Məhkəmə qərarları › İş №3(002)-2371/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2371/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2371/2023 15.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXMnin) 510-cu maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon prokurorluğundan daxil olmuş 15 noyabr 2023-cü il tarixli, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, fiziki şəxs Şəxs (FİN xxxxxxx) - xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində “Mercedes E320” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Meyvəli” adlanan ticarət mərkəzinin giriş hissəsində yerləşən ictimai yer hesab edilən nəzarətçi məntəqəsində ödəniş edən zaman pulu nağd yox, kart vasitəsi ilə ödəyəcəyini əsas gətirərək nəzarətçi X7 ilə kobud və aqressiv rəftar etmiş, avtomobildə olan valideyni, dostu və digər şəxslərin yanında uca səslə qışqıraraq nalayiq ifadələr işlədib ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilməyən hərəkətlər edərək xırda xuliqanlıq etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon prokurorunun köməkçisi X1 Elvin Rahim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb olunması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, “Mercedes E320” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Meyvəli” ticarət mərkəzinin giriş hissəsinə yaxınlaşmışdır. Giriş hissədə buraxılış məntəqəsində əyləşən nəzarətçi ondan 50 qəpik ödəniş etməsini tələb etmişdir. Şəxs plastik bankomat kartını ona təqdim edərək ödənişin kartdan çıxarılmasını istəmişdir. Həmin şəxs aqressiv halda kartla ödəniş etmənin mümkün olmadığını bildirdiyi üçün, o, avtomobildən düşərək nəzarətçidən nə üçün aqresiv danışdığını soruşmuş və kartı ona təqdim etmişdir. Bu zaman nəzarətçi ilə mübahisə etməyə başlamış, nəzarətçi onun əlini dartmış o isə öz başını şüşəyə vurmuşdur. Hadisə zamanı onun yanında öz valideyni və ətrafda olan digər şəxslər olmuşdur. Hazırda əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında bildirmişdir ki, Şəxs əməlindən peşmandır, cavan olmasını, törətdiyi əməlin ictimai təhlükəliliyini dərk etdiyini nəzərə alaraq ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinin rəisi Ramil Salayevə ünvanlanmış 09 avqust 2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Meyvəli topdan satış bazarında saat 21:30 radələrində bazarın mühafizəçisi radiorabitə vasitəsilə bildirmişdir ki, bazarın girişində bir nəfər şəxs nalayiq sözlər ifadə edərək, ödəniş məntəqəsinin şüşəsini sındırmışdır. Polis əməkdaşları həmin əraziyə yaxınlaşaraq həmin şəxsi Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsinə təhvil vermişlər. Şöbədə həmin şəxsin Şəxs olduğu müəyyən olunmuşdur. İş materiallarında olan 20 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün qərarın surəti Bakı şəhəri Qaradağ rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində ictimai qaydanı pozmuş, “Meyvəli” adlanan ticarət mərkəzinin giriş hissəsində nəzarətçi məntəqəsində vəzifəsini icra edən şəxsin ünvanına ucadan nalayiq ifadələr səsləndirmiş, əsəbləşərək baş nahiyəsi ilə nəzarətçi məntəqəsinin şüşə pəncərəsini sındırmışdır. Odur ki, onun törətdiyi inzibati xəta, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün və səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında verdikləri izahatlar, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və digər iş materialları ilə onun xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 510-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar