Məhkəmə qərarları › İş №3(002)-2383/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2383/2023

20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2383/2023 20.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Abşeron rayonunda anadan olmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, Şəxs onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Belə ki, Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 22:34 radələrində Qaradağ rayonu, Puta qəsəbəsində sərxoş vəziyyətdə olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru polis mayoru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, 20 noyabr 2023-cü il tarixdə saat 09:00-da əməliyyat qrupuna daxil olmuşdur. Bundan sonra polisə tabesizlik göstərmiş şəxslərin izahatlarını almışdır. Həmin şəxslər noyabr ayının 18də polis əməkdaşları ilə aralarında mübahisə olduğuna görə saxlanıldıqlarını bildirmişlər. Daha sonra onların hər üçü barəsində protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, yol patrul əməkdaşları tərəfindən saxla işarəsi verilmiş lakin o, idarə etdiyi avtomobili saxlamamışdır. Bundan sonra post patrul xidməti əməkdaşları da onları izləməyə davam etdiyi üçün avtomobili saxlamışdır. Polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir. Törətdiyi əməldən peşmandır. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suala cavab olaraq bildirmişdir ki, 18 noyabr 2023-cü il tarixdə təqribən saat 22:00-da, sərxoş vəziyyətdə saxlanılmışdır. Saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid Qaradağ DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X3 izahatında bildirmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsində xarici işıq cihazlarından istifadə etmədiyinə görə ona saxla işarəsi verilmiş, lakin buna məhəl qoymayaraq dəfələrlə qarşı yola çıxaraq ötmə əməliyyatlarını düzgün etməmişdir. Həmçinin, sürət həddini də aşmışdır. Vətəndaşların təhlükəsizliyini qorumaq üçün həmin nəqliyyat vasitəsini müşahidə etməyə başlamışlar. Bir qədər sonra Şəxs idarəetməni itirmiş və hərəkətini dayandırmışdır. Bundan sonra nəqliyyat vasitəsinə yaxınlaşmış və sürücüdən spirtli içki qoxusu gəldiyini hiss etmişlər. Daha sonra Şəxs sərxoşluq müayinəsindən keçməsi üçün müayinə mərkəzinə aparmışlar, lakin o, müayinədən keçməkdən imtina etdiyi üçün həkim şəxsi müayinə aparmış, Şəxs sərxoş olduğunu etiraf etmiş, lakin müayinədən keçməkdən imtina etmişdir. Daha sonra Şəxs yenidən tabesizlik göstərdiyi üçün 10-cu Polis Şöbəsinə təhvil verilmişdir. Suallara cavab olaraq bildirmişdir ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsi palçıq sahəyə keçmiş və hərəkəti məhdudlaşmışdır. Nəqliyyat vasitəsində olan sürücü və sərnişinlər sərxoş olduqları və onlara tabesizlik göstərdikləri üçün post patrul xidməti əməkdaşlarını köməyə çağırmışlar. Şəxs müayinə aparan zaman onun yanında olan iki nəfər polisin ünvanına nalayiq ifadələr işlətmiş, təhqir etmişlər. Məhkəmə iclasında iştirak edən digər şahid X4 digər şahid X1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxışında bildirmişdir ki, hüquqlarının müdafiə etdiyi Şəxs törətdiyi əməli səmimi etiraf edir, ilk dəfədir inzibati məsuliyyətə cəlb olunur, himayəsində üç övladı var, ailəlidir. Göstərilənləri nəzərə alaraq ona yüngül tənbeh tədbiri tətbiq tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 18 noyabr 2023-cü il tarixli raportdan görünür ki, 18 noyabr 2023-cü il tarixdə Puta qəsəbəsində Tofaş markalı nəqliyyat vasitəsini yolun düzgün tənzimləməməsi və xarici işıq cihazlarından düzgün istifadə etməməsi səbəbindən həmin nəqliyyat vasitəsinə saxla əmri vermişlər. Lakin, sürücü nəqliyyat vasitəsini saxlamamış, təhlükəli şəkildə idarəetməyə davam etmişdir. Yol kənarında olan palçıq sahəyə diqqət etmədən idarə etdiyi üçün, nəqliyyat vasitəsi həmin sahəyə istiqamətlənmiş, bu səbəbdən hərəkəti davam etdirmək mümkün olmamışdır. Sürücüdən sənədlərinin tələb olunması zamanı onun spirtli içki qəbul etməsi müəyyən edilmiş və o, tibbi müayinəyə dəvət edilmişdir. Bu zaman sürücü və yanında olan iki nəfər sərnişin avtomobildən düşərək polisin qanuni tələblərinə məhəl qoymadan onların ünvanlarına nalayiq ifadələr işlədərək tabe olmamışlar. Onlar radiostansiya vasitəsi ilə ÇPA əməkdaşlarını köməyə çağırmışlar. Tabesizlik göstərən üç nəfər şəxsi 10-cu Polis şöbəsinə dəvət etmişlər. Həmin şəxslərdən biri Şöbəyə getməmək üçün özünü yerə ataraq avtopatrula minməkdən imtina etmişdir. İş materialında olan sərxoşluq vəziyyətinin tibbi müayinə haqqında 18 noyabr 2023cü il tarixli, 2/20613 nömrəli protokoldan görünür ki, Şəxs müayinədə keçməkdən imtina etmişdir. İş materiallarında olan tutma haqqında protokoldan görünür ki, Şəxs 18 noyabr 2023cü il tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 20 noyabr 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində YPX və ÇPA əməkdaşlarına tabesizlik göstərmişdir. Nəticədə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 noyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində Qaradağ rayonu, Puta qəsəbəsində sərxoş vəziyyətdə olarkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, o, nəqliyyat vasitəsinin idarə etməklə öz qanunsuz hərəkətlərinə davam etmişdir. Bu səbəbdən də, Şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmişdir. Özünün də məhkəmə iclasında təsdiq etdiyi kimi polis əməkdaşları tərəfindən saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmiş, ailə üzvləri və yaxın dostları ilə görüşməsi təmin edilmişdir. Məhkəmə yuxarıdakıları nəzərə alaraq, hesab edir ki, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, həmçinin Şəxs öz ifadəsi ilə də onun polis işçiləri tərəfindən ictimai qaydanın mühafizə vəzifələri icra edilərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini xarakretizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, qeyri-qanuni hərəkətlərinə davam etməsini, polis əməkdaşlarının nəqliyyat vasitəsinin dayandırma əmrinə tabe olmamaqla hərəkətə davam etməklə həm öz nəqliyyat vasitəsində olan sərnişinləri, həm də polis əməkdaşlarını təhlükəli vəziyyətə məruz qoyması, inzibati xətanın baş verdiyi əraziyə cəlb olunmuş polis əməkdaşlarına tabesizlik nümayiş etdirməsi hallarını nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddətin əvvəli isə onun sərxoş haldan ayıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli 18 noyabr 2023-cü il tarixdən saat 22:00-dan hesablanmalıdır. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Həmçinin 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 535.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 10 (on) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 18 noyabr 2023-cü il tarixdən, saat 22:00dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. 1 ədəd CD disk iş materiallarında saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar