Məhkəmə qərarları › İş №3(002)-2233/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2233/2023

25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2233/2023 25.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Bakı şəhər Qaradağ Rayon Dövlət X4 axtarış üzrə inspektoru, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Qaradağ Rayon Dövlət X4 axtarış üzrə inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində nəqliyyat vasitəsini bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Bakı şəhər Qaradağ Rayon Dövlət X4 axtarış üzrə inspektoru, polis kapitanı X2 tərəfindən tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, inzibati xəta video görüntü əsasında müəyyən edilmiş, daha sonra vətəndaşın izahatı alınmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində toy karvanında olan VAZ-2107 markalı, 44BM867 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq ziqzaqvari şəkildə manevrlər etdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirmişdir ki, VAZ-2107 markalı, 44BM867 dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmişdir. Törətdiyi əməli səmimi etiraf edərək əməlindən peşman olduğunu, ilk dəfə qanun pozuntusuna yol verdiyini, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq, barəsində cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Ona verilən suala cavab olaraq bildirmişdir ki, sürücülük vəsiqəsini itirmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materialına əlavə olunmuş inzibati materiallara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 sentyabr 2023cü il tarixdə, saat 18:40 radələrində idarə etdiyi “VAZ 2107” minik markalı, 44BM867 dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində toy karvanında hərəkətdə olan zaman nəqliyyat vasitəsini bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla avtoxuliqanlıq hərəkətləri etmişdir. İş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs “VAZ 2107” minik markalı, 44BM867 dövlət qeydiyyat nişanlı avtomobillə Lökbatan qəsəbəsində nəqliyyat vasitəsini bir və ya daha çox təkərini yolun səthindən qaldırmaqla avtoxuliqanlıq hərəkətləri etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, Şəxs məxsus xx.xx.2024-cü il tarixədək qüvvədə olan AE 854372 B,C kateqoriyalı sürücülük vəsiqəsi vardır. İş materiallarına əlavə edilmiş 28 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin mərkəzi informasiya sisteminin məlumatına əsasən Şəxs AE 854372 B,C kateqoriyalı sürücülük vəsiqəsi olsa da onu itirdiyi üçün təqdim edə bilməmişdir. İş materiallarında olan 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, “VAZ 2107” minik markalı, 44BM867 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, sürücü Şəxs müəyyən edilərək Qaradağ RPİ-nin DYPŞ-nə dəvət edildiyindən iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 511.1.2-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 511.1.2 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar