Məhkəmə qərarları › İş №3(002)-2353/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2353/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2353/2025 14.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31630564 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31630564 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31630564 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, CHANGAN QİYUAN A05 PLUG-İN-HİBRİD MİNİK markalı, 99EQ602 dövlət qeydiyyat nömrəli minik avtomobili ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Binə TM-nin qarşısında ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında guya yol nişanlarından 15 metrdən az yaxınlıqda durmuşdur. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməyib və o, qayda pozmamışdır. Hesab edir ki, adı çəkilən Qərar qanunsuz və əsassızdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin EQ 31630564 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, qərardan şikayət vermiş X2 və qərarı barədə şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31630564 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, CHANGAN QİYUAN A05 PLUG-İN-HİBRİD MİNİK markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən Binə TM-nin qarşısında “Ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına görə” Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Sübut qismində təqdim olunan fotoşəkillərdən də görünür ki, X2 xəta qeydə alınan vaxt nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında, 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda saxlamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 346.2-ci maddəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə – qırx manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 52-ci maddəsinin İV hissəsinin 7-ci bəndinə əsasən dayanacaq meydançasına, meydança olmadıqda isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq yerini işarə edən 5.12 və ya 5.13 yol nişanlarına 15 metrdən az yaxınlıqda dayanma qadağandır; 1-ci maddəsinin 44-cü hissəsinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay). Məhkəmə iclasında müəyyən edilmişdir ki, X2 xx.xx.2025-ci il tarixdə saat 22:26-da ünvan 1 ünvanında CHANGAN QİYUAN A05 PLUG-İN-HİBRİD MİNİK markalı, **-EQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında, 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda dayandırmışdır ki, həmin əməli ilə o, Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin xətanın X2 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Qərardan şikayət vermiş şəxsin şikayətinin əsasını təşkil edən hallar isə onun subyektiv fikirləri olmaqla məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 31630564 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar