Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2323/2025 01.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 464-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində İXM-in 464-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditi aparılmamışdır. Nəticədə, Şəxs MMC barəsində İXM-in 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə vaxtında məlumatlandırılmış Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə uyğun olaraq işə Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 464-cü maddəsi ilə icraatınızda olan 3(002)-2323/2025 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən MMC barəsində tərtib olunmuş xx.xx.2025-ci tarixli, MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol qanunsuz və əsassızdır. Protokoldan göründüyü kimi, 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə auditinin aparılmamasına görə inzibati xəta törədildiyi göstərilmişdir. Protokolu tərtib edən şəxs ilk növbədə Şəxs MMC-nin 2023-cü ildə sahibkarlıq subyektinin hansı kateqoriyasına (növünə) aid olduğunu aydınlaşdırmalı idi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinin mənasına əsasən, mikro və kiçik sahibkarlıq subyektlərinin illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün audit cəlb edilməsi məcburi deyil. Bildiririk ki, Şəxs MMC 2023-cü ildə kiçik sahibkarlıq subyekti statusunda olmuşdur. Bu baxımdan, audit yoxlaması məcburi olmadığından yoxlama keçirilməmişdir. Göründüyü kimi Şəxs MMC-nin hərəkətlərində inzibati xətanın tərkibi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli mülahizəsindən görünür ki, Hazırki material üzrə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs təşkilati- hüquqi forma baxımından məhdud məsuliyyətli cəmiyyətdir. Bu cür hüquqi şəxslər üçün auditin məcburi keçirilməsini nəzərdə tutan norma isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsidir. Həmin normaya əsasən məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit) Maddənin məzmunundan göründüyü kimi, mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan digər təsərrüfat subyektləri (orta və iri sahibkarlar) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidirlər. Beləliklə aydın olur ki, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir ki, MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Müəyyən edildiyi kimi Şəxs MMC tərəfindən 2023-cü il üzrə maliyyə hesabatlarının 2024-cü ildə məcburi auditi aparılmamış, bununla da “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmışdır. Yuxarıda göstərilən qanunvericilik aktlarının tələblərindən belə aydın olur ki, məhdud məsuliyyətli cəmiyyət tərəfindən (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir və əgər bu edilməyibsə inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Artıq göstərildiyi kimi hazırki iş üzrə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xətanın törədilməsi müvafiq olaraq 2024-cü ilin yanvar ayının 1-nə təsadüf edir ki, Məcəllənin vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətaları əhatə edən 36-cı fəslinə daxil olan qeyd olunan inzibati xəta üzrə qanunverici tərəfindən inzibati məsuliyyətə cəlb edilmə müddəti inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcəyi müəyyən edilmişdir. Belə olan halda qeyd edirik ki, xx.xx.2025-ci il tarixdə törədilmiş inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti müvafiq olaraq xx.xx.2026-ci il tarixdə bitməli olsa da, iş materiallarından göründüyü kimi qeyd olunan inzibati xəta haqqında protokol 23 oktyabr 2025-ci il tarixdə tərtib olunmuşdur. Şəxs adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli 3-21-2-1/2-462/2025 nömrəli məktubu ilə Maliyyə Nazirliyinə təqdim edilmiş 2023-ci ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və hazırda fəaliyyət göstərən açıg səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə 31 dekabr 2023-cü il tarixə olan məlumatları (siyahıya) daxil edilmişdir. Məktubun surəti və məktubdan çıxarış iş materiallarına əlavə edilmişdir. Göründüyü kimi, Şəxs illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmə öhdəliyi mövcuddur. Qeyd edilən qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsi üçün Maliyyə Nazirliyi tərəfindən aşağıdakı tədbirlər həyata keçirilmişdir: - illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmə tələb olunması barədə Maliyyə Nazirliyinin elanı 07 aprel 2025-cu il tarixdə Nazirliyin internet səhifəsində yerləşdirilmişdir; Şəxs 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin 2024-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi üzrə məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə baxılması üçün 23 oktyabr 2025-ci il tarixdə, saat 12:00-da Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə çağırılması barədə 09 oktyabr 2025-ci il tarixli 3-23/2- 7561/2025 nömrəli bildiriş Cəmiyyətə göndərilmişdir. Buna baxmayaraq Şəxs səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Qeyd olunan qanunvericilik aktlarının tələblərini yerinə yetirmədiklərinə görə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barədə “23” oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında Protokol" tərtib edilmişdir; - 14 oktyabr 2025-ci il tarixli “İnzibati xəta haqqında Protokol”-un surəti Maliyyə Nazirliyinin 23 oktyabr 2025-ci il tarixli 3-23/2-8334/2025 nömrəli məktubu ilə Şəxsnə göndərilmişdir. İş materiallarına əsasən Şəxs adı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 yanvar 2025-ci il tarixli 3-21-2-1/2-462/2025 nömrəli məktubu ilə Maliyyə Nazirliyinə təqdim edilmişdir. Belə ki, 2023-cü ilin göstəricilərinə əsasən orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun gələn və hazırda fəaliyyət göstərən açıq səhmdar cəmiyyətləri, qapalı səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətləri barədə 31 dekabr 2023-cü il tarixə olan məlumatları (siyahıya) daxil edilmişdir. Göründüyü kimi, Şəxs illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etmə öhdəliyi mövcuddur. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edib hesab edir ki, Şəxs MMC İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. 16-cı maddəsinə əsasən auditor xidməti bir tərəfdən sərbəst auditor və ya auditor təşkilatı, digər tərəfdən isə sifarişçi arasında bağlanmış və yoxlamanın məzmununu, aparılması müddətlərini, məsləhət xidmətlərinin həcmini, ödəniş məbləğini və qaydasını, eləcə də tərəflərin məsuliyyətini nəzərdə tutan müqavilə əsasında göstərilir; 17-ci maddəsinə əsasən təsərrüfat subyektinin rəhbərliyi (mülkiyyətçisi) auditin aparılması üçün zəruri olan bütün sənədləri, registrləri və hesabatları auditora təqdim etməlidir və onların düzgünlüyünə məsuliyyət daşıyır. O, auditorun sorğusuna dair yazılı və şifahi izahatlar verməyə borcludur. Bununla yanaşı təsərrüfat subyektləri özləri auditor seçməkdə sərbəstdirlər. Təsərrüfat subyektləri maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bütün məsələlər üzrə sərbəst və ya auditor təşkilatı ilə hər hansı müddətdə müqavilə bağlamaq hüququna malikdirlər. Bu cür müqavilələr yoxlama xarakteri daşıdıqda, auditor yoxlamanın nəticələrinə görə müəyyən olunmuş qaydada akt tərtib edilir. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1.7-ci maddəsinə əsasən maliyyə hesabatları - mühasibat uçotu subyektinin, yəni mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti, habelə maliyyə vəziyyəti barədə sistemləşdirilmiş məlumatları özündə əks etdirən hesabatlardır; 11-ci maddəsinə əsasən kommersiya təşkilatlarının illik maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir: - il ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; - oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; - digər mühasibat uçotunun subyektləri üçün hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq hüquqi şəxslər kommersiya, qeyri-kommersiya və publik hüquqi şəxslər formasında yaradıla bilər. Kommersiya hüquqi şəxslərə isə təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri daxildir. Təsərrüfat cəmiyyətləri də öz növbəsində məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. Beləliklə, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektləri öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri sırasına daxildirsə və ya qanunvericilikdə birbaşa olaraq məcburi audit yoxlamasının keçirilməsinə dair göstəriş mövcuddursa, həmin təsərrüfat subyektlərində imperativ qaydada məcburi audit yoxlaması keçirilməlidir. Bu cür məcburi audit yoxlanılmasından yayınma isə İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Qanunun qeyd olunan müddəalarından aydın olduğu kimi, məhdud məsuliyyətli cəmiyyət hər ötən ilə dair maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq üçün müstəqil auditor cəlb etməyə borcludur. Qanunvericilikdə maliyyə hesabatlarının təqdim edilməsinin son tarixi göstərilsə də (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 may 2010-cu il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30dan gec olmayaraq təqdim etməlidirlər), həmin hesabatlara auditor rəyinin əlavə edilməsi və ya hər ötən il üçün auditor cəlb edilə biləcəyi son müddət öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmənin gəldiyi qənaətə görə, hər ötən il üçün tərtib edilmiş maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinin anlamından həmin maddədə məhdud məsuliyyətli cəmiyyətin illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlamaq məqsədilə müstəqil auditor cəlb etməli olduğu müddət “hər il” kimi göstərildiyindən, bu müddət hər növbəti ilin sonunadək olan dövrü əhatə etməsi kimi başa düşülür. Belə olduqda MMC tərəfindən məcburi audit cəlb edilməmişsə, İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi vaxtı növbəti ilin yanvar ayının 1-i tarixinə təsadüf edir. Məhkəmə, Şəxs MMC tərəfindən təqdim edilmiş mənfəət vergisinin bəyannaməsinə münasibət bildirərərk qeyd edir ki, həmin vergi bəyannaməsinin hansı şəraitdə tərtib edilməsi müəyyən edilmədiyindən, eyni zamanda bəyənnamədə, orda olan məlumatların həqiqiliyini təsdiq edən hər hansı bir imza eyni zamanda möhür olmadığından qeyd edilən sənədin mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-in 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC İXM-in 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddi daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı andan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2323/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2323/2025
01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver