Məhkəmə qərarları › İş №3(002)-246/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-246/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-246/2025 25.02.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, 15 avqust 2000-ci ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 10-da yaşayan Şəxs barədə Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 31 yanvar 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, Şəxs 10 dekabr 2024-cü il tarixdə, saat 17:50 radələrində idarə etdiyi “Khazar LX” markalı ** YR *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində geriyə hərəkətdə olarkən piyada keçidi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs vuraraq onun yüngül dərəcəli bədən xəsarəti alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirmişdir ki, ünvan 2 10-da ailəsi ilə birlikdə kirayədə yaşayır. “BC” dərəcəli sürücülük vəsiqəsi olmaqla “Khazar LX” markalı ** YR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 10 dekabr 2024-cü il tarixdə, saat təxminən 17:50 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, saat dairəsindən üzü Heydər Əliyev parkına tərəf gedərək sağa dönmüş, avtomobilin mühərriki isindiyindən avtomobilə su doldurmaq məqsədilə arxaya verən zaman saatda təxminən 5-10 km sürətlə piyadanı vurmuşdur. Hadisədən dərhal sonra avtomobildən düşmüş, zərərçəkmiş qadına yaxınlaşaraq onu xəstəxanaya aparmağı təklif etmişdir, lakin qadın zərərçəkmiş şəxs xəstəxanaya getmək istəmədiyini, özünü yaxşı hiss etdiyini bildirmişdir. Onu evinə aparmasını xahiş etmiş, o da vətəndaşı evinə düşürmüş, həmin vaxt Zərərçəkmiş şəxs onun evinə gəlməməsini bildimişdir. Hadisədən bir həftə sonra Zərərçəkmiş şəxs həyat yoldaşını Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Bravo” supermarketinin qabağında görmüş, onunla söhbət zamanı əvvəlcə razılığa gəlmişlər. Sonradan ondan yüksək məbləğdə pul istəmişlər. Onun da buna imkanı olmadığından ondan istənilən məbləği ödəməmişdir. Bundan başqa zərərçəkən ondan xahiş etmədiyi üçün ona hər hansı başqa formada yardım da göstərməmişdir. O öz izahatınd adaha sonra göstərmişdir ki, maddi imkanı olmadığı üçün vuurlmuş ziyanla bağlı heç bir ödəniş edə bilməyəcəyini, eləcə də zərərçəkmiş şəxsin ərinin onunla kobud danışdığı üçün hər hansı ödəniş etmək fikrində də olmadığını bildirərək barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında göstərmişdir ki, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır. 10 dekabr 2024-cü il tarixdə, saat təxminən 11:00-dan 12:00-a qədər olan müddət ərzində Lökbatan qəsəbəsi, 28 May küçəsindən üzü Heydər Əliyev parkı istiqamətində, piyada keçidində irəliləyərkən tratuara bir addım qalmış “Khazar LX” markalı ** YR *** dövlət qeydiyyat nişanlı avtomobil arxaya doğru hərəkət edərkən onun sol ayağını vurmuşdur. Onu vuran sürücü onu xəstəxanaya aparmağı təklif etmiş, o isə evə getmək istədiyini bildirmişdir. O evə getdikdən sonra ağrıları şiddətlənmiş, nəticədə TTTY-yə müraciət etmiş və 1 saylı KTM-nə aparılaraq orada müayinə olunduqdan sonra evə qayıtmışdır. Hadisə olan gündən bu günə qədər dəfələrlə X4 müraciət etmiş və səhhətində narahatçılıq hiss edir. Həmin hadisə qəsdən törədilməyib deyə o sürücüdən şikayət etmək istəməmişdir. Sonradan səhhəti ilə bağlı problemləri artmış və Asif ona lazımı diqqəti göstərməmiş, onun tibbi yardım alması üçün və ya hər hansı digər formada ona maddi, mənəvi dəstək göstərməmiş, əksinə onunla mübahisə edərək hər hansı yardım göstərməyəcəyini bildirmişdir. Bədənində olan xəsarətlər səbəbindən gündəlik işlərini yerinə yerinə yetirməkdə çətinlik çəkir və buna görə də işini itirmək təhlükəsi var. Hal-hazırda da şikayətçi olmaqla Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ rayon Polis İdarəsinə rsəmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X1 tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, 1.qərarın təsviri hissəsində göstərilənlərə əsasən yol nəqliyyatı hadisəsi faktı üzrə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuş sürücü Şəxs hərəkətlərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən edildiyindən materiallar üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmiş, 2.sürücü Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 327.8-ci maddəsi ilə inzibati qaydada cəzalandırılmasından ötrü materialların inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilməsindən ötrü qərarın surəti Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi, 3.qərarın surətinin maraqlı tərəflərə göndərilməsi, 4.qərarın surətinin nəzarət qaydasında Qaradağ rayon prokuroruna göndərilməsi, 5.toplanmış materialın saxlanılması üçün Qaradağ RPİ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin Qaradağ rayon Şöbəsinin 16 yanvar 2025-ci il tarixli, 805 saylı “canlı şəxsin ekspertizası” ekspert rəyindən görünür ki,

1. Vǝt. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sol aşıq-baldır oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sol baldır nahiyəsinin və sol aşıq-baldır oynağı nahiyələrinin yumşaq toxumalarının qançır şişkinlik halında əziyi və sol baldır nahiyəsinin dərialtı hematomasi, sol çiyin, sol dirsək, sol mil-bilǝk, sol bud-çanaq və döş qəfəsinin nahiyələrənin yumşaq toxumalarının aziyi bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zǝrǝrvurmaya aid edilir.

2. Vǝt. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkətdə olan minik avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdilər. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də zərərçəkmiş şəxslə hər hansı bir barışıq əldə edilməməsini və inzibati xəta törətmiş şəxs tərəfindən buna hər hansı formada cəhd belə göstərilməməsini, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 08 (səkkiz) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxsə izah edilsin ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə inzibati xəta törətmiş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar