Məhkəmə qərarları › İş №3(002)-2311/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2311/2023

13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2311/2023 13.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri X4 İdarəsinin 16 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri X4 İdarəsinin 16 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində Gənclikdən Lökbatan istiqamətinə getmişdir. Qurd qapısından maşın bazarı istiqamətində hərəkət edərkən yol qırağında gözləyən polis serjantı Ağayev Samir dayan işarəsi vermiş və o, avtomobili biraz irəlidə saxlamışdır. Polis serjantı Ağayev Samir yaxınlaşaraq özünü təqdim etmiş və manevr etmə qaydasını pozduğunu bildirmişdir. O, bildirmişdir ki, heç bir qayda pozuntusu etməmişdir, çünki heç bir yerə manevr etməmişdir, yol özü sağa doğru meyl edir. Əlavə olaraq bildirmişdir ki, gəldiyi zolaqda nişanlanma xətti 1.5 nişanlanma xəttidir, zolaq dəyişməmişdirsə nəyə görə dönmə işığından istifadə etməlidir. Polis əməkdaşı ona bildirmişdir ki, yerdəki xətt qırıq xətdir yəni sola dönə bilərsən və yol ayırıcına daxil olmusan ona görə dönmə işığından istifadə etməlisən. O, yerdəki nişanlanma xəttinin 1.7 (yol ayırıcı nişanlanma xətti) nişanlanma xətti olmadığını bildirmiş və sola dönsə və ya yerdəyişmə etsə dönmə işığından istifadə edəcəyini bildirmiş və yenidən heç bir yerə manevr etmədiyini bildirmişdir. Lakin, əsaslı bir cavab ala bilməmişdir. Ona qərarsız olaraq protokol tərtib edilmişdir. Protokoldan onlayn formada şikayət etmiş, lakin şikayətə heç bir cavab gəlmədən və onun iştirakı olmadan qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhəri X4 İdarəsinin 16 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayəti müdafiə edərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini, təqdim olunmuş videogörüntünü və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 23 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, V.A.Həziyev 16 sentyabr 2023-cü il tarixdə, saat 21:18-də idarə etdiyi “Kia K5” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə xətasına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, V.A.Həziyev barəsində 16 sentyabr 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Həmin protokol əsasında 23 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və V.A.Həziyev 16 sentyabr 2023-cü il tarixdə idarə etdiyi “Kia K5” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə xətaya yol verməsi səbəbindən sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, V.A.Həziyevin barəsində Bakı şəhəri X4 İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, V.A.Həziyev tərəfindən nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan, ümumiyyətlə hərəkətdə olduğu zolaqda hərəkətinə davam etdiyi üçün manevr etmə xətasına yol verməsi halı ümumiyyətlə müəyyən edilmir. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri X4 İdarəsinin 16 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri X4 İdarəsinin 16 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Bakı şəhəri X5 İdarəsinə göndərilməlidir. Həmçinin, iş üzrə 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhəri X4 İdarəsinin 16 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Bakı şəhəri X5 İdarəsinə göndərilsin. İş üzrə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar