Məhkəmə qərarları › İş №3(002)-2441/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2441/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2441/2023 13.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2023-cü il tarixli EQ 17381761 saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2023-cü il tarixli EQ 17381761 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP-nin 10 oktyabr 2023-cü il tarixli EQ 17381761 saylı qərarına əsasən o, İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 50 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil. Belə ki, həmin qərarda qeyd edilir ki, o, xx.xx.2023-cü il tarixdə saat 19:12-də Bakı-Qazax yolu 29.5-ci km-liyində “KİA SORENTO” minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ərazidəki sürət limiti 70 km/saat olan yolda 92 km/saat surətlə hərəkət edərək, sürət həddini aşmışdır, yol hərəkəti qaydalarını pozmuşdur. Bildirmişdir ki, inzibati xəta hadisəsi xx.xx.2023-cü ildə aşkar olunsa da inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qəbul edilmiş qərar səlahiyyətli orqanın rəsmi elektron informasiya sisteminə xx.xx.2023-cü ildə daxil edilmişdir. Beləliklə, inzibati xəta haqqında protokol və inzibati tənbeh tətbirinin tətbiqinə dair qəbul edilmiş qərar Azərbaycan Respublikası İXM-nin 38.6-cı maddəsinin tələbləri pozularaq qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2023-cü il tarixli EQ 17381761 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 10 oktyabr 2023-cü il tarixli EQ 17381761 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, M.Q.Abasov xx.xx.2023-cü il tarixdə saat 19:12-də idarə etdiyi “KİA SORENTO” minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət surətini 12 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, M.Q.Abasov barəsində qəbul edilmiş inzibati xəta haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülmədiyindən inzibati tənbeh vermə haqqında çıxarılmış elektron qərar həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənməmiş və ya təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2023-cü il tarixli EQ 17381761 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin 6-cı bəndinə əsasən, bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. X2 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədiyinə görə, o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Bu səbəbdən X2 barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 10 oktyabr 2023-cü il tarixli EQ 17381761 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinin tələblərinə əsasən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 10 oktyabr 2023-cü il tarixli EQ 17381761 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar