Məhkəmə qərarları › İş №3(002)-2383/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2383/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2383/2025 04.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-37/2017 saylı icra sənədinə əsasən ümumilikdə 12052 manat məbləğində aliment borcu ödənilməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X7 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-37/2017 saylı icra sənədinə əsasən ümumilikdə 12052 manat məbləğində aliment borcu ödənilməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu sonrakı çağırışlara gəlməkdən boyun qaçırmış, icra sənədini tam icra etməkdən yayınmışdır. Sonuncu dəfə sentyabr ayında 200 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq icra məmuru bildirdi ki, 14522 manat məbləğdən hal-hazırda 12052 manat ödənilməmiş aliment borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, aliment borcunu birdəfəlik ödəyə bilmir. Hər ay aylıq olaraq 200 manat ödəniş edir. Keçən ayın 23-dən Oba marketdə işə düzəlmişdir. Maddi imkansızlığı səbəbindən aliment ödənişlərini tam yerinə yetirməsə də qərəzli şəkildə ödəməməsi halları baş verməmişdir. Bundan sonra aliment ödənişlərindən yayınmayacağını, icra məmurunun çağırışlarına gələcəyini bildirmişdir. Həyata keçirmiş olduğu ödənişləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, əlilliyi olmayan şəxsdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 bildirdi ki, bu günki iclasda ona məlum olmuşdur ki, Şəxs rəsmi qaydada işləyir. Odur ki, alimentin Şəxs əmək haqqının 70%-nə yönəlməsinə etiraz etmir. Hazırki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil çıxış edərək bildirdi ki, tələbkara borclu tərəfindən edilmiş ödənişləri nəzərə alaraq, bu vəziyyətin borclunun öhdəliyini heç icra etməməsi kimi qiymətləndirilməsi doğru olmazdı. Hazırda borclunun rəsmi iş yeri olduğunu və aliment ödənişinin onun əmək haqqına yönəldilməli olduğunu nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-37/2017 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il tarixindən başlayaraq, xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Dadaşova (Həmidova) Aynurə Bödər qızına ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-37/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(002)-37/2017 saylı icra sənədinə əsasən ümumilikdə 12052 manat məbləğində aliment borcu ödənilməmişdir. Azemisdən əldə olunmuş məlumatdan görünür ki, Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində Satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) işləyir və 400.0 manat əmək haqqı alır. İş materiallarında olan ərizədən görünür ki, borclu və tələbkar arasında ödənişin əmək haqqına yönəldilməsinə dair razılıq əldə edilmişdir. Məhkəmə hazırki iş üzrə tələbkarın ərizəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 saata görə 33 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar