Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-2483/2024 16.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Şəxs etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, Şəxs Mənzil Tikinti Kooperativi barəsində İXM-nin 233.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs Mənzil Tikinti Kooperativinin İnzibati Xətalar Məcəlləsinin 223.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Tərtib edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 08 iyul 2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ hissəsində, Şəxs Mənzil Tikinti Kooperativi tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının yerləşdiyi torpaq sahəsində bünövrə qazıntısı zamanı atmosfer havasında tozun miqdarı ölçmə-analiz işləri zamanı ətraf mühit üçün yol verilə bilən hədd normasından artıq olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Nazirliyin 168 X6 rayonu, Qobu qəsəbəsi ünvanında yaşayan Xələfov Kərim adlı şəxs tərəfindən “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobu qəsəbəsi ərazisindəki idarəsinin arxasında yaşayış binasının tikildiyi, ekoloji normalara riayət olunmadığı, qazıntı işlərinin getdiyi və hər tərəfin toz-torpaq olduğu” məzmunlu daxil olmuş müraciət məktubu X8 Monitorinq İdarəsinin əməkdaşlarının və Şəxs MTK ərazi üzrə sahə rəisi kimi özünü təqdim edən Ramil Abdullayevin iştirakı ilə tərəflərindən yerində araşdırılmışdır. Araşdırmada iştirakını təmin etmək məqsədilə müraciət məktubunda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlanılan zaman vətəndaş Xələfov Kərim ərazidə aparılan qazıntı işləri zamanı yaranan toz-torpaqdan şikayətçi olduğunu bildirərək qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Araşdırma zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ hissəsində Şəxs MTK-nın (VÖEN:**********) icazə əsasında istifadəsinə verilmiş hər biri 2 ha olmaqla ümumilikdə 4 ha torpaq sahəsində yaşayış binalarının tikintisi ilə əlaqədar qazıntı işlərinin aparıldığı müəyyən olunmuşdur. Araşdırma zamanı MTK-nın ərazi üzrə sahə rəisi, Bakı şəhər İcra Hakimiyyətinin başçısının sərəncamı, X3 Agentliyinin rəisinin çıxarışını təqdim etmişdir. Tərəflərindən əraziyə keçirilən vizual baxış zamanı qazıntı işləri zamanı toz-torpağın qarşısının alınması məqsədilə sulama işlərinin aparılmadığı və ərazidə böyük miqdarda tozun yayıldığı müşahidə edilmişdir. X8 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən Şəxs MTK-nın ərazi üzrə sahə rəisi, Ramil Abdullayevin iştirakı ilə atmosfer havasında tozun miqdarının müəyyənləşdirilməsi məqsədilə ölçmə-analiz işləri aparılmış, aparılan ölçmə-analiz işləri zamanı tozun miqdarının ətraf mühit üçün yol verilən hədd normasından artıq olduğu müəyyən olunaraq xx.xx.2024-cü il tarixli, 002094 №-li monitorinq aktı tərtib olunmuşdur. Aşkar olunmuş faktla əlaqədar olaraq MTK-nın nümayəndəsi və “Atmosfer havasının mühafizəsi” haqqında Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu ekoloji ekspertiza rəyinin tələblərinə riayət olunmadığı bildirilərək akt tərtib olunacağı qeyd edilsə də Ramil Abdullayev aktın tərtib olunmasında iştirak etməkdən imtina etmişdir. Araşdırma müddətində əldə olunan sənədlər sərəncam, çıxarış, ekspertiza rəyi, xx.xx.2024-cü il tarixli 002094 №-li monitorinq aktı ərazidən çəkilən fotoşəkillər akta əlavə edilmişdir. Odur ki, Şəxs İXM-nin 233.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs Mənzil Tikinti Kooperativinin etibarnamə üzrə nümayəndəsi X4 öz izahatında elektron qaydada yerləşdirilmiş ərizədə göstərdiklərini təsdiq edərək və təmsil etdiyi şirkət barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya va Təbii Sərvətlər Nazirliyi 11 X5 və Təbii Sərvətlər İdarəsi "xxxx" MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərmişdir. Həmin inzibati xata haqqında protokola əsasən 11 X5 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunun sağ tərəfindən "xxxx" MTK tərəfindən inşası nəzərdə tutulmuş yaşayış binalarının yerləşəcəyi 2,0 ha torpaq sahəsində qazıntı işlərinin aparıldığı zaman toz-torpağın qarşısının alınması məqsədi ilə sulama işlərinin aparılmadığı va bu səbəbdən tozun yayıldığı müşahidə edilmişdir. Bu səbəbdən "xxxx" MTK barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Aşağıda qeyd etdikləri səbəblərdən inzibati protokolun qanuni və asaslı olmadığını qeyd edirlər. Belə ki, iş materiallarına asasən inzibati hüquq pozuntusu ilə bağlı yeganə sübut kimi kooperativə aid ərazidə torpaq dolu yük maşınlarının müxtəlif rakusrlardan çəkilmiş foto şəkilləri əks edilmişdir. Lakin həmin foto şəkillərdən göründüyü kimi kooperativə bina tikintisi üçün ayrılmış torpaq sahəsində bünövrə işləri üçün torpaq qatının qazılması həyata keçirilir ki, bu hal da tam təbii bir tikinti prosesidir. Yəni ki, yüksək mərtəbəli binanın özülü üçün torpaq qatı müəyyən səviyyədə qazılmalıdır ki, bu fəaliyyət də aidiyyəti orqanların, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi müsbət rəyi əsasında həyata keçirilimişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müsbət rəyi olduğu halda onun tabeliyində olan 11 X5 İdarəsinin əməkdaşları tərəfindən əsassız rəy tərtib edilməsi başa düşülən deyil və bir nazirlik daxilində bir-birini təkzib edən qərarların qəbul edilməsini özündə əks etdirir. Bu fakta da həmin qurumun əməkdaşları yanlış qiymət verərək bina tikintisi üçün ayrılmış ərazidə bünövrə işləri görülərkən torpaq qazılarkən toz-torpağın qarşısının alınması məqsədi ilə sulama işlərinin aparılmadığı və bu səbəbdən tozun yayıldığı qənaətinə gəlmişlər. Bu faktı təsdiq edəcək hər hansı digər mənbəyə və yaxud şahid ifadələrinə istinad edilmədən kooperativə ayrılmış ərazi daxilində aparılan bünövrə işlərini düzgün qiymətləndirməmişdir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Belə ki, inzibati orqanın əməkdaşları faktiki halları düzgün qiymətləndirmiş olsaydı iş üzrə torpaq sahəsinin ayrılması barədə protokolu tərtib edən qurumun yuxarı təşkilatı hesab edilən Ekologiya və Təbii Sərvəllər Nazirliyi tərəfindən həmin tikinti işlərinin ekoloji tələblər çərçivəsində aprılmasına dair verdiyi müsbət ekspertiza rəyini nəzərə almalı idi. Eyni zamanda protokol tərtib edərkən həmin qurum əməkdaşları həmin ərazidə aparılacaq tikinti fəaliyyəti ilə bağlı aparılmış məcburi X3 rəyinin 3-cü bölməsində də "planlaşdırlan tikinti ilə əlaqədar ən çox təsirlərə məruz qalan atmosfer havası qeyri-üzvü tozlar olması və bunun da zəruri texnoloji proseslər olaraq ətraf mühitə qısa müddətli və lokal xarakterli olması səbəbi ilə ətraf mühit üçün ciddi risklər yaratmayacağı qeydini nəzərə almamışlar. Belə ki, iş üzrə yeganə sübut kimi materiala əlavə edilmiş fotoşəkildən göründüyü kimi yük maşınları qazıntı materiallarını daşımaqla məşğul olmuşdur. Bu şəkillərdə hər hansı bir toz-torpağın yayılmasını təsdiq edəcək bir sübut olmamışdır. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi inzibati protokol tərtib edən qurum iş materiallarını araşdırmadan subyektiv mövqeyinə əsaslanaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. O öz izahatında daha sonra göstərmişdir ki, istər 08 iyul 2024-cü il tarixdə ərazidə guya monitorinq keçirilən zaman, istərsə də 23 iyul 2024-cü il tarixdə şirkət barəsində protkol tərtib edilən zaman şirkətin hər hansı bir səlahiyyətli nümayəndəsi iştirak etməmişdir. Yəni, həqiqətən də ölçmə işləri aparılan zaman tozun miqdarının normadan artıq olmasını müəyyən edən akt tam qanunsuzdur. Belə ki, təqdim edilmiş sənədlərdən aydın olur ki, şikayət 21 iyun 2024-cü il tarixdə edilmiş, monitorinq isə 08 iyul 2024-cü il tarixdə aparılmışdır. Belə çıxır ki, qeyd edilən toz dayanmadan hər gün davam edir. Ancaq yeganə sübut kimi işə əlavə edilmiş fotoçəkillərdən də göründüyü kimi hər hansı tozun olması müşahidə edilmir. Əgər həqiqətən də belə bir tozun olması müşahidə edilirdisə qarşı tərəf ən azından videogörüntüdən istifadə etməklə bu hadisəni çox sadə formada sənədləşdirə bilərdi. Təmsil etdiyi şirkətin nümayəndəsinin iştirakı olmadan X8 Monitorinq İdarəsinin tərtib etdiyi 08 iyul 2024-cü il tarixli akt tam qanunsuz və əsassızdır. Həmin akt istənilən yerdə, istənilən formada tərtib edilə bilər, həmin aktın məhz göstərilən tarixdə və göstərilən ərazidə tərtib edilməsini müəyyən edən heç bir sübut yoxdur. Bundan başqa qeyd edilən ərazidə təmsil etdiyi şirkətdən başqa digər şirkətlər də tikinti-quruculuq işlər ilə məşğul olurlar. Belə olan halda şəkildə qeyd olunmuş ərazinin Şəxsnə aid olmasını göstərmək düzgün deyildir. Protokolda və aktda qeyd edilən “Ramil Abdullayev” adlı onların işçisi yoxdur. Bundan başqa şirkət tərəfindən aparılan qazıntı işləri zamanı əvvəlcədən tozun qarşısının alınması məqsədilə su ilə dolu maşınlar ərazidə olmaqla lazımi sulama işlərini həyata keçirirlər. Odur ki, bütün bunların nəzərə alınaraq təmsil etdiyi şirkət barəsində İXM-nin 233.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs törətdiyi inzibati xəta sübuta yetirilmədiyinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində göstərilir ki, ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı Şəxs qeyd edilən vaxtda və ona məxsus ərazidə fəaliyyət göstərərkən həqiqətən də İXM-nin 233.1-ci maddəsində göstərilən inzibati xətanı törətməsini müəyyən etmək mümkün deyildir. Belə ki, bu faktı müəyyən edə biləcək yeganə sübut növü kimi iş materiallarına əlavə edilmiş fotoşəkillərdən inzibati xətanın törədilməsini müəyyən etmək mümkün deyildir. Belə ki, inzibati araşdırma zamanı şirkətin hər hansı slahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş və ən əsası göstərilən vaxtda Şəxs MTK-ya məxsus ərazidə ölçmə işlərinin həqiqətən də aparılmasını sübut edə biləcək adi bir videogörüntüdən belə istifadə edilməmişdir. Çünki barəsində protokol tərtib edilmiş tərəfin nümayəndəsi iştirak etmədiyi təqdirdə, törədilməsi ehtimal olunan inzibati xətanın xarakteri həmin inzibati pozuntunun yalnız fotoşəkillər vasitəsilə sübuta yetirilməsini qeyri-mümkün edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 100.5-ci maddəsində göstərilir ki, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Lakin iş materiallarına bir neçə ədəd qeyri-müəyyən fotoşəkillər əlavə edilməklə kifayətlənilmişdir. Göründüyü kimi inzibati xəta müəyyən edilərkən başqa hər hansı bir mötəbər sübutlardan istifadə edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, törədilməsi ehtimal olunan inzibati xəta hadisənin həqiqətən də baş verməsi və həmin pozuntunun Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsndə qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 233.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114-115 və 128-129-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ Şəxs Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-2483/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-2483/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver