Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2250/2023 28.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X2 Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanında satmışdır. Bununla da Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin 20 noyabr 2023-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi A.M.Zeynalov bildirmişdir ki, Şəxs MMC tərəfindən Rusiya Federasiyasından dondurma məhsullarının idxalı üçün agentliyə müraciət edilmişdir. Bundan sonra sertifikatlaşdırma üçün məhsul partiyalarından nümunələr götürülərək agentliyin müvafiq laboratoriyasına təqdim edilmişdir. Sınaq nəticələrinə əsasən məhsullarda bakteriya aşkar olunmuşdur. Bununla bağlı məhsullara sertifikat verilməsindən imtina edilmiş və malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar çıxarılmışdır. Bundan sonra anbara baxış keçirilməsi üçün Şəxs MMC ilə əlaqə saxlanılmış, şirkət tərəfindən məhsulların satıldığı bildirilmişdir. Şəxs MMC-yə məhsul partiyalarının satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması barədə məlumatların əldə edilməsinə dair 10 oktyabr 2023-cü il tarixli, 3-44-1/2-1-10195/23 nömrəli məktub ünvanlanmışdır. Regional bölmənin adı çəkilən məktubunda qeyd olunan müddət ərzində quruma məlumat verilmədiyi üçün şirkət barəsində inzibati icraat başlanılmış, inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim olunmuşdur. Əlavə olaraq bildirmişdir ki, İD ********** nömrəli müraciət üzrə idxal olunmuş bir neçə məhsul partiyasından yalnız 19 partiya nömrəli məhsul partiyasında uyğunsuzluq çıxmışdır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, idxal olunan məhsullara dair xx.xx.2023-cü il tarixli yararlılıq laboratoriya nəticəsini agentliyə təqdim edərək nümunə götürülməsi xahiş edilmişdir. Həmin mallar dəfələrlə ölkəyə gətirilmişdir, hər dəfə sertifikat verilmişdir, lakin axırıncı dəfə isə bir partiya üzrə sertifikat verilməsindən imtina edilmişdir. Rusiya Federasiyasından aldıqları laboratoriya rəyini təqdim edərək yenidən nümunə götürülməsini xahiş etmişlər. Dəfələrlə telefon vasitəsilə əlaqə saxlayaraq malların yararsız olduğunu və agentliyin əməkdaşları ilə yenidən baxış keçirilərək məhv edilməsini bildirmişlər. Agentlik tərəfindən 17 avqust 2023-cü il tarixdə məhsul barədə məlumat əldə olunması üçün şirkətə müraciət olunmuş, malların agentliyin əməkdaşlarının iştirakı ilə məhv ediləcəyi bildirilmiş, lakin agentlik tərəfindən sertifikat verilməmiş məhsul şirkət tərəfindən məhv edilmişdir. Bundan başqa məhkəmənin 28 noyabr 2023-cü il tarixli iclasında bildirmişdir ki, ümumiyyətlə məhsulların satışı həyata keçirilməmiş, sertifikat verilməsindən imtina edilməsi barədə poçtla heç bir məlumat gəlməmiş, avqust ayında müraciət edilərkən əməkdaşlar tərəfindən bilavasitə öyrənilmişdir. 01 avqust 2023-cü il tarixdə təkrar sınaq keçirilməsi ilə bağlı müraciət etmişlər, bundan sonra onlara 10 oktyabr 2023-cü il tarixli bildiriş ünvanlanmışdır. Bundan başqa xx.xx.2023-cü il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, 19 partiya nömrəli ümumi çəkisi 1789,92 kiloqram olan dondurma məhsulunun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi qərarı oktyabr ayının sonunda almışlar. Dərhal sonra agentliyə məhsulun artıq məhv olması ilə bağlı şifahi məlumat vermişlər. Məhkəmənin 28 noyabr 2023-cü il tarixli iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X3 bildirmişdir ki, sahibkarın müraciəti əsasında qida təhlükəsizliyi sertifikatı əldə olunması üçün xx.xx.2023-cü il tarixdə məhsuldan nümunələr götürülmüş, laboratoriyaya təqdim olunmuşdur. Müraciət edildikdən sonra araşdırılır sənəd ekspertizası aparılır, o aparıldıqdan sonra sahibkar müəyyən müddət ərzində malları idxal edə bilər. İdxal olunduqdan sonra 1 həftə ərzində əməkdaşlar tərəfindən nümunələr götürülür, laboratoriyaya təqdim olunur, sınaq nəticəsinə uyğun olaraq məhsulda bakteriya aşkar olunmuşdur. Qida təhlükəsizliyi haqqında qanunun 10.6-cı maddəsinə uyğun olaraq təhlükəli hesab edilən qida və yem məhsulu bir bağlamanın, partiyanın, yaxud eyni sinfə və ya təsvirə malik yükün hissəsi olduqda və həmin bağlamada, partiyada və yükdə olan digər qida və yem məhsullarının təhlükəsizliyi barədə sübut tapmaq mümkün olmadıqda, həmin bağlamada, partiyada və yaxud yükdə olan bütün qida və yem məhsulları təhlükəli hesab edilir. Ona görədə sahibkara qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi və digər məhulların müayinəyə cəlb olunması ilə bağlı xx.xx.2023-cü il tarixli qərar göndərilmişdir. Bildirmişdir ki, hüquqi şəxs tərəfindən qərar alındıqdan dərhal sonra məhsulları məhv edə bilməz. Sertifikatlaşdırmadan imtina olunduqdan sonra digər məhsul partiyalarının uyğun olub-olmadığını müəyyənləşdirmək üçün agentliyə müraciət edilməlidir. Şirkət tərəfindən həmin müraciət edilmiş, digər məhsul partiyalarından nümunə götürülmüş və sınağın nəticəsi uyğun olmuşdur. Bundan sonra 17 avqust 2023-cü il tarixdə qərar qəbul edilərək xx.xx.2023-cü il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, 19 partiya nömrəli ümumi çəkisi 1789,92 kiloqram olan dondurma məhsulunun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi qərar təqdim olunmuşdur. Sahibkar qərarı icra etməmiş hərəkətsizlik göstərmişdir. İcra olmadığı üçün şərti qərar çıxarılmış, sahibkara 1 ay vaxt verilmişdir. Həmin müddət ərzində isə qərar yalnız agentliyin əməkdaşlarının iştirakı ilə icra olunmalıdır. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan elektron ərizədən görünür ki, İD ********** nömrəli müraciət üzrə Şəxs MMC-nin ünvanına göndərilən 19 may 2023-cü il istehsal tarixli, 19 noyabr 2024-cü il son istifadə tarixli, 19 partiya nömrəli ümumi çəkisi 1789,92 kiloqram olan dondurma məhsulu partiyası Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57 ünvanında boşaldılmışdır. İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli, 3-44-1/2-1-10195/23 saylı məktubun surətindən görünür ki, Şəxs MMC-nin müraciəti əsasında ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanılması) barədə məlumatların xx.xx.2023-cü il tarixədək Bakı Regional Bölməsinə təqdim edilməsi, əks təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndirilərək şirkət barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı bildirilmişdir. İş materiallarında olan 27 iyul 2023-cü il tarixli, 101 nömrəli qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilməsi barədə qərardan görünür ki, Şəxs xx.xx.2023cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş xx.xx.2023-cü il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, 19 partiya nömrəli ümumi çəkisi 1789,92 kiloqram olan dondurma məhsulu partiyasına qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina edilmişdir. İş materiallarında olan 16 avqust 2023-cü il tarixli, 108 nömrəli təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında idxal olunmuş xx.xx.2023-cü il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, 19 partiya nömrəli ümumi çəkisi 1789,92 kiloqram olan dondurma məhsulu qərarın hüquqi qüvvəyə mindiyi gündən 10 gün ərzində Agentliyin əməkdaşlarının iştirakı ilə Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, bu qərarın 1-ci bəndi icra edilmədiyi təqdirdə məhsul partiyası Agentliyin əməkdaşlarının iştirakı ilə 10 (on) gün ərzində məhv edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Regional Sınaq Laboratoriyasının sınaq protokolundan görünür ki, təqdim edilmiş nümunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən “Enterobacteriacea” aşkar edildiyinə görə məhsul Azərbaycan Respublikasının Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli 19 saylı qərarının tələblərinə cavab verməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən sertifikat təqdim olunmamış partiya üzrə məhsulun məhv edilməsi prosesi Şəxs MMC-nin məhkəmə iclasında iştirak etmiş əməkdaşının qeyd etdiyi qaydada Agentliyin əməkdaşlarının iştirakı və ya videoçəkiliş aparmaqla həyata keçirilmədiyindən, məhsulun məhv edilməsi halı təsdiqini tapmamışdır. Beləliklə iş materialları, həmçinin proses iştirakçılarının izahatları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında satmışdır. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən ölkəyə idxal olunmuş qida məhsullarını qida təhlükəsizlik sertifikatı olmadan satılması Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulmasına, yəni: qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 447.0.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2250/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2250/2023
28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver