Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2434/2023 27.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1966-cı ildə Sabirabad rayonunda anvadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Yardımlı rayonu, Arvana kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, massiv 4 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında iş üzrə materialda göstərilmişdir ki, Şəxs 5900 manat məbləğin tutularaq X2 ödənilməsinə dair Qaradağ rayon məhkəməsinin 2(002)-466/2018 saylı, 03 oktyabr 2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN 11479877 saylı, 27 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirmişdir ki, icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmış, lakin icra sənədi onun tərəfindən icra edilməmişdir. Belə ki, borcluya rəsmi xəbardarlıq olunmasına baxmayaraq icra şöbəsinə gəlməmişdir. Borclu borcundan bu günə qədər 500 manat ödəniş etmişdir. Məşğulluq mərkəzində növbəyə durmuş, lakin hal hazıradək cavab gəlməmişdir. Hazırda borclu məhkəmə qətnaməsini uzun müddətdir ki, icra etməmişdir. Bununla da, borclu Şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın əlamətlərini özündə əks etdirən inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, borcundan 500 manat ödəniş etmişdir. Lakin imkanı olmadığı üçün qalan ödənişi edə bilməmişdir. Oğlu Vətən müharibəsi iştirakçısıdır. 80 manat müavinət alır. Həmin müavinətdən hissə-hissə ödəyə bilər. Məşğulluq mərkəzinə getmişdir. Onlar isə qarşılığında iş olanda xəbər edəcəyik deyillər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati protokol tərtib edilərkən Şəxs icra sənədini icra etmək imkanına sahib olub-olmadığı araşdırılmamış və onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi barədə səhv qənaətə gəlinmişdir. Bundan başqa Şəxs qəsdən olaraq qətnamənin icrasından boyun qaçırmamış və o, borcundan 500 manat məbləğində ödəniş etmişdir və Dost Mərkəzində iş axtaran kimi qeydiyyatdadır. Bununla da məhkəmə araşdırması zamanı borclu Şəxs qəsdən olaraq icra səndinin icrasından qərəzli şəkildə boyun qaçırması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində icra sənədini üzürsüz səbəbdən qərəzli şəkildə icra etməməklə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128-130 maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-2434/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2434/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver