Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2400/2020 17.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1971-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qubadlı rayonunda qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 32, mənzil 5-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı xx xxxxxx 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs və X3 34583,35 ABŞ dolları məbləğində borcun tutularaq X2 ödənilməsi qət edilmişdir. Qeyd olunan borc ödənilmədiyi üçün Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 o öz izahatında bildirmişdir ki, borclu Şəxs barəsində icra sənədi Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuşdur. Bundan sonra borclu barəsində Qanunvercilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görülmüşdür. Borclu Şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyi üçün Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya şikayəti verilsə də Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərarına əsasən Qaradağ rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda Şəxs barəsində olan hökm Qaradağ rayon İcra və Probasiya şöbəsinin icraatında olmaqla o, cəzasını çəkməkdə davam edir. Borcluya icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilmiş, icra sənədinin icrası ilə bağlı müxtəlif tarixlərdə borcludan izahatlar alınmış və sonuncu izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış borcundan hal-hazıradək hissə-hissə olmaqla cəmi 3220 manat ödəniş etdiyini, qalan məbləği isə maddi vəziyyəti ilə əlaqədar olaraq işləyə bilmədiyi üçün tam ödəyə bilmədiyini və hər ay borcunu hissə hissə ödəmək imkanının olduğunu bildirmişdir. Tələbkar isə həmin borcun hissə-hissə deyil, birdəfəyə ödənilməsini tələb edir. Ona görə də göstərilənləri nəzərə alıb sonuncunun barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir. Hal-hazırda həmin işə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur və həmin cəzanı çəkməkdə davam edir. Heç bir yerdə işləmədiyindən borcu birdəfəyə ödəmək imkanı yoxdur. Borcundan hissə-hissə 3220 manat ödəniş etmiş, qalan borcu isə birdəfəyə ödəmək imkanı yoxdur. Tələbkar isə borcun birdəfəyə ödənilməsini tələb edir. İcra sənədinin icrasından yayınmamış, icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmiş, lakin maddi imkanı olmadığı və azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi üçün və üzərinə müəyyən vəzifələr qoyulduğundan işləyə bilmir və buna görə də borcu tam şəkildə ödəyə bilməmişdir. Hal-hazırda da əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Apellyasiyya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən xx xxxxx 2017-ci ildə verilmiş icra sənədinə əsasən cavabdehlər Şəxs və X3 34583,35 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə alınaraq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında xx xxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinə əsasən xx xxxxx 2017-ci ildə verilmiş icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkarlara göndərilmişdir; Qaradağ rayon məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, borclu Şəxs yuxarıda qeyd olunan qətnaməni qərəzli olaraq icra etmədiyi üçün CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, işdə iştirak edən şəxslərin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta davam edən və ya uzanan inzibati xəta ola bilər. Belə ki, İXM-nin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Maddənin məzmunundan da göründüyü kimi, əməldə cinayət tərkibi varsa, şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Qaradağ rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Göründüyü kimi Şəxs qeyd olunan əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş və hazırda cəzasını çəkir. Məhkəmə iclasında da Şəxs tərəfindən borcun qəsdən ödənilməməsi öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs sözü gedən icra sənədini icra etməməsinə görə məhkum olunması və hal-hazırda da cəza çəkdiyindən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2400/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2400/2020
17.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver