Məhkəmə qərarları › İş №3(002)-2343/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2343/2023

14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2343/2023 14.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qaradağ RPİ-nin X5 X4 Hadisələri üzrə baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Adil oğlunun və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Qubadlı rayonunda qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Adil oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Adil oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 31 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, P.A.Quliyev 30 oktyabr 2023-cü il tarixdə, saat 16:00-da alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Man TGA 18,400” yük markalı, 50ET529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli bazarı ilə Sədərək Ticarət Mərkəzinin arası ilə hərəkət edərkən manevr qaydalarını pozaraq, “Mercedes Benz” markalı, 90HV797 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qabaq sol qapı hissəsindən vurmuşdur. Bununla da, P.A.Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə iki yol nəqliyyat hadisəsi baş vermişdir. 1-ci hadisədə Şəxs təqsirkar deyil. Çünki Sədərək TM-dən yola çıxarkən digər nəqliyyat vasitəsi Şəxs idarə etdiyi “Man” markalı yük maşını ilə toqquşmuşdur. Qarşı tərəf “Yol ver” nişanının təsir dairəsindən çıxmış və hadisə baş vermişdir. Sonra “Man” markalı yük maşını dayanmış, digər nəqliyyat vasitələri yük maşınının sağ və solundan hərəkət etməyə başlamışlar. YPX əməkdaşları hadisə yerinə gələrək yoldakı sıxlığı aradan qaldırmağa başlamış, YPX əməkdaşları Şəxs sərxoş olduğundan xəbərsiz olmuşlar. “Man” markalı yük maşını kənarlaşdırmaq üçün hərəkətə başlamış və sağdan keçən “Mercedes Benz” markalı maşınla toqquşmuşdur. Bu hadisədə təqsirkar olmuşdur. İlkin sərxoşluq müayinəsini saat 17:00-da Qaradağ Rayon DYPŞ-da alkotester vasitəsilə keçirilmiş, sərxoşluq müəyyən olunduqdan sonra həkim müayinəsinə ehtiyac olub-olmadığı soruşulmuş, sonra o, həkim müayinəsinə aparılmış, saat 18:00-da həkim müayinəsindən keçmiş və sərxoş olduğu aşkar olunmuşdur. Şəxs saat 22:15-də Sumqayıt şəhərində təkrar müayinədən keçmiş, müayinədə sərxoşluğu 0,06 promill olmuşdur. Suallara cavab olaraq bildirmişdir ki, maddi zərərin məbləği yalnız sığorta şirkəti tərəfindən müəyyən olunur, avtomobilə dəymiş zərər yol nəqliyyat hadisəsinin sxeminin arxa tərəfində qeyd olunur. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yolda sıxlıq yaranmışdır. İlk növbədə “Man” markalı yük maşınının yoldan kənarlaşdırılması üçün nizamlayıcı yük maşının sağ və sol tərəflərinin boşaldılması üçün tədbirlər görmüşdür. Lakin, həmin nizamlayıcı tərəfindən “Man” markalı yük maşınına göstəriş verilməmisinə baxmayaraq, o, hərəkətə başlamışdır. Müayinə aktında 0,7 promill kimi qeyd olunan spirtli içkinin göstəricisi 3 saatdan sonra 0,06 promilə düşməsi mümkündür, həmçinin, Şəxs öz ifadəsində spirtli içki qəbul etdiyini etiraf etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Adil oğlu izahatında bildirmişdir ki, hadisə verdikdən sonra polis əməkdaşı yaxınlaşaraq onlara yolu boşaldacaqlarını bildirmişdir. Həmin vaxt polis əməkdaşı onun içkili olduğunu bilməmişdir. Bundan sonra BMW markalı nəqliyyat vasitəsinin sürücüsü öz nəqliyyat vasitəsinə və o isə özünə məxsus nəqliyyat vasitəsinə əyləşmiş, nizamlayıcı tərəfindən onlara nəqliyyat vasitələrini hərəkətə gətirmək göstərişi verilmiş, onların hər ikisi hərəkətə başlamışlar. Lakin, hərəkətə başladıqdan dərhal sonra “Mercedes Benz” markalı nəqliyyat vasitəsi ilə toqquşduqlarını müəyyən etmiş və nəqliyyat vasitəsini dayandırmışdır. Sərxoş olması ilə bağlı qeyd etmişdir ki, həmin gün səhər saat 06:00 radələrində az miqdarda spirtli içki qəbul etsə də sərxoş olmamışdır. Nizamlayıcı ona maşını hərəkətə gətirməsi ilə bağlı göstəriş verdiyi üçün o, nizamlayıcı tərəfindən nəqliyyat vasitəsindən sağ hissədə olan digər nəqliyyat vasitələrinə gözləmə göstərişi verilməsi qənaətinə gələrək hərəkətə başlamış və həmin vaxt “Mercedes Benz” markalı nəqliyyat vasitəsi ilə toqquşma halı baş vermişdir. Baş vermiş hadisədə özünü ümumiyyətlə təqsirli bilmir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Adil oğlu Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 31 oktyabr 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 30 oktyabr 2023-cü il tarixdə, saat 16:00-da alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi “Man TGA 18,400” yük markalı, 50ET529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli bazarı ilə Sədərək Ticarət Mərkəzinin arası ilə hərəkət edərkən manevr qaydalarını pozaraq, “Mercedes Benz” markalı, 90HV797 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini qabaq sol qapı hissəsindən vurmuşdur. Bununla da, P.A.Quliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 30 oktyabr 2023-cü il tarixli, 2/20359 nömrəli aktdan görünür ki, saat 18:40-da yoxlama zamanı P.A.Quliyevin müayinə nəticəsi 0,757 promill olmuş, alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan icraatın dayandırılması haqqında 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Man markalı, 50ET529 qeydiyyat nişanlı avtomaşının sürücüsü barədə iş üzrə inzibati icraatı dayandırılmışdır. İş materiallarında olan icraatın dayandırılması haqqında 07 noyabr 2023-cü il tarixli qərardan görünür ki, “Man” markalı, 50ET529 qeydiyyat nişanlı avtomaşının sürücüsü yol hərəkəti qaydalarını pozması barədə iş üzrə inzibati icraatı təzələnmişdir. İş materiallarında olan “Xalq sığorta” tərəfindən göndərilmiş mobil bildirişdən görünür ki, 90HV797 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 350 manat qiymətləndirilmişdir. İş materiallarında olan 13 noyabr 2023-cü il tarixli aktdan görünür ki, “Mercedes Benz E-240 markalı”, 90HV797 dövlət qeydiyyat nişanlı avtomobilə “Novruz-İ” kiçik müəssisəsində texniki baxış zamanı ön sol qapının dəyəri 150 manat, dəmirçi (sol qapının dəyişməsinə) 50 manat, rəngsaz (ön sol qapının rənglənməsi) 120 manat, ön sol qapının iç üzünün sökülüb quraşdırılması 30 manat, ümumilikdə 350 manat müəyyən edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 30 oktyabr 2023-cü il tarixli, 5512 nömrəli aktdan görünür ki, saat 22:10-da yoxlama zamanı P.A.Quliyevin müayinə nəticəsi 0,06 promill olmuş, alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokol, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, təqdim olunmuş videogörüntüləri eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs Adil oğlu tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinə aidiyyəti müəyyən edilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Adil oğlu məhkəmə iclasında idarə etdiyi nəqliyyat vasitəsini hərəkətə gətirməsi səbəbi olaraq, həmin vaxt yoldakı hərəkətin nizamlanmasını həyata keçirən dövlət yol patrul xidmətinin əməkdaşı tərəfindən ona hərəkətə başla, lakin onun nəqliyyat vasitəsindən sağ istiqamətdə olan nəqliyyat vasitələrinə gözləmələri barədə göstərişindən sonra hərəkətə başladığını qeyd etmişdir. Lakin, məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şəxs Adil oğlunun qeyd etdiklərini təkzib edəcək sübut məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin Şəxs Adil oğlu tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, habelə Şəxs Adil oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şəxs Adil oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Həmçinin 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 333.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Adil oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs Adil oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar