-cü il tarixdə 00:11-də yülə dolu çəkisi 39580 kiloqram olmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X2 yuxarıda qeyd olunan vaxtda idarə etdiyi avtomobilin maksimim kütləsi 40 tonu keçməmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə DİN-in BDYPİ-nin 22 dekabr 2024-cü il tarixli EQ 25180465 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Beləliklə məhkəmə, yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131-ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə tənbeh edilməsinə dair DİN-in BDYPİ-si tərəfindən qəbul edilmiş 22 dekabr 2024-cü il tarixli, EQ 25180465 saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-22/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-22/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver