Məhkəmə qərarları › İş №3(002)-2262/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2262/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2262/2023 01.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızınını katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin direktoru X14 və onun müdafiəçisi X5 iştirakları ilə, xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, "xxxx" MMC-nin direktoru, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 01 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, icraatda olan 9 icra sənədi üzrə borclu "xxxx" MMC-nin direktoru X14 icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X15 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, "xxxx" MMC-nin borclu olduğu icra sənədləri üzrə cəmiyyətin rəhbəri X14 barəsində protokol tərtib olunmuşdur. Protokolun tərtib olunmasına əsas icra sənədləri üzrə borcların ödənilməməsi olmuşdur. Həmçinin, Ə.Abasov tərəfindən icra şöbəsinə ərizə ilə müraciət olunaraq "xxxx" MMC-nin balansında əmlaklar olduğu barədə məlumat verilmişdir. Lakin, həmin əmlaklar "xxxx" ASC tərəfindən götürülmüşdür. Həmin əmlak satıldıqdan sonra şirkətin başqa əmlakı qalmamışdır. Bu səbəbdən "xxxx" MMC-nin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Baxış barədə protokol tərtib olunmuşdur, lakin baxış zamanı qeyd olunan əmlaklar aşkar olunmamışdır. Borclu barəsində görülmüş icra tədbirləri nəticə vermədiyindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. X2 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X13 çıxışında bildirmişdir ki, X2nun 7-8 ildir ki, görmə qabiliyyəti məhdudlaşmışdır, nəyə qol çəkdiyini bilməmişdir. İcra şöbəsinə birinci dəfə dəvət olunmuşdur, bundan başqa ona məsuliyyətli izah olunmalıdır. Onun əməlində inzibati xəta tərkibi olmadığın iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1582/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən 26480.63 manat məbləğində pul vəsaiti borclunun əmlakı hesabına tutularaq tələbkar Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə iş Departamentinin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı, 04 avqust 2015-ci il tarixli icra vərəqəsinə əsasən X10 və Şəxs MMC-dən müştərək qaydada 1.450.000 USD tutularaq X6 xeyrinə ödənilməlidir. X10 və Şəxs MMC-dən müştərək qaydada 1.450.000 USD tutularaq X1 xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri 20,30 manat X16 və Şəxs MMC-dən müştərək qaydada dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-182/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən cəmi 112335.6 manat məbləğində pul vəsaiti tutularaq tələbkar HOLCİM (AZƏRBAYCAN) ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan 1 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-898/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən 70267.87 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-580/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-dən 54438 manat məbləğində pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borclular "xxxx" MMC, X3 müştərək qaydada 201554.59 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "X24 Azərbaycan" QSC-nin xeyrinə ödənilməlidir. Tələb borclu X4 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi evə yönəldilməlidir. Mənzilin ilkin satış qiyməti 128000 manat məbləğində müəyyən edilməlidir. Mənzil açıq hərracda satıldıqdan sonra borclu X4 mənzilə istifadə hüquqları itirilməklə 1 ay müddətində daşınmaz əşyalar boşaldılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********203200 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 753743.24 manat maliyyə sanksiyası tutularaq dövlət nəfinə ödənilməlidir. İş materiallarında olan Qazax Rayonu Kəmərli Bələdiyyəsinin 16 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 6920 manat pul tutularaq Kəmərli bələdiyyəsinin hesabına ödənilməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-195/2016 saylı, 16 noyabr 2016-cı il tarixli icra sənədinə əsasən borclular X3 və Şəxs MMC- dən müştərək qaydada cəmi 4930478,37 manat məbləğində borc tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Tutma borclu Şəxs MMC-nin mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası, əmlak kompleksi kimi müəssisəyə və həmin müəssisənin girov qoyulmuş avadanlıqlarına yönəldilməli, onlar açıq hərracda satılmalı və satışdan əldə olunmuş məbləğ hesabına tələbkara olan borc ödənilməlidir. Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası, əmlak kompleksi kimi müəssisənin ilkin satış qiyməti 635071 manat, girov qoyulmuş avadanlıqların ilkin satış qiyməti isə ******* manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən Vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" MMC icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)-1582/2015 nömrəli, xx.xx.2015-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5143/2015 saylı, 04 avqust 2015-ci il tarixli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-182/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-898/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-580/2016 nömrəli, xx.xx.2016-cı il tarixli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-225/17 nömrəli, xx.xx.2017-ci il tarixli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********203200 nömrəli, xx.xx.2020-ci il tarixli, Qazax Rayonu Kəmərli Bələdiyyəsinin 16 nömrəli, xx.xx.2022-ci il tarixli, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-195/2016 saylı, 16 noyabr 2016-cı il tarixli icra sənədlərinin icrasını üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə hesab edir ki, icra sənədi üzrə borclu hüquqi şəxs "xxxx" MMC olduğundan, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edilməməsinə görə onun rəhbəri, yəni vəzifəli şəxs olaraq X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirlidir. Belə ki, məhkəmə yuxarıda qeyd olunan icra vərəqələrinin hüquqi şəxs tərəfindən icra edilməməsini, habelə hüquqi şəxsin rəhbəri tərəfindən məhkəmə qərarının icrası istiqamətində səy belə göstərilməməsini icra sənədinin icrasından qərəzli olaraq yayınma kimi qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun yaşını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, hesab edir ki, vəzifəli şəxs olaraq X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilsin. X12 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar