Məhkəmə qərarları › İş №3(002)-2288/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2288/2023

03.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2288/2023 03.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxxxxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(002)-435/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. Hazırda Şəxs 1870 manat aliment borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 18 may 2023cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(002)- 435/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirməklə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Borclu tərəfindən cəmi 550 manat tələbkarın xeyrinə aliment ödənişi edilmişdir. Borcunu ödəməməsinə səbəb özünün xəstə olması, həkimə getməsi olmuşdur. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hər-hansı gəlir və əmlak aşkar edilməmişdir. Hazırda borclu Şəxs 1870 manat aliment borcu yaranmışdır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. Borcunu ödəmək niyyətindədir, lakin hazırda xəstə olduğu üçün ödəniş edə bilməmişdir. Oktyabr ayında tələbkarın xeyrinə 500 manat ödəniş etmişdir. İşlə yeni təmin olunmuşdur. Növbəti aydan borcunu ödəyəcəyini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, saat 12:00 radələrində icra şöbəsinə gəlmiş, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Heç bir əlilliyi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar X8 öz izahatında bildirmişdir ki, yığılmış 1870 manat aliment borcunu tam şəkildə tələb edir. Möhlət vermək niyyəti yoxdur. Barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(002)-435/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 18 may 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(002)-435/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 18 may 2023-cü il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 03 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(002)-435/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 1870 manat aliment borcu yaranmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(002)-435/2023 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2022-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 ödənilməlidir. İcra sənədi üzrə icraata 18 may 2023-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Borclu tərəfindən tələbkarın xeyrinə ümumilikdə 550 manat ödəniş edilməsinə baxmayaraq, ödənilmiş məbləğ ümumi borca münasibətdə cüzi olmuş və borclu icranı tam olaraq təmin etməkdən boyun qaçırmışdır. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu Şəxs qərarın icrasına laqeyd yanaşaraq borcunu ödəməmişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 03 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 03 noyabr 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar