Məhkəmə qərarları › İş №3(002)-2358/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2358/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2358/2023 28.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Hüquqi şəxs «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən hüquqi şəxs «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunmuş 1 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan qeyd olunur ki, ünvan 1 ünvanında fəaliyyət göstərən hüquqi şəxs «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditi aparılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 bildirmişdir ki, cəmiyyəti barəsində tərtib olunmuş 1 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4-cü maddəsinə əsasən iri və orta sahibkarlıq subyektləri illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyəti isə mikro sahibkarlıq subyektidir. Bu fakt məhkəməyə təqdim edilmiş maliyyə sənədlərində də öz təsdiqini tapır. Mikro sahibkarlar isə hər il audit aparılması öhdəliyindən azaddırlar. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinin tələblərinin pozulması ilə bağlı tərtib olunmuş protokol əsassız olduğundan cəmiyyət barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, ünvan 1 ünvanında fəaliyyət göstərən hüquqi şəxs «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 2021-ci il üzrə maliyyə hesabatlarının 2022-ci ildə auditi aparılmaması barədə protokol Dövlət Vergi Xidmətinin məlumatları əsasında tərtib edilmişdir. Həmin məlumatlarda təsərrüfat subyektinin kateqoriyası əks olunmur. Hazırda məhkəmə iclasında «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyətinin mikro sahibkarlıq subyekti olması müəyyən edildiyindən cəmiyyət barəsində İXM-nin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 10 oktyabr 2023-cü il tarixli bildirişindən görünür ki, «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci il üzrə maliyyə hesabatlarının auditinin 2022-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçısı qismində 01 noyabr 2023-cü il tarixdə, saat 16:30-da Maliyyə Nazirliyinin Uçot Siyasəti şöbəsinə çağırılmışdır. İş materiallarında olan 1 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Komi Forest” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hüquqi şəxs «Komi Forest” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 91.4 və 91.5-ci maddələrinə müvafiq olaraq məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, cəmiyyətin işlərinin aparılması nəticələri haqqında cəmiyyət tərəfindən məlumatların dərc edilməsi (açıq hesabat) tələb olunmur. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər. Qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi yalnız orta və iri sahibkarlıq subyektləri tərəfindən bu cür məcburi audit yoxlanılmasından yayınma İXM-in 464-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır, mikro və kiçik sahibkarlıq subyektləri isə həmin öhdəlikdən azaddırlar. Məhkəmə araşdırması zamanı Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş maliyyə sənədlərindən görünür ki, cəmiyyət mikro sahibkarlıq subyekti hesab olunur. Qanunvericiliyin tələblərinə görə isə mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla məhdud məsuliyyətli cəmiyyət illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir. Bu səbəbdən məhkəmə Şəxs MMC-nin mikro sahibkarlıq subyekti olmasını nəzərə alaraq hesab edir ki, cəmiyyət tərəfindən maliyyə hesabatlarının auditinin aparılmaması İXM-nin 464-cü maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hüquqi şəxs «Komi Forest” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1, 40, 43, 53.0.6, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Komi Forest” MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar