Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2351/2025 31.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Novruzov Rafael Fərid oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis leytenantı X1, Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis leytenantı X2, Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis baş serjantı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə 22 avqust 1995-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi qaydada işləməyən, Xocalı rayonu, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati material daxil olmuşdur. İş materiallarında olan 31 oktyabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və işdə olan sənədlərdən aydın olur ki, 29 oktyabr 2025-ci ildə saat 23:00 radələrində Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində DYPŞ əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir və nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis leytenantı X4 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 29 oktyabr 2025-ci ildə saat 23:00 radələrində Lökbatan qəsəbəsində DYPŞ əməkdaşları ilə mübahisə etmiş, onların qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir, nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmişdir. Hadisə zamanı içkili olmuşdur. Nəticədə Şəxs 29 oktyabr 2025-ci il tarixdə, axşam saat 23:00-da inzibati qaydada tutulmuş və 31 oktyabr 2025-ci il tarixdə barəsində İXM-nin 510 və 535.1-ci maddələrinə əsasən MN ******* saylı protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Odur ki, onun barəsində tərtib etdiyi protokolu müdafiə edərək törədilmiş inzibati xətanın xarakteri nəzərə alınmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis leytenantı X5 öz izahatında göstərmişdir ki, 29 oktyabr 2025-ci il tarixdə saat təxmini 23:00 radələrində Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis baş serjantı X6 ilə birlikdə Lökbatan qəsəbəsində xidmət aparan zaman İntiqam Nəbiyev küçəsində qabaq hissəsi qəzalı vəziyyətdə olan və buferi olmayan “BMW” markalı ** YJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlatmaq istəmişlər. Onlar nəqliyyat vasitəsini görəndə sükan arxasında bir nəfər kişi cinsli şəxsin olduğunu müşahidə etmişlər. Lakin həmin avtomobilin sürücüsü onların saxlama tələbinə tabe olmayaraq qəflətən sürəti artırmaqla və sərt manevr edərək qəza şəraiti yaratmaqla uzaqlaşmışdır. Həmin avtomobili uzaqdan müşahidə edərkən sürücünün avtomaşını bir həyətin qarşısında saxlayaraq maşından kənarda siqaret çəkdiyini və həmin avtomaşının sükanı arxasında bir qadının əyləşdiyini görmüşlər. Bu zaman avtomaşına yaxınlaşaraq sürücüdən sənədləri istədikdə kənarda dayanmış sonradan adını bildikləri Şəxs sərxoş vəziyyətdə onlarla mübahisə edərək heç bir sənəd təqdim etməyəcəyini bildirərək tabesizlik göstərmiş və nalayiq ifadələr işlətməyə başlamışdır. Hətta həmin şəxs heç nə olmamış kimi qəflətən yolun kənarında başqa şəxsin həyətinin qarşısında nümayişkaranə şəkildə “təbii ehtiyaclarını” ödəmək üçün hərəkətlər edərkən onun bu hərəkətinin ictimai yerdə düzgün olmadığını bildirdikdə həmin şəxs kinayəli şəkildə “onsuz da sizdən qorxduğum üçün bu iş alınmadı” deyərək öz qanunsuz hərəkətlərini davam etdirdiyi üçün hadisə yerinə çevik polis alayının əməkdaşları dəvət edildi. Polis əməkdaşları hadisə yerinə gələrək Şəxs polis bölməsinə apardılar. Bölmədə olarkən Şəxs özünə xəsarət yetirmək istəmişdir. Şəxs onlara kobud rəftar etmiş və münaqişə yaradarkən içkili olmuşdur. Odur ki, həmin şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis baş serjantı X6 öz izahatında yuxarıda qeyd edilən hadisə zamanı Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis leytenantı X5 ilə birlikdə xidmətdə olduğunu bildirərək onun izahatda qeyd etdiklərini təsdiq etmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında göstərmişdir ki, avtomobil özünündür, sürücülük hüququ məhdudlaşdırılmışdır. Hadisə baş verən gün yəni 29 oktyabr 2025-ci il taixdə saat 22:30 radələrində dostu ilə birlikdə Yasamaldan Lökbatana gəlmişdir. İçkili vəziyyətdə olduğuna görə avtomobili qadın idarə etmişdir. Onu maşından düşürüb, xanımı isə taksi ilə yola salmalı idi. Bu zaman polis əməkdaşları onları saxlatmışdır. Maşının buferi yerində olmuş, sadəcə qabaq setkaları yerində olmamışdır. Polis əməkdaşları ilə danışan zaman kənara çəkilib “təbii ehtiyacını” ödəmək istəsə də içkili olduğu üçün bunu edə bilməmişdir. Əvvəlcə polisə getməkdən imtina etsə də sonra tabe olub polis şöbəsinə getmişdir. Lakin heç bir söyüş və nalayiq ifadə işlətməmişdir. Belə bir hadisənin olmasını istəmədiyini, səhhətində problem olduğu üçün özündən çıxma hallarının olduğunu bildirərək barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, toplanmış inzibati materialı nəzərdən keçirərək və izahatları dinləyərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. İş materiallarına əlavə edilmiş 30 oktyabr 2025-ci il tarixli, 2/62222 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair” protokolundan aydın olur ki, Şəxs 30 oktyabr 2025-ci il tarixdə saat 01:50 radələrində tibbi müayinədən keçərkən onda “yüngül” dərəcədə alkoqol sərxoşluğu müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş 29 oktyabr 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 29 oktyabr 2025-ci il tarixdə, axşam saat 23:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 33.1.7-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran hal hesab edilir. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 29 oktyabr 2025-ci il saat 23:00-dan hesablansın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2351/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2351/2025
31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver