Məhkəmə qərarları › İş №3(002)-2268/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-2268/2024

08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-2268/2024 08.08.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Yasamal rayon Məhkəməsinin 2(004)-2184/2020 saylı, 28 iyul 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X4 o öz izahatında bildirmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 2184/2020 saylı 28 iyul 2020-ci il tarixdə verilmiş icra sənədinə əsasən 29 iyun 2012-ci il təvəllüdlü X5 və 13 noyabr 2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 25 fevral 2020-ci il tarixdən hesablanmaqla cavabdeh Şəxs hər ay hər uşaq üçün 160 manat, ümumilikdə hər ay 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcra vərəqi icraata daxil olduqdan sonra, yəni 30 iyul 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildirişlər birlikdə borcluya göndərilmişdir. Borclu icra vərəqəsinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən 14 sentyabr 2020-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 3(002)-1086/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qərarı ilə İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış haqqında qərar qəbul edilmişdir. Bundan başqa Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 8(002)-15/2021 saylı, 10 fevral 2021-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra yenə də dəfələrlə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Borclu bu günə kimi hər ay aliment borcundan 100-200 manat ödəniş etsə də bu günə 7360 manat aliment borcu yığılmışdır. İcra məmuru daha sonra öz izahatında məhkəmə iclasının yeri və vaxtı barədə tələbkarla əlaqə saxladığını, lakin tələbkarın işdə olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Ona görə də göstərilənləri nəzərə alıb sonuncunun barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının gedişində tələbkar X6 ilə mobil telefonla əlaqə saxlanılmış, tələbkar şərait yaradılcağı təqdirdə məhkəmə iclasında iştirak etmək istədiyini bildirmiş, borclunun icra məmurunun dediyi kimi 7360 manat deyil, 9380 manat aliment borcunun olduğunu bildərərək bu məsələlərin aydınlaşdırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında barəsində tərtib olunmuş protokolu qəbul etməyərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır. Qaradağ rayon Məhkəməsinin 3(002)-1086/2020 saylı, 14 sentyabr 2020-ci il tarixli qərarı ilə inzibati qaydada həbs edildikdən sonra aliment borcundan hər ay 200 manat olmaqla ümumilikdə bu günədək 9000 manata yaxın aliment borcundan ödəniş etmişdir. Hazırda inzibati xəta haqqında protokolda göstəriləndən daha az miqdarda aliment borcu qalmışdır. Bundan başqa dünən, yəni 07 avqust 2024-cü il tarixdə daha 200 manat ödəniş etmişdir. Şərait yaradılacağı təqdirdə növbəti aydan etibarən hər ayın altısı-səkkizi aliment borcundan dörd yüz manat ödəniş edəcəkdir. Barəsində mülki axtarış işi açılması ilə bağlı isə bildirmişdir ki, həmin qərar çoxdan qəbul edilmiş və bundan xəbəri olmamışdır. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və izahatları dinləyərək hesab edir ki, material natamam olduğundan, yəni yuxarıda qeyd olunan icra vərəqəsi üzrə aliment borcunun miqdarı dəqiq müəyyən edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasının gedişində borclu, tələbkar və icra məmuru aliment borcunun miqdarı barədə fərqli rəqəmlər qeyd etmişlər. Göründüyü kimi borclu Şəxs bu günə ödəməli olduğu alimentin miqdarı icra məmuru tərəfindən dəqiq müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasının gedişində tələbkar X6 ilə mobil telefonla əlaqə saxlanılarkən o icra məmuru tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmədiyini, hazırda isə vaxt qısa olduğundan və işdə olduğundan gəlmək imkanının olmadığını bildirərək gələcəkdə məhkəmə iclasında iştirak etmək istədiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qeyd olunan məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmasını müəyyən etmək və barəsində protokol tərtib edilən günədək yaranmış aliment borcunun miqdarını dəqiq müəyyən etmək mümkün olmadığından onun barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh tədbirinin tədbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə geri qaytarılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar