Məhkəmə qərarları › İş №3(002)-2472/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2472/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2472/2023 15.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 23 oktyabr 2023-cü il tarixli EQ 17619903 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 23 oktyabr 2023-cü il tarixli EQ 17619903 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYP-nin xx.xx.2023-cü il tarixli EQ 17619903 saylı qərarına əsasən o, İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 300 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil. Belə ki, həmin qərarda qeyd edilir ki, o, xx.xx.2023-cü il tarixdə saat 00:34-də Bakı-Qazax yolunun 29.5 ci km-də oğlu X1 idarə etdiyi “KİA CEED” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ərazidəki sürət limiti 70 km/saat olan yolda 82 km/saat surətlə hərəkət edərək, sürət həddini aşdığı üçün yol hərəkəti qaydalarını pozmuşdur. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 00:34-də o, “KİA CEED” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadığı üçün idarə etməmişdir, avtomobili oğlu X4 idarə etmişdir. O, heç bir qayda pozuntusu etməmişdir. O, avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməsə də barəsində əsassız olaraq İXM-nin 328.1-ci maddəsi ilə 300 manat cərimə olunmasına dair qərar qəbul etmişlər. Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 23 oktyabr 2023-cü il tarixli EQ 17619903 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq şəkildə məlumat verilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs və qərarından şikayət verilmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 23 oktyabr 2023-cü il tarixli EQ 17619903 saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, M.M.Mehdiyev xx.xx.2023-cü il tarixdə saat 00:34-də idarə etdiyi “KİA CEED” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolda müəyyən edilmiş hərəkət surətini 12 km/saat həddində aşmağa görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 0X00031B78 nömrəli kamera vasitəsilə qeydə alınmış fotoşəkildə xx.xx.2023-cü il tarixdə saat 00:34-də “KİA CEED” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün rəsmi aşkar şəkildə əks olunmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 23 oktyabr 2023-cü il tarixdə “KİA CEED” minik markalı **-BS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücünün kimliyi dəqiqləşdirilmədən inzibati xəta haqqında elektron qərar M.M.Mehdiyev barəsində qəbul edilmişdir. Eyni zamanda qərarı qəbul etmiş inzibati orqan tərəfindən nəqliyyat vasitəsinin məhz M.M.Mehdiyev tərəfindən idarə olunmasını sübut edəcək heç bir dəlil məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə sürücü on manat məbləğində cərimə edilməli olduğu halda M.M.Mehdiyev barəsində tərtib olunmuş qərarda sonuncu üç yüz manat məbləğində cərimə olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli EQ 17619903 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, X2 inzibati xəta törədilməsinə aidiyyəti olmadığına görə onun barəsində Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 23 oktyabr 2023-cü il tarixli EQ 17619903 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələblərinə əsasən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 23 oktyabr 2023-cü il tarixli EQ 17619903 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar