Məhkəmə qərarları › İş №3(002)-2461/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2461/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2461/2024 16.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 08 avqust 2024-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, Şəxs ASC 17600.00 ABŞ dolları məbləğində vəsaiti 05 iyul 2022-ci il tarixdə xaricə köçürmüş və iki il müddət keçsə də 17600.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 06 iyul 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə həmin təşkilat barəsində barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nın etibarnamə üzrə nümayəndəsi X3 Şəxs ASC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, Şəxs ASC ilə Gürcüstanın “Kemex İnternational Limited Liability Company” şirkəti arasında imzalanmış 24 iyun 2022-ci il tarixli müqaviləyə əsasən QOST 22551-77, BC- 030-B markalı 200 ton kvars qumu, 1 tonun miqdarı 176 ABŞ dolları olmaqla, 17600 ABŞ dolları məbləğində malların ölkəyə gətirilməsi barədə razılıq əldə olunmuşdur. Müqaviləyə əsasən “Kemex İnternational Limited Liability Company” qeyd olunan malları ölkəyə vaxtında idxal etmişdir. Həmin müqaviləyə uyğun olaraq yuxarıda qeyd olunan kvars qumu ölkəyə gətirilmişdir, lakin həmin dövrdə “Kemex İnternational Limited Liability Company” şirkəti ilə bir neçə alqı-satqı müqaviləsi bağlandığından həmin ödənişlə bağlı Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, e-2-2(113)-3005/2023 saylı qətnaməsində də bu fakt öz təsdiqini tapmışdır. O öz izahatında təmsil etdiyi şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, Şəxs ASC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 məhkəmə baxışı zamanı təqdim etdiyi Bakı Kommersiya Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli, e-2-2(113)- 3005/2023 saylı qətnaməsindən aydın olur ki, iddiaçı “Kemex İnternational” LLC-nin cavabdeh Şəxs ASC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədə göstərilmişdir ki: “xx.xx.2022-ci il tarixli 015-22 saylı alqı- satqı müqaviləsinə 2 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (100 ton) və qiyməti (1 tonun qiyməti 176 ABŞ dolları olmaqla, ümumilikdə 17.600 ABŞ dolları olaraq) razılaşdırılmışdır.” “xx.xx.2022-ci il tarixli AZ022/22 nömrəli hesab-fakturadan (commercial invoice) görünür ki, “Kemex İnternational” LLC tərəfindən təqdim edilmiş malın (100 ton və 1 tonun qiyməti 176 ABŞ dolları olan (QOST 22551-77, BC -030-B markalı) kvars qumun ümumi dəyəri 17.600 ABŞ dolları təşkil edir.( alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətidir). “xx.xx.2022-ci il tarixli 016/22 saylı alqı-satqı müqaviləsinə 1 saylı əlavə olan xx.xx.2022-ci il tarixli qiymətlərin razılaşdırılma protokoluna əsasən sözügedən müqvailədə nəzərdə tutulan malların adı (QOST 22551-77, BC-030-B markalı kvars qumu), miqdarı (100 ton) və qiyməti (1 tonun qiyməti 176 ABŞ dolları olmaqla ümumilikdə 17600 ABŞ dolları olaraq) razılaşdırılmışdır. Həmin qətnamədə daha sonra göstərilmişdir ki: “ xx.xx.2023-cü il tarixli 1 nömrəli üzləşmə aktından görünür ki, 2022-2023-cü illəri əhatə edən dövrdə “Kemex İnternational” LLC tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verilmiş müxtəlif çəkidə kvars qumlarına görə müxtəlif vaxtlarda ödəniş edilmiş və 27 fevral 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin “Kemex İnternational” LLC-yə olan borc məbləği ******* rus rublu təşkil edir.(ABŞ dolları üzrə borc yoxdur). Məhkəməyə təqdim 24 iyun 2022-ci il tarixli 016-22 saylı alqı-satqı müqaviləsindən aydın olur ki, "xxxx" ASK şüşə MMC-nin (VÖEN **********) direktoru Cüneyt Cebeci şəxsində, bir tərəfdən və bundan sonra “İcraçı” adlanan Gürcüstarn Respublikasında qeydiyyatdan keçmiş Kemex İnternatonal LLC-nin (İD 4********) direktoru X2 şəxsində digər tərəfdən Azərbaycan Respublikasında qüvvədə olan qanunverciliyə müvafiq olaraq aşağıdakılar barəsində razılığa gəlirlər; 1.1 İcraçı ümumi hcəmi QOST 22551-77, BC-030- B markalı 200 ton kvars qumu sifarişçiyə çatdırır. 1.2 Sifarişçi Müqavilənin ayrılmaz hissəsi sayılacaq qiymətlərin razılaşdırma prootkollarında göstərilən miqdarda kvars qumunun dəyətini İcraçıya ödəyir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən “Kemex İnternational LLC”-yə 05 iyul 2022-ci il tarixdə köçürülmüş 17600.00 ABŞ dolları məbləğində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxal edilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs ASC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs ASC-nin 08 avqust 2024-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar