Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2258/2023 31.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Hacıqabul rayonu, Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlləri törətməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10cu polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş 31 oktyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Lökbatan dairəsində vətəndaş Şəxs YPX əməkdaşlarını təhqir etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin sahə rəisi polis mayoru X4 tərəfindən tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Lökbatan dairəsində yerləşən “24 saat” marketin yaxınlığında iki nəfər şəxs DYP əməkdaşlarına yaxınlaşaraq uca səslə danışıb nalayiq ifadələr işlətdikləri üçün Çevik Polis əməkdaşları tərəfindən saxlanılaraq 10-cu PŞ-nə gətirilmişlər. Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, siqaret almaq üçün mağazaya daxil olmuşdur. Bundan sonra dostunun YPX əməkdaşlarına yaxınlaşdığını görmüşdür. Polis əməkdaşı dostuna aqresiv cavab vermiş, o isə dostunu sakitləşdirmək üçün dostunun qolundan tutub uzaqlaşdırmaq istəmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışlar. Əlavə olaraq bildirmişdir ki, hadisə zamanı nalayiq ifadələr işlətməmişdir. Göstərdiklərini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə təqribən saat 23:00 radələrində polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, tutulduqdan dərhal sonra tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına məlumat vermək hüququ təmin edilmişdir, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona qarşı fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında müdafiəçinin hüquqi yardımından istifadəsindən imtinaya səbəb onun maddi vəziyyəti ilə bağlı olmadığını, əlilliyi olmayan şəxs olduğunu qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YNH üzrə baş inspektoru X1 izahatında bildirmişdir ki, Telmanın dostu yol polisi əməkdaşına yaxınlaşaraq onu Hacıqabula aparmasını bildirmişdir. Bundan sonra mübahisə yaranmış, Telman həmin yerə yaxınlaşaraq dostunun şöbəyə aparılmasına maneə olmaq istəmişdir. Hər iki vətəndaş ünvansız nalayiq ifadələr işlətmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq təqdim olunmuş protokoldakı hallarla bağlı belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmamışdır. Əksinə, heç bir inzibati xəta hadisəsi törətmədiyi halda polis əməkdaşları ilə bərabər polis şöbəsinə getmiş və izahat vermişdir. Belə ki, məhkəmə iclasında izahat vermiş şahid tərəfindən Şəxs protokolda qeyd olunmuş xətanı törətməsinə dair heç bir əsaslı sübut təqdim olunmamışdır. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Həmçinin, Şəxs əməlində ictimai qaydanı pozan hər hansı hərəkətlər etməsi, söyüşlər söyməsi və hər hansı xuliqanlıq hərəkətləri etməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Odur ki, sonuncu barəsində həmin maddələr ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi vmie Nicat İslamlıya ünvanlanmış 30 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 23:20 radələrində 14-cü km dairəsində xidmətdə olarkən DYPŞ-nin 256 çağırışlı avtopatrulu efir vasitəsi ilə 24 saat marketin qarşısına kömək çağırmışdır. Həmin əraziyə yaxınlaşaraq iki nəfər şəxsin DYPŞ-nin inspektorları ilə yüksək səslə danışdıqlarını görmüşlər. Həmin vətəndaşlara yaxınlaşaraq onları 10-cu Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə həmin şəxslərin Şəxs və Elşad Qurbanov olduqları məlum olmuşdur. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 30 oktyabr 2023-cü il tarixdə saat 23:00-da inzibati qaydada tutulmuş, 31 oktyabr 2023-cü il tarixdə saat 10:00-da azad edilmişdir. İş materialında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 31 oktyabr 2023-cü il tarixli, 2/20439 nömrəli protokoldan görünür ki, hadisə zamanı Şəxs yüngül dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:00 radələrində Lökbatan dairəsində vətəndaş Şəxs YPX əməkdaşlarını təhqir etmişdir. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisə polis bölməsinə təqdim olunmuş raportda qeyd olunanlarla ümumiyyətlə eynilik təşkil etmir. Belə ki, raportda Şəxs xırda xuliqanlıq etməsi qeyd olunmasına baxmayaraq, qeyd olunan halları təsdiq edəcək heç bir dəlil məhkəmə iclasında təqdim olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-2258/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2258/2023
31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver